Əmək Məcəlləsinə əmək münasibətlərinə dair xüsusi maddə daxil edilir.
FED.az xəbər verir ki, Milli Məclisə bu barədə qanun layihəsi daxil olub.
Eləcə də bax: Tikintidə 67 nəfərin əmək müqaviləsi olmadan çalışdığı - Aşkar Edilib
Əmək Məcəlləsinə təklif edilən 4.1-ci maddəyə əsasən, əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlərdir.
Eyni zamanda Əmək Məcəlləsinin əmək münasibətlərində əsaslandığı prinsiplər sırasına daha bir prinsip əlavə olunur. Əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi bu prinsiplər sırasına daxil edilir.
Qeyd edək ki, bir sıra hallarda işəgötürənlər vergi və əməyin mühafizəsi sahəsində öhdəliklərindən yayınmaq məqsədilə mövcud əmək münasibətlərini qeyri-qanuni olaraq mülki-hüquqi müqavilələrlə rəsmiləşdirirlər. Bu cür halların qarşısının alınması və işəgötürənlərin əmək münasibətləri ilə bağlı daha geniş formada məlumatlı olması məqsədilə Əmək Məcəlləsində əmək münasibətlərini xarakterizə edən amillərin müəyyən edilməsi məqsədəmüvafiq sayılıb. (Apa)