Azərbaycanda oktyabr ayının 1-i vəziyyətinə ünvanlı dövlət sosial yardım alanların sayı və 1 nəfərə düşən sosial yardımın məbləği məlum olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Ölkə üzrə ümumilikdə 283 min 901 nəfər ailə üzvü ünvanlı dövlət sosial yardımı alıb ki, 1 nəfərə düşən yardımın orta aylıq məbləği 111,3 manat təşkil edib.
Ən çox yardım alanların sayında Bakı şəhəri 40 min 581 nəfərlə Bakı birinci, 12 min 814 nəfərlə Masallı rayonu ikinci, 12 min 131 nəfərlə Tovuz rayonu üçüncü yerdədir.
Lənkəran rayonunda 11 min 213 nəfər ailə üzvü ünvanlı sosial yardım alır.
Yardımlı rayonunda 10 278, ölkənin ikinci ən böyük şəhərində 7 767 nəfər, Naxçıvan MR-da isə 7 234 nəfərə ünvanlı sosiaı yardım verilir.
Sumqayıt şəhəri siyahıda 7 min 190 nəfərlə 8-ci, Kürdəmir rayonu 6 min 987 nəfərlə 9-cu, Salyan rayonu 6 min 934 nəfərlə 10-cu yerdədir.
Ən az yardım alan rayonlar Xankəndi şəhəri (118 nəfər), Naftalan şəhəri (294 nəfər) və Xızı rayonlarıdır (343 nəfər).
Rayonlar üzrə 1 nəfərə düşən ən çox sosial yardım məbləği Oğuzdadır. Bu rayonda aylıq ünvanlı dövlət sosial yardımın məbləği 118,7 manat təşkil edir.
Oğuzdan sonra ən yüksək orta aylıq dövlət sosial yardımı Qobustan rayonunda verilib ki, bu rayonda orta aylıq sosial yardımın məbləği 116,94 manat olub.
Bundan başqa ən yüksək sosial yardımın verildiyi şəhər və rayonlar arasında Balakən (115,07 manat), Cəlilabad (114,75 manat), Ağstafa (114,33 manat), İsmayıllı (114,05 manat), Samux rayonu (113,86 manat) rayonları da daxildir.
Zaqatala və Şəmkirdə yardımın məbləği 113,79 manat, Lerik və Xızıda 113,74 manat, Göyçayda 113,53 manat təşkil edib.
Sosial yardımın verildiyi ən aşağı məbləğlər üzrə 106,30 manatla Füzuli rayonu, 106,75 manatla Şirvan şəhəri və 106,78 manatla Cəbrayıl rayonları qərarlaşıb.