ABŞ prezidenti Donald Tramp bildirib ki, Çinin ABŞ-a nadir torpaq minerallarının ixracına qoyduğu məhdudiyyətlərə cavab olaraq Vaşinqton da "Boeing" təyyarələrinin hissələrinə ixrac məhdudiyyətləri tətbiq edə bilər.
FED.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə ABŞ-ın hansı məhsulların ixracına məhdudiyyətlər qoya biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib: "Bizim çox şeyimiz var, onlardan ən vacibi təyyarələrdir. Onlarda (Çində - FED.az) çoxlu "Boeing" təyyarələri var və onlara bu təyyarələr üçün hissələr və buna bənzər çoxlu şeylər lazımdır".
ABŞ prezidenti Tramp sosial media hesabından etdiyi paylaşımda Çinin “düşməncəsinə” davranmağa başladığını və nadir torpaq elementlərinə ixrac məhdudiyyətləri tətbiq etmək istədiklərini bildirərək ölkələrə məktublar göndərdiklərini bildirib.
Sosial media hesabındakı başqa paylaşımda Tramp noyabrın 1-dən etibarən Çinə hazırda ödədiyi tariflərə əlavə olaraq 100 faizlik tarif tətbiq edəcəklərini və bütün kritik proqram təminatına ixrac nəzarəti tətbiq edəcəklərini açıqlayıb.