2016-cı ilin 3-7 oktyabr tarixlərində Belarusun paytaxtı Minskdə Avropa İttifaqının Statistika Bürosunun təşkilatçılığı ilə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin statistika təşkilatlarının rəhbərliyi üçün “Rəsmi statistikanın təkmilləşdirilməsi” mövzusunda yüksək səviyyəli seminar və BMT-nin Statistika şöbəsinin təşkilatçılığı ilə “Rəsmi statistikanın islahatlar proqramı”na dair konfrans keçirilir.
Bu barədə Fed.az-a Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Tədbirlərdə ölkəmizi Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Komitənin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev təmsil edirlər.
Avrostat tərəfindən təşkil edilmiş seminarda Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində keyfiyyətin idarə edilməsi sahəsində baş vermiş son yeniliklər haqqında məlumat verilib, Avrostatla bu ölkələr arasında əməkdaşlığa, o cümlədən milli statistika sistemlərinin qlobal qiymətləndirilməsinə, dayanıqlı inkişaf sahəsində monitorinqə dair məsələlər müzakirə olunub. İştirakçı ölkələrin nümayəndələri və seminarın işinə cəlb edilmiş ekspertlər üstün təcrübələr haqqında məlumat veriblər. Cari ilin 12-16 sentyabr tarixlərində Avrostat, BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən Azərbaycanda keçirilmiş Qlobal Qiymətləndirmə haqqında məlumat verən Avrostatın nümayəndəsi Dövlət Statistika Komitəsinin bu tədbirə yüksək səviyyədə hazırlaşdığını vurğulayıb, qiymətləndirmədə müşahidəçi kimi iştirak etmiş Belarus və Moldova respublikalarının nümayəndələri isə bu tədbirə hazırlaşan ölkələrə Azərbaycanın təcrübəsindən yararlanmağı tövsiyə ediblər.
“Rəsmi statistikada islahatlar”konfransı BMT-nin “Dayanıqlı inkişaf – 2030” proqramına dəstək məqsədi ilə rəsmi statistikaya olan ehtiyacın ödənilməsində yeni təşəbbüslərin öyrənilməsinə yönəldilib. Bu məqsədlə tədbirdə rəsmi statistikanın transformasiyasına, məlumatların toplanması, emalı və yayılmasında mütərəqqi informasiya texnologiyalarına dair qabaqcıl təcrübələr haqqında ətraflı məlumat verilib.
Seminar və konfransda Dövlət Statistika Komitəsinin nümayəndələri təqdimatla çıxış edərək ölkə təcrübəsini bölüşüblər.
Dövlət Statistika Komitəsinin nümayəndələri Minskdə tədbirlərə qatılıb
10:56
6 Okt 2016