Azərbaycanın sığorta bazarı, daha dəqiqi sığorta satışı sektoru ciddi dəyişikliklər ərəfəsindədir.
FED.az xəbər verir ki, ölkənin əsas ödəmə portalı olan hesab.az bu sahədə də gücünü sınamaq niyyətindədir.
Son günlər şirkət bu sahədə geniş reklam kampaniyasına başlayıb. Kampaniyada müştərilərə sığorta müqaviləsinin bitdiyi arixi göstərərək öz məlumatlarını hesab.az-a göndərmək təklif edilir.
Bu zaman uğurlu müştərilər «iPhone X» qazanacaqlar. Amma ən əsası bütün müştərilər barədə sığorta məlumatları hesab.az-da toplanır və müqavilənin müddətinin başa çatmasına az qalmış onlara sığorta almaq təklif edilir. Hesab.az portalının göstərdiyi xidmətlərin çeşidini, müştəriləri sayını və geniş əhatə kütləsini nəzərə aldıqda, bu yeniliyi sığorta satışı sektorunda mühüm dəyişikliklərin başlanğıcı saymaq olar. Hesab.az-ın rəhbəri Fərid İsmayılzadə FED.az-a bildirib ki, şirkət sığorta agenti kimi fəaliyət göstərir.
Bununla bağlı lisenziya bir neçə il əvvəl alınıb: «Əslində sığorta agenti kimi satışlara bir il əvvəl başlamışıq, və 2 şirkətin şığorta məhsullarını satırıq Amma bazarda payımız çox kiçikdir – 0,001%». İndi isə şirkət imkanlarımızdan tam istifadə etməklə bazarın 10%-ni ələ keçirmək niyətindədir. F.İsmayılzadənin sözlərinə görə, yeni reklam kampaniyasının da məqsədi müştərilər haqqında məlumat toplamaq və sığorta müqaviləmsinin bitməsinə az qalmış istifadəçilərə SMS, email və hesab.azda müxtəlif pop up bannerlər vasitəsi ilə yeni sığorta təklif etməkdir.
Bu bazadan bezdirici zənglər üçün hec vaxt istifadə edilməyəcək. Qeyd edək ki, hesab.az-ın bu gedişi sığorta bazarında ənənəvi satışlarla məşğul olan agentlərin narazılığına səbəb olub. Bu agentlər hesab.az-ı uduş kampaniyası adı ilə müştərilərin məlumatlarını ələ keçirmək istəyində ittiham edib: «iPone 10 hədiyyəsi adi ilə müştərilərin məlumatini toplamaq,qanunsuz baza yaratmaq, sigorta sirri və müştəri bazasinin ələ kecirilməsinə hesablanib və tam qanunsuz fəaliyyətdir»-deyə sığorta agenti bildirib.
Vətəndaşları öz məlumatlarını başqa agentlərlə paylaşmamağa çağıran agent bildirir ki: «iPhone 10 udmaq boş bir xəyaldir. Öz narahatciliginiza daha böyük bir narahatciliq da əlavə etməyin. Məlumatlarinizi, sonradan hansi məqsədlərə istifadə ediləcəyi məlum olmayan naməlumlara ötürməyin. İcbari sigortalarinizi tanidiginiz, etimad etdiyiniz Sigorta Şirkətləri ilə həll edin.Sizə yaxin olan sigorta agentlərinin xidmətindən istifadə edin».
Bəzi digər sığorta agentləri də sosial şəbəkələrdə müştəriləri hesab.az-la işləməməyə çağırıblar. Onların fikrincə, sığorta satışının bu üsulla aparılması sığorta agentlərinin müştərilərini əlindən almağa yönəlib və bu sahədə çalışan yüzlərlə sığorta agentini işsiz qoya bilər. Agentlər müştəri məlumatlarının bu üsulla toplanaraq satış üçün istifadə edilməsini də qanunsuz sayaraq bildiriblər ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu məsələni araşdırmalıdır. Hesab.az-da isə bu ittihamları əsassız sayrlar. F.İsmayılzadə bildirir ki, heç bir qanunsuzluğa yol verməyiblər: «söhbət sığorta müqavilələrinin ənənəvi deyil, daha yeni, onlayn üsulla satışından gedir.
Hazırda bütün dünyada texnologiyalar inkişaf edir, süni intellekt yaradılır. İndi süni intellektlə məşğul olmasınlar ki, minlərlə insan işsiz qalacaq? Həmin məntiqlə Hesab.az-a görə artıq minlərlə poçt və bank işçisi işsiz qalib ki? Sığorta agentlərində bizim toplamaq istədiyimiz baza artıq bu və ya digər şəkildə var. Çox vaxt o bazalar şəffaf toplanmayıb və satışların əksər hissəsi zənglə olur. İnsanlarımız isə narazıdır. Bizdən sığorta almaq isə həm bezdirici deyil, həmdə cəmi 1-2 klikə başa gəlir. Vaxti da bitəndə cəmi klikə əldə edilir. Odur ki, hər kəsə uğurlar. Qoy insanlarımıza necə rahatdır elə də sığorta əldə etsinlər».
Sığorta bazarında yeni oyunçu – «BAZARIN 10%Nİ İSTƏYİRİK»
12:38
19 Fev 2018