Sumqayıt Kimya Sənaye Parkında (SKSP) yeni rezident – “Az-Tex-Import” MMC qeydiyyata alınıb.
Eləcə də bax: Ağdam Sənaye Parkında 2 yeni şirkət - 9 MİLYON MANAT YATIRACAQLAR
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Şirkət tərəfindən Sənaye Parkının 3 hektar ərazisində İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə “IVECO” markalı yüngül, orta və ağır tonajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsi həyata keçiriləcək. İnvestisiya dəyəri 19.2 mln manat olan layihə çərçivəsində 90 nəfər daimi işlə təmin ediləcək”, - nazirlikdən qeyd olunub.
Müəssisənin məhsullarının daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb. Rezidentlər tərəfindən ümumi investisiya qoyuluşu 6,7 milyard manat məbləğində qiymətləndirilir. Artıq 6,3 milyard manat məbləğində investisiya yatırılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. (İnterfaks-Azərbaycan)