Bu günlərədə Azərbaycanın sığorta bazarında yeni alət - islam sığortası (Təkaful) aləti yaradılıb. Ölkənin ilk İslam sığortası brokeri olan "Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri" MMC-nin fəaliyyətə başlaması ilə islam sığortasının tətbiqinə başlanılıb. Bu şirkət bir fintech olaraq startup kimi formalaşdırılıb. Bazarda yeni tətbiq edilən bu sığortanın ənənəvi sığortadan bəzi fərqləri olacaq.
İddia edilir ki, bu sığorta növü sığorta sektoruna bir sıra yeniliklər gətirəcək və ənənəvi sığorta növlərindən fərqlənəcək. Sığortada haram olan elementlər riba (faiz), ğarar (həddindən artıq qeyri-müəyyənliyin alqı-satqısı) və meysir (qumar elementlərinin olması) haram sayılır və bu “Saf Təkaful”də öz əksini tapmayacaq.
Bildirilir ki, ölkədə böyük bir kütlə var ki, dini inanclarına görə sığortadan yararlana bilmirdilər. İslam dininə görə, hazırkı sığorta siniflərindən istifadə etmək olmazdı. Burada bir şərt var, zəruri hallar istisna edilir. Çünki sahibkar icbari sığortanı vaxtında eləməsə cərimələnir, buna görə də, istifadə edirlər.
“Saf Təkaful”un gəlirləri ənənəvi şirkətlərlə müqayisədə daha aşağı olacaq
Bu alət dayanıqlılıq baxımından problemlər yarada bilərmi? Qeyd olunur ki, ümumi bir fond olacaq ki, müştəri sığortaladığı daşınar və ya daşınmaz əmlakı üzrə ödəyəcəyi vəsaiti bu fonda sığorta haqqı kimi deyil, yardım etmək formasında həyata keçirəcək. Yəni əslində bu fonda qoşulan insan qazanc məqsədilə yox, yardım etmək məqsədi ilə qoşulur. Nəticə etibarı ilə gəlirlər ənənəvi sığorta şirkətinə nisbətən daha az olacaq. Nəzərə alsaq ki, bazarda kifayət qədər ənənəvi sığorta xidmətləri göstərən güclü bazar oyunçuları var. Məhz bu səbədən “Saf Takaful”un bazarda nə qədər fəaliyyət göstərməsi və hansı müddətə mənfəət əldə etməsi ilə bağlı bir fikir söyləmək çətindir.
Gəlin islamda sığortanın işləmə mexanimzi ilə daha yaxından tanış olaq
Cəmiyyət yarandığı gündən insanlardan asılı və ya asılı olmayaraq müxtəlif bədbəxt və təbiət hadisələri baş verir ki, bu da insanların həyatına onların malına, mülkünə ciddi ziyan vurub, nəticədə insanlar böyük zərərlə üzləşiblər. Əvvəllər bu cür zərərlərin qarşısını almaq üçün müxtəlif büdcəli ehtiyyat fondları yaradılırdı. Sonralar bu fondlar sığorta şirkətləri ilə əvəzlənməyə başladı. Daha doğrusunu desək, müəyyən riskləri qarşılayan, ehtiyyat fondlarının bir növü də indiki sığorta şirkətləridir.
Bütün sadalanan riskləri nəzərə alan vətəndaşlar müasir dövrdə ənənəvi sığorta metodlarından daha çox istifadə etməyə başladılar. Lakin ənənəvi sığorta ilə yanaşı şəriət qaydaları ilə işləyən sığorta sistemi də mövcuddur ki, bu da takaful adlanır.
Ümumiyyətlə, İslamda sığorta qədərə qarşı olduğundan Allahın qərarlarına hörmətsizlik və bu qərarları sorğulamaq kimi dəyərləndirilir. Məhz bu baxımdan da sığortalanmaq şəriətdə bəyənilmir.
Bəs bilirsinizmi takaful nədir?
Takaful ərəb mənşəli sözdür, “kafala” sözündən götürülüb, mənası zəmanət deməkdir. Yəni birgə qorunmaya və zəmanətə əsaslanır. Mexanizm olaraq takaful sığortalanan tərəflərin könüllü olaraq bir-birinə yardım məqsədilə risklərə və zərərlərə qarşı eyni fonda ödənişləri ilə reallaşır. Bu fond müəyyənləşdirilmiş qonarar qarşlılığında takaful operatoru adlanan iştirakçı tərəfindən şəriətə müvafiq qaydada idarə olunur. Takaful mexanizmi əsasən vakala üzərində qurulur.
Burada takaful operatoru vakil adlanır. Sığortalanan tərəflərin məruz qaldığı zərər bu fond vasitəsilə kompensasiya edilir. Eyni zamanda fonda yığılmış əlavə mənfəət də əvvəlcədən müəyyən edilmiş qaydada sığortalanan tərəflər arasında bölünə bilər.Takaful modelində sığortalanan tərəflər həm də sığorta edənlərdir. Yəni bu fond bütövlükdə sığorta olunanlara məxsusdur. Bu da öz növbəsində qimar və maisirdən yayınmağa imkan verir. Ümumiyyətlə şəriətdə sığortaya müxtəlif qadağalar var ki, bunlar da riba (sələmçilik), maisir (qumar, mərc oyunları) və gharardır (qeyri-müəyyənlik).
“Takaful”un ənənəvi sığorta ilə fərqi nədir?
Fərq risklərin qiymətləndirilməsi və idarəolunmasında, həmçinin takaful-tondun idarə olunmasındadır. Bundan başqa operatorla iştirakçılar arasındakı münasibətlərdə də fərqlər var. Ənənəvi sığortada riskin ötürülməsi mexanizmi işləyir, hansı ki, fiziki şəxs və yaxud təşkilat müəyyən haqq qarşılığında qeyri-müəyyənliyini müəyyənliyə dəyişir. Amma, takafulda bu mexanizm qadağandır. Çünki, bu gharara təsadüf edir ki, bu da İslamda qadağandır. Takafulda riskin idarəedilməsi və qiymətləndirilməsində (anderraytinq) gharar və maisir yolverilməzdir. İnvestisiyalarda və fondların idarəedilməsində isə riba qadağandır. Ənənəvi sığorta mexanizmi özündə ribavi və qimar və maisir elementlərini cəmləyir. Çünki sığorta şirkətləri yığılmış vəsaitləri sabit faiz vəd edən istiqrazlarda, bank hesablarında saxlayırlar ki, bu da ribavi əməliyyatdır.
Qlobal takaful bazarındakı vəziyyət – rəqəmlər
Aparılan kiçik araşdırma nəticəsində belə qənatə gəlmək olar ki, qlobal takaful bazarı üzrə məcmu aktivlərin həcmi nəzərə çarpacaq qədərdir. Bazar elə də kiçik deyil, özündə böyük islam dövlətlərini cəmləyə bilib.
“City UK Islamic Finance” təşkilatının hesabatlarında verilən məlumatlara əsasən, qlobal takaful sektorunun aktivləri son illərdə sürətlə artıb. “The City UK”in məlumatlarına görə, qlobal takaful aktivlərinin həcmi təxminən 136 milyard ABŞ dollarına çatıb. Re-takaful (İslam təkrarsığortası) sektorunun payı isə ümumi takaful aktivlərinin təxminən 7%-ni təşkil edir. The City UK-un əvvəlki hesabatında da bu göstərici 7% səviyyəsində qeyd olunub. Göründüyü kimi Re-takafulun ümumi takaful aktivlərinində xüsusi çəkisi dəyişməyib.
Takaful sektoru hansı ölkələrdə daha çox inkişaf edib?
The City UK və İslam Maliyyə Xidmətləri Şurasının (IFSB) məlumatlarına görə, qlobal takaful bazarı əsasən bir neçə ölkənin üzərində cəmləşib ki, bura Səudiyyə Ərəbistanı, İran və Malayziya daxildir. Bu üç dövlət qlobal takaful bazarının təxminən 79%-ni təşkil edir. Təkcə Səudiyyə Ərəbistanının payı təxminən 47% olub və bu ölkə dünyanın ən böyük takaful bazarı sayılır. İranın payı təxminən 18%, Malayziyanın payı isə 13,8% təşkil edir.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də əsas bazarlardan biridir. The City UK hesabatında BƏƏ digər iri takaful bazarları sırasında göstərilir, lakin onun payı ilk üç ölkədən xeyli aşağıdır.
Bu sektorda sürətlə böyüyən bazarlar hansılardı?
Növbəti inkişaf etmiş və sürətlə böyüyən takaful bazarlarına İndoneziya, Türkiyə, Qətər, Pakistan, Misir, Sudan, Bəhreyn, Bruney daxildir. Xüsusilə İndoneziya və Türkiyə yaxın illərdə ən perspektivli və sürətlə böyüyən takaful bazarları hesab olunur. Bunun əsas səbəbi müsəlman əhalinin çoxluğu, dövlət dəstəyi və İslam maliyyəsinin genişlənməsidir.
Qlobal takaful bazarında adam başına düşən takaful məbləği və ÜDM payı çox azdır
Bundan başqa qlobal takaful bazarında, adam başına düşən takaful məbləği (takaful density) üzrə vahid qlobal göstərici adətən hesabatlarda ayrıca verilmir. Bunun səbəbi takafulun əsasən müəyyən ölkələrdə cəmləşməsidir. Mövcud məlumatlara əsasən, qlobal takaful aktivləri təxminən 136 milyard ABŞ dollar həcmindədir. Dünya əhalisi isə təxminən 8,2 milyard nəfərdir. Sadə hesablamaya görə, qlobal takaful aktivlərinin adam başına düşən həcmi təxminən 16-17 ABŞ dolları təşkil edir. Lakin bu, sığorta terminologiyasında “density” göstəricisi deyil, aktivlərin əhaliyə bölünməsi nəticəsində alınan rəqəmdir.
Takafulun daha geniş istifadə olunan göstəricisi olan penetration isə ÜDM-də payı ifadə edir və bir çox müsəlman ölkəsində 1%-dən belə aşağıdır. Yalnız bəzi inkişaf etmiş bazarlarda məsələn, Malayziyada bu göstərici daha yüksəkdir.
Elnur Hüseynquluyev
FED.AZ biznes xəbər portalı
Direktor və baş redaktor
















