“Sosial sığorta haqqında” qanuna dəyişikliklər edilməsi təklif edilir.
FED.az xəbər verir ki, qanunun 20-ci maddəsinə (Məcburi dövlət sosial sığortası vəsaitlərinin mənbələri) təklif edilən dəyişikliyə görə, bu qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən və bu qanunun 19.1-ci maddəsində nəzərdə tutulan fonda daxil olan maliyyə sanksiyası məbləğinin 43 faizi və sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 23 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Qeyd edək ki, hazırda qüvvədə olan qanunun tələbinə əsasən, Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası məbləğinin 50 faizi və sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 30 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Qafqazinfo