Uzun illərdir Azərbaycan sığorta bazarında fəaliyyət göstərən və yüksək keyfiyyətli xidmətləri ilə tanınan “Atəşgah” Sığorta tibbi sığorta istiqamətində yeni mərhələyə başlayır. Korporativ tibbi sığorta sahəsində topladığı təcrübəni fərdi müştərilər üçün də əlçatan etməyə çalışan şirkət müxtəlif yaş və büdcə qruplarına hesablanan yeni məhsullarını bazara çıxarıb.
FED.AZ saytı fərdi tibbi sığorta bazarında hansı yeniliklərin edildiyini və bu istiqamətdə qarşıya qoyulan hədəfləri öyrənmək üçün “Atəşgah” Sığorta Şirkəti ASC-nin şəxsi sığorta növlərinin satışı şöbəsinin müdiri Şahsənəm Əmircanova ilə olan müsahibəni təqdim edir.
- Hörmətli Şahsənəm xanım, “Atəşgah”Sığortanın yeni tibbi sığorta məhsulunu bazardakı mövcud məhsullardan fərqləndirən əsas üstünlükləri nədir?
- Yeni tibbi sığorta məhsulunu hazırlayarkən əsas məqsədimiz ondan ibarət olub ki, tibbi sığortaya ehtiyacı və marağı olan, lakin indiyədək bu xidmətdən istifadə etməyən fərdi şəxslər üçün əlçatan və müxtəlif seçimlər yaradaq.Biz görürdük ki, fərdi tibbi sığorta ilə maraqlanan insanlar kifayət qədər çoxdur. Onların arasında özləri üçün sığorta təminatı istəyənlər, övladlarını sığortalamaq istəyən valideynlər, eləcə də yaşlı nəsil üçün tibbi sığorta axtaran şəxslər var. Buna görə məhsullarımızı hazırlayarkən ilk növbədə düşündük ki, paketlər real sağlamlıq ehtiyaclarını əhatə etsin və müxtəlif yaş qrupları üçün uyğun olsun. Bizi bazardakı fərdi tibbi sığorta məhsullarından fərqləndirən əsas məqamlardan biri seçimlərin çoxsaylı olmasıdır. Biz yalnız bir-iki standart paket təqdim etməklə kifayətlənməmişik. Sadədən daha geniş təminatlara qədər müxtəlif paketlər hazırlamışıq ki, insanlar həm ehtiyaclarına, həm də büdcələrinə uyğun seçim edə bilsinlər.Məhsullarımızı elə qurmağa çalışmışıq ki, bir ailənin müxtəlif üzvləri üçün də uyğun seçim olsun- valideyn, körpə uşaq, tələbə və ya orta yaşlı şəxs. Eyni zamanda, tibbi xidmətlərdən yalnız Bakıda deyil, regionlarda yaşayan müştərilərimizin də yararlana bilməsini nəzərə almışıq. Digər vacib məqam isə xidmət keyfiyyətidir. “Atəşgah” Sığorta olaraq korporativ müştərilərimizə ilk fəaliyyətimizdən etibarən göstərdiyimiz operativ və keyfiyyətli xidməti fərdi müştərilərimizə də təqdim etmək istəyirik. Yəni bizim üçün məqsəd sadəcə yeni məhsul yaratmaq deyil, tibbi sığortanı daha çox insan üçün əlçatan etmək və sığortalanan şəxsin real ehtiyacına cavab verən xidmət modeli formalaşdırmaqdır.
- Bu məhsul kimlər üçün nəzərdə tutulub və müştərilər hansı tibbi xidmətlərdən yararlana biləcəklər?
- Məhsullar Fərdi şəxslər üçün nəzərdə tutulur. Məhsullar arasında yenidoğulmuş körpələri, 65 yaşdan yuxarı şəxsləri, yeniyətmələri, orta yaş təbəqəsini, bir sözlə bütün yaş həddlərini əhatə edə biləcək məhsullarımız mövcuddur. Məhsuldan asılı olaraq təcili və təxirəsalınmaz tibbi yardım, planlı və təcili hospitalizasiya, müxtəlif tərkibli tibbi müayinələr (check-up), körpələr üçün peyvəndlər, onlayn həkim konsultasiyaları, funksional diaqnostika (KT, MRT, qarın boşluğunun ultrasəs müayinəsi, laboratoriya tədqiqatları- ümumi qan analizi, hormonal və biokimyəvi analizlər və sair); müxtəli profilli həkim konsultasiyaları, cərrahiyyə müalicəsi kimi xidmətlərdən yararlanmaq mümkün olacaq.
- Sığorta paketinin qiyməti necə müəyyənləşir və fərqli büdcələrə uyğun paketlər təqdim ediləcəkmi?
- Bəli, fərqli büdcələrə uyğun paketlər təqdim edirik. Minimal sığorta haqqımız 100 AZN-dən başlayır və bütün paketlər üzrə, sığorta haqqının məbləğindən asılı olmayaraq, hissəli ödəniş imkanı da var. Paketlərin qiyməti, təbii ki, hər bir paketə daxil olan tibbi xidmətlərin həcmi və dəyəri nəzərə alınmaqla formalaşır. Amma burada bizim üçün vacib olan başqa bir məqam da var. Sığorta şirkəti olaraq tibb müəssisələri ilə əməkdaşlığımız çərçivəsində müəyyən güzəştlər əldə etmişik. Bu da öz növbəsində paketlərin qiymətinin formalaşmasına təsir edir. Yəni həmin xidmətlərdən sığortasız şəxs birbaşa, fərdi qaydada istifadə etdikdə daha yüksək məbləğ ödəyə bilər. Biz isə paketləri hazırlayarkən həm bu üstün şərtləri, həm də müştərinin real ehtiyaclarını nəzərə almışıq. Ona görə də əsas məqsədimiz odur ki, müştəri üçün paket həm büdcə baxımından əlçatan olsun, həm də ödədiyi məbləğin qarşılığında faydalı və real tibbi xidmətlər əldə etsin. Fərqli paketlərin olmasının səbəbi də məhz budur- hər kəs öz ehtiyacına və büdcəsinə uyğun variantı seçə bilsin.
- Müştəri hansı klinika və tibb müəssisələrində xidmət ala biləcək? Regionlarda yaşayan şəxslər üçün imkanlar necə olacaq?
- Sığorta proqramlarından asılı olaraq Referans klinikalar şəbəkəsinə daxil tibb müəssisələrinə, eləcə də respublikamızda (həm Bakı şəhəri, həm regionlar) fəaliyyət göstərən özəl tibbi müəssisələrindən istifadə imkanı olacaq. Qeyd etmək istəyirəm ki, məhsullardan asılı olaraq sığorta olunanlara təqdim etdiyimiz özəl tibb müəssisələrinin sayı 115-ə qədərdir.
- Ambulator və stasionar müalicə, laborator müayinələr, MRT, KT və digər diaqnostik xidmətlər paketə daxildirmi?
- Bəli, fərdi məhsullar arasında sözügedən müayinələri özündə ehtiva edən “Sağlam Qal” , “Tələbə” , “Ailəm” kimi proqramlar movcuddur.
- Bahalı əməliyyatlar və uzunmüddətli müalicə tələb edən xəstəliklər üzrə hansı limitlər və istisnalar nəzərdə tutulub?
- Fərdi Məhsullar müxtəlif kateqoriyalar üzrə hazırlanmışdır. Belə ki, elə sığorta məhsulları var ki, yalnız check-up ( tibbi müayinə) üçün nəzərdə tutulmuşdur. Məhsullar arasında planlı və təcili əməliyyatları, diaqnostik müayinələri, həkim konsultasiyalarını əhatə edən məhsullar da mövcuddur. Bu kateqoriyada olan məhsullar üzrə hər bir nəfər üçün sığorta məbləği-limiti təyin olunmuşdur. Sığorta proqramından asılı olaraq sığorta məbləğləri 3 000 AZN ilə 8 000 AZN arasında dəyişir. Sığorta təminatından istisnalar “Atəşgah” Sığorta Şirkətinin 10.07.2015-ci il tarixli Könüllü Tibbi Sığorta üzrə Qaydaların 5-ci Maddəsi altında tənzimlənir. İstisnalarla bağlı məlumatı hər bir sığorta olunan rəsmi vebsayt üzərindən, həmçinin məhsulları əldə edərkən ala bilər.
- Yeni məhsulu fərdi şəxslər də ala biləcək, yoxsa əsasən korporativ müştərilər üçün nəzərdə tutulub?
- Yeni məhsullar fərdi şəxslər üçün nəzərdə tutulmuşdur. Lakin, korporativ müştərilər arasında sığortası olmayan ailə üzvləri üçün (valideynlər, bacı və qardaşlar və sair) də bu məhsulların təklif edilməsi mümkündür.
- Müştəri tibbi xidmətə ehtiyac yarandıqda hansı prosedurdan keçməlidir? Xidmətin təsdiqlənməsi nə qədər vaxt aparır?
- Tibbi xidmətlərdən yararlanmaq üçün “Atəşgah” Sığorta Şirkətinin Tibbi Yardımın Təşkili şöbəsinə birbaşa müraciət etmək lazımdır. Çox kanallı qaynar xəttlərimiz 24/7 fəaliyyət göstərir. İlk növbədə sığorta olunan şəxs öz ad, soyadını, elektron sığorta kartının nömrəsini qeyd edir. Daha sonra əldə etmiş sığorta paketinə əsasən tibbi xidmətlər təşkil olunur. Təsdiqlənmə tibbi xidmətin növündən asılı olaraq dəyişir. Məsələn təcili yardım çağırışıdırsa, dərhal təcili yardım təşkil olunur. “Check-up” xidmətindən yararlanam istəyənlər üçün klinikadan randevu sistemi ilə gün və tarix təyin olunur. Planlı müraciətlər zamanı yenə də sığorta olunanla, eləcə də klinika ilə həkimin iş rejimi əvvəlcədən razılaşdırıldıqdan sonra xidmətlər təşkil olunur.
- “Atəşgah” Sığorta bu məhsulla tibbi sığorta bazarında hansı auditoriyanı hədəfləyir və satışlarla bağlı qarşıya hansı məqsədlər qoyub?
- Auditoriyamız kifayət qədər genişdir. Əvvəldə də qeyd etdiyim kimi, məhsulları hazırlayanda çalışmışıq ki, müxtəlif yaş qruplarını nəzərə alaq. Yəni 0 yaşdan başlayaraq 60-70, hətta 80 yaş və yuxarı şəxslər üçün də uyğun seçimlərimiz olsun.Burada yeni doğulan körpələr də var, tələbələrimiz də, işləyən orta nəsil də, təqaüddə olan valideynlərimiz də. Çünki biz görürdük ki, fərdi tibbi sığortaya maraq müxtəlif yaş qruplarında var, sadəcə onların ehtiyacları fərqlidir.Satışlarımız yeni başlayıb. Ona görə hazırda bizim üçün ən vacib məsələlərdən biri bazarın reaksiyasını görməkdir. Daxil olan sorğuları, müraciətləri mütəmadi olaraq izləyirik, hansı məhsullara daha çox maraq olduğunu, insanların əsas ehtiyaclarının nədən ibarət olduğunu təhlil edirik. Bundan sonrakı mərhələdə məqsədimiz həm satış alətlərimizi gücləndirmək, həm daha geniş auditoriyaya çıxmaq, həm də bu məlumatlardan istifadə edərək gələcəkdə daha faydalı və insanların ehtiyacına uyğun məhsullar hazırlamaqdır. Təbii ki, satışlarımızın sayını da artırmaq əsas hədəflərimizdəndir. Amma bizim üçün məsələ təkcə satış rəqəmi deyil. Əsas istəyimiz odur ki, insan tibbi sığorta aldıqda bunun real faydasını görsün və hər hansı sağlamlıq problemi ilə qarşılaşanda özünü daha güvənli hiss etsin. Yəni sığorta onun üçün sadəcə bir məhsul yox, müəyyən mənada maliyyə və tibbi baxımdan bir təminat olsun.










![[red]Şahsənəm Əmircanova:[/red] “Atəşgah” tibbi sığortanı hər kəs üçün əlçatan edib – fərqli paketlər hazırlanıb” - [red]MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/2280115.jpg)
![[red]Şahsənəm Əmircanova:[/red] “Atəşgah” tibbi sığortanı hər kəs üçün əlçatan edib – fərqli paketlər hazırlanıb” - [red]MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/4533253.jpg)
![[red]Şahsənəm Əmircanova:[/red] “Atəşgah” tibbi sığortanı hər kəs üçün əlçatan edib – fərqli paketlər hazırlanıb” - [red]MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/4826986.jpg)
![[red]Şahsənəm Əmircanova:[/red] “Atəşgah” tibbi sığortanı hər kəs üçün əlçatan edib – fərqli paketlər hazırlanıb” - [red]MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/2416632.png)








