“AtaSığorta” ASC 2018-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı.
Şirkətdən verilən məlumata əsasən cari ilin 9 ayı ərzində şirkətin ümumi sığorta haqqı yığımları 16,3 milyon manat təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 6,8 milyon manat (71,7%) artmışdır.
“AtaSığorta” ASC 2018-ci ilin 9 ayı ərzində 6,9 milyon manata yaxın sığorta ödənişi həyata keçirmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində artım 3,6 milyon manat (112,9 %) olmuşdur.
Aktivlərinin ümumi həcmi 30,0 milyon manat civarında olan şirkət cari il ərzində nizamnamə kapitalını 2,2 milyon manat (17,7%) artıraraq 14,6 milyon manata çatdırmışdır.
“AtaSığorta” ASC-nin 2018-ci ilin 9 ayı üzrə balans mənfəəti xalis sığorta ehtiyatlarının dəyişməsi nəzərə alınmamaqla 1,0 milyon manatdan çox olmuşdur. Eyni zamanda cari ilin 9 ayı ərzində sığorta haqqı yığımlarının artması ilə əlaqədar olaraq sabitləşdirici ehtiyatlarla birlikdə cəmi 4.9 milyon manat əlavə ehtiyatlar yaradılmışdır.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.