1992-2016-cı illərdə 4406 Azərbaycan vətəndaşı Almaniya vətəndaşlığı alıb.
FED.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Almaniyanın Federal Statistika İdarəsindən bildiriblər.
Azərbaycan vətəndaşlarına Almaniya vətəndaşlığı verilməsi ilə bağlı ən yüksək göstərici 2006-cı ildə qeyd alınıb. Həmin il 398 azərbaycanlı Almaniya pasportu alıb. Bu sahədə ən aşağı göstərici isə 1996-cı ilin payına düşür. Belə ki, qeyd edilən il cəmi 2 nəfər Azərbaycan vətəndaşı Almaniya pasportu əldə edib.
Məlumata görə, Almaniya vətəndaşlığı alan şəxslərin 2244 nəfəri, yaxud 50,9%-i qadın, 2162 nəfəri, yaxud 49,1%-i isə kişidir.
Federal Statistika İdarəsinin məlumatına görə, 1996-cı ildə Azərbaycan vətəndaşı olan qadınlardan Almaniyada vətəndaşlığı alan olmayıb. Bu cəhətdən ən yüksək göstərici isə 2006-cı ildə qeydə alınıb. Qeyd edilən dövrdə 186 azərbaycanlı qadın bu ölkənin pasportunu əldə edib.
Kişilərlə bağlı ən aşağı göstərici 1994-cü ildə, ən yüksək nəticə isə 2006-cı ildə qeydə alınıb. Belə ki, həmin illərdə müvafiq olaraq 1 və 212 azərbaycanlı kişi Almaniya vətəndaşlığı alıb.