“Qanunvericiliyə əsasən, gələn ildə də pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək. Bununla 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək”.
Gələn il pensiyaların indeksasiyası üçün ayrılan vəsaitin həcmi məlum olub
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı bildirib.
Millət vəkili qeyd edib ki, bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək: “2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək. Belə ki, bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093 manata çatıb. İlkin gözləntilərə əsasən, gələn ildən pensiyalar təxminən 9.2 faiz artırılacaq.
DSMF-in dövlət büdcəsindən asılılığının daha da azaldılması üçün yığım potensialının artırılması ilə bağlı işlərin daha da sistemləşdirilməsi və bununla bağlı konkret tədbirlər planının hazırlanmasını təklif edirəm.
İşsizlikdən sığorta fondunun büdcə layihəsi təqdim edilən zaman aktiv sosial proqramlara yönəldilən vəsaitlərin səmərəliliyi ilə bağlı ayrıca arayış da təqdim olunsun. Xüsusən də, özünəməşğulluq proqramının nəticələrinin mütəmadi dövrlər üzrə qiymətləndirilməsi məqsədəuyğundur.
İşsizlikdən sığorta fondunun vəsaitlərindən sığorta məqsədi ilə daha çox istifadə olunması üçün bu sığortadan istifadə qaydalarına yenidən baxılsın və meyarların sayı artırılsın. İşsizlikdən sığorta fondunun büdcəsində saxlama xərclərinin maksimum həddi müəyyənləşdirilsin və xərclərin optimallaşadırılması həyata keçirilsin”.










