Azərbaycan qanunvericiliyində hərbi xidmətə gedən işçilərin əmək hüquqları ilə bağlı müəyyən təminatlar nəzərdə tutulur.
Eləcə də bax: İcbari tibbi sığortadan - KİMLƏR YARARLANA BİLMƏZ?
FED.az xəbər verir ki, mövzu ilə əlaqədar sual doğuran məsələləri “vergiler.az”a sərbəst auditor Altay Cəfərov şərh edib.
Əmək Məcəlləsinin Məcəllənin 74-cü maddəsinə əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda;
ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə.
Əmək Məcəlləsinin 77-9-cu maddəsində isə əmək müqaviləsinə xitam verilən işçilərin təminatları təsbit edilib. Həmin maddədə göstərilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.
Beləliklə:
- işçi hərbi xidmətə çağırıldıqda əmək müqaviləsinə Əmək Məcəlləsinin 74(a) maddəsinə əsasən xitam verilir;
- hərbi xidmət məsələləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla tənzimlənilir;
- hərbi xidmətin növlərindən biri də müddətli həqiqi hərbi xidmətdir;
- müddətli həqiqi hərbi xidmət hər il 4 dəfə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidmətə çağırılmasıdır;
- Əmək Məcəlləsinin yuxarıda istinad etdiyimiz maddələrinə görə, ümumi hərbi xidmətə çağırılanlara yox, müddətli həqiqi hərbi xidmətə getmiş işçilərə xüsusi təminatlar verilir;
- müddətli həqiqi hərbi xidmətə gedən işçilərin iş yeri və vəzifəsi saxlanılır;
- həmin işçilər hərbi xidmətdən sonra 60 təqvim günü müddətində həmin vəzifəyə və ya analoji vəzifəyə qayıda bilər.
- Bəs işəgötürən işçinin həqiqi hərbi xidmətdə olduğu müddətdə həmin vəzifəyə başqa bir şəxsi işə qəbul edə bilərmi?
- Həmin vəzifəyə başqa bir şəxs müddətli və ya müddətsiz işə qəbul edilə bilər. Əsgərlikdə olan işçinin yerinə müddətsiz işçi qəbul edildikdə əsgərlikdən qayıdan işçi analoji vəzifəyə təyin edilir.
- Bəs Əmək Məcəlləsinin 74(ə) maddəsi digər maddələrlə - 74(a) ilə və 77.9-cu maddələrlə uyğunsuzluq təşkil etmirmi?
- Qeyd edək ki, Məcəllənin 74-cü maddəsi tərəflərin iradəsindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsinin əsaslarını təsbit edir. Odur ki, 74(ə) maddəsi də əmək müqaviləsinin xitamı ilə bağlıdır və xitamın nəyə əsaslandığını bildirir.
Əmək Məcəlləsinin 77.9-cu maddəsinə görə, müddətli həqiqi hərbi xidmətə gedən işçinin iş yeri və vəzifəsinin saxlanılması işəgötürənin öhdəliyidir. Eyni zamanda, işçi hərbi xidmətdən qayıdan zaman öz iş yerinə və vəzifəsinə qayıtmaq istədikdə işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Bu hal işəgötürən həmin vəzifəyə başqa bir şəxsi təyin etdikdə və həmin vəzifədə başqa bir şəxsin işləməsinə israrlı olduqda baş verir.
Həmin vəzifənin ümumiyyətlə ştatda olmadığı hal da mümkündür. Yəni ola bilər ki, işəgötürən həmin vəzifəyə başqa bir işçini qəbul etdiyinə görə müddətli hərbi xidmətdən qayıdan işçinin həmin vəzifəyə yenidən qayıtmasını istəməsin. Bu halda işəgötürən müddətli həqiqi hərbi xidmətdən qayıdan işçini analoji bir vəzifəyə təyin etməlidir. Hərbi xidmətdən qayıdan işçi bununla razılaşmadıqda isə digər təminatlarla, Əmək Məcəlləsinin digər maddələrinə əsasən işdən azad edilə və ya öz razılığı ilə başqa bir vəzifəyə keçirilə bilər.
Nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 74(ə) maddəsi işəgötürənə işçi iş yerində olmadığı müddətdə onun vəzifəsinə daha yaxşı bir mütəxəssis cəlb etmək və həmin mütəxəssisi saxlamaq hüququnu verir. Bununla yanaşı, vəzifə ümumiyyətlə olmadıqda işəgötürənin işçini yenidən işə qəbul etməmək hüququ da saxlanılır.
Yaxşı olardı ki, işəgötürənlər əmək hüquqları ilə bağlı mübahisələrə yol verməmək üçün müddətli həqiqi hərbi xidmətdə olan işçilərin iş yerlərini və vəzifələrini saxlasınlar.