“Nümayəndəliklərimizi tanıyaq” layihəsinin növbəti müsahibi Həsən Allahverdiyevdir – O, 1978-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə orta məktəbi bitirərək Azərbaycan Texniki Universitetinin Avtomexanika fakultəsinə qəbul olub. Hərbi xidmətdən sonra müxtəlif sahələrdə çalışıb. 2007-ci ildən sığorta sahəsindədir, bazarın aparıcı sığorta şirkətlərində Satış Departamentinin müdiri vəzifələrində çalışıb. Hazırda “Qala Sığorta” şirkətinin Mərkəz filialının rəhbəridir. Evlidir, 1 övladı var.
Həsən müəllim, uzun müddətdir ki sığorta sahəsində çalışırsınız. Bu müddət ərzində ölkənin sığorta bazarındakı inkişafı necə qiymətləndirirsiniz?
Mən artıq 11 ildir ki, bu sahədə çalışıram və bu müddət ərzində təbii ki, ölkənin sığorta sektorunun inkişafı danılmazıdır. Mən hətta bunu bir neçə inkişaf mərhələlərinə bölmək istərdim. Bu dövr ərzində bir çox dəyişikliklər olub, bəzi qanunvericiliklər dəyişib, hansı ki, birbaşa və ya dolayısı yolla sığorta sahəsinə müsbət təsir edib. Təəssüflər olsun ki, hazırda sığorta bazarının inkişafında bir az durğunluq hiss olunur, bu da ayrıca hər hansı bir daxili iqtisadi faktorlara söykənmir.
Qlobal iqtisadi durum dediniz. Bu vəziyyətdə sığorta bazarının hansı inkişaf prespektivləri mövcuddur?
Sığorta inkişaf etmiş ölkələrin iqtisadiyyatında aparıcı sektorlar sırasında gedir və iqtisadiyyatda ciddi şəkildə dəyər yaradan sahələrdən biri hesab olunur. Buna görə bu sahənin inkişafı hər zaman lazımdır. İndiki zamanda qlobal iqtisadi durum iri planlara imkan verməsə də, durğunluqdan istifadə edib bəzi problemləri aradan qaldırmaq olar. Buna maarifləndirməni misal gətirmək olar. Maarifləndirmə iqtisadi asıllığı olmayan bir amildir. Lakin təəssüf ki, Azərbaycan maarifləndirmə çox aşağı səviyyədədir. Ona görə fikrimcə, indiki zamanda bu problemə köklənmək, həll etmək üçün əsl vaxtdır. Bu isə gələcəkdə ölkənin sığorta bazarına öz töhfəsini vermiş olacaq.
İndiki vəziyyətdə sığorta məhsullarının satış kanallarının bazara təsiri varmı?
Sığorta məhsulları üzrə satış kanalları hər zaman şirkətlərin sütunlarından hesab olunub. Burada ənənəvi satış kanalları yəni sığorta agentlərinin payı çoxdur. Lakin texnologiyanın daim yenilənməsi sığorta şirkətlərinə yeni imkanlar açır. Artıq Azərbaycanda sığorta şirkətlərinin əksəriyyəti onlayn satış kanallarını inkişaf etdirirlər, IT infrastruklarına böyük investisiyalar edirlər. Hamıya məlumdur ki, yaxın gələcəkdə elektron satış bir nömrəli satış kanalına çevriləcək. Lakin indiki vəziyyətdə, hətta yaxın bir neçə ildə satış agentlərinin bazardakı payı dəyişilməz olaraq qalacaq. Bu günün özündə də, şirkətlər hələ də agentlərin peşəkarlığını artırmaq üçün böyük işlər görür.
Regionlarda sığorta məhsulunun satışı Bakıya nisbətən daha çətindir. Sizcə buna səbəb nədir?
Bəli, təəssüf ki, regionlarda və digər şəhərlərimizdə Bakıya nisbətən sığorta məhsulunun satışı çətindir. Əvvəlki sualda qeyd etdiyim kimi hər şeyin kökündə əsas olaraq maarifləndirmə durur. Bakıya nisbətdə regionlarda sığorta məhsullarının satışı ikiqat və hətta üçqat çətindir. Ona görə respublikanın müxtəlif rayonlarında sığortanın faydaları, müxtəlif sığorta növlərinin təbliği ilə bağlı tədbirlər həyata keçirilməlidir. Düçünürəm ki, bu qəbildən olan tədbirlər əhali arasında məlumatlılıq səviyyəsini artıracaq və sığortaya inamın yüksəldilməsinə yardımçı olacaq.
Sığorta şirkətlərinin əsas hədəflərindən biri də könüllü sığorta növlərinin inkişafıdır. Lakin bu sığorta növünə əhali arasında maraq azdır. Buna səbəb nədir?
Könüllü sığorta növünün inkişafı uzun zaman və kompleks işlər tələb edir. İcbari sığortada qanunvericiliklə həll olunan bir çox amillər mövcuddur. Könüllü sığortada isə kommersiya amilləri daha üstünlük təşkil edir. Məhz buna görə də könüllü sığortanın inkişafı üçün maarifləndirmə, daxili və qlobal iqtisadi amillər, sığorta bazarında vəziyyət və digər təsiredici amillər nəzərə alınmalıdır.
İnkişaf etmiş ölkələrdəki sığorta bazarına baxsaq görərik ki, onlar 50 il bəzən 100 il inkişaf yolu keçiblər. Bizim bazar çox gəncdir və hələ qarşıda bir çox illər var. Lakin texnologiyanın inkişafı ilə indiki zamanda dünyada dəyişiliklər işıq sürəti ilə baş verir. Yəni əvvəllər hər hansı bir sahənin inkişafına yüz illər tələb olunurdusa, getdikdə bu müddət azalır. Fikrimcə, yaxın gələcəkdə Azərbaycanda da könüllü sığorta növünə maraq getdikcə artacaq.
Həsən müəllim müsahibə üçün təşəkkür edirik
Məndə öz növbəmdə belə bir tanıdıcı layihəni həyata keçirdiyiniz üçün “Qala Sığorta”şirkətinə və FED.az komandasına təşəkkürümü bildirirəm.
“Nümayəndəliklərimizi tanıyaq” layihəsi
“Qala Sığorta” şirkəti ilə FED.az saytının birgə
əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Həsən Allahverdiyev: “elektron satış yaxın gələcəkdə bir nömrəli satış kanalına çevriləcək”
11:05
19 Sen 2018