İşçilərin istehsalatda bədbəxt hadisələrdən sığortalanması ilə bağlı bir qədər əvvəl dövlət qurumları və sığorta şirkətləri arasında bağlanan müqavilə «Paşa Həyat»ın yığımlarını kəskin artıracaq. Bu barədə FED.az-a «Paşa Həyat» sığorta şirkətinin idarə heyətinin sədri Niyaz İsmayılov bildirib.
Xatırladaq ki, sentyabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
FED.az xəbər verir ki, memorandumda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi, icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi əksini tapıb.
Bu əməkdaşlığın ən böyük nəticəsi sığortalanmayan işçilərin aşkar edilərək onların həyatının sığortalanması olacaq. Bu yenilik işçilərin hüquqlarının müdafiəsi ilə yanaşı, həyat sığortası şirkətlərinin yığımlarını da kəskin artırmalıdır.
N.İsmayılov da FED.az-a bildirib ki, müqavilənin nəticəsində «Paşa Həyat»ın yığımları azı 20-30% yüksələcək: «Mən hətta buna konservativ yanaşaraq 20-30% gözləyirəm».
Şirkət rəhbərinin fikrincə, dəyişiklik özünü təkcə yığımların artımında deyil, şirkətlərdə əməliyyat proseslərinin yüngüləşdirilməsinə də təsirini göstərəcək: «Çünkü artıq bütün sistem planlaşdırılıb və iş tamamilə elektron formada həyata keçirləcək».
N.İsmayılovun sözlərinə görə, yeni müqavilə nəticəsində işçilərin hüquqları da qorunacaq: «işçilərin hüququ deyəndə burda əməyin mühavizəsi illə bağlı işlər də aiddir, çünkü bu yığılan vəsaitlər sırf əməyin mühafizəsinə sərf olnacaq və bu da işçilərin təhlükəsizliyinin daha da artmasına təsir edəcək.