Azərbaycanda hüquq mühafizə orqanlarına etibar etməyənlərin sayı, bu qurumlara etibar edənlərin sayını üstələyir.
FED.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda məlum olub.
«Azərbaycanda əhalinin cinayət və qanunazidd digər hərəkətlərdən zərər çəkməsi və aidiyyəti qurumlara müraciəti» mövzusunda keçirilən sorğuda aydın olub ki, hüquq mühafizə orqanlarının bütün qurumlarında etibar etməyənlərin sayı edənlərin sayını üstələyir.
Belə ki, polis orqanarına etibar edənlər 45,1%, etibar etməyənlər 50,9% təşkil edib.
Yeri gəlmişkən, hələ bu göstərici ilə də polis – əhali arasında ən çox etibar edilən qurumdur.
Digər qurumlarda etibar səviyyəsi daha aşağıdır. Prokurorluq, məhkəmə, digər nəzarət qurumları, hətta rayon icra hakimiyyətlərinə hər 3 nəfərdən yalnız biri etibar edir.
Belə ki, sorğunun nəticələrinə əsasən
Prokurorluq orqanlarına 36,3% etibar edir, 40,7% etibar etmir.
Əhalinin etibarı sahəsində məhkəmələr mənfi mənada irəlidədir.
Məhkəmələrə 34,2% etibar edir, 46,8% etibar etmir.
Aidiyyətli məsul-nəzarətedici orqanlara 35,4% etibar edir, 46,7% etibar etmir.
Yerli icra hakimiyyətinə isə 36,8% etibat edir, 47,6% etibar etmir.
Azərbaycanda son illər nəzarətedici funksiyanı yerinə yetirən yeni agentliklərin yaradıldığını nəzərə alaraq, respondentlərin həmin agentliklərə etibarı da ölçülüb. 36.8% həmin agentliklərə etibar etsə də, 56% etibar etmir. Sorğuda söhbətin hansı agentlikdən getdiyi açıqlanmasa da, hazırda nəzarət funksiyaları daha çox hiss olunan agentlik Qida Təhlükəsizliyi Dövlət Agentliyidir.
Sorğuda digər respondentlər cavab verməyə çətinlik çəkiblər.