"Fin-Plast"ın polietilendən hazırladığı məhsullar hər gün evlərimizdə, marketlərdə istifadə edilir
Laçında 100 il davamlılığı olan dam örtükləri istehsal edilir - FOTO
Çoxlarınız bilirsiniz ki, gündəlik məişətdə işlətdiyimiz tullantı torbaları, sellofanlar təkrar emalla istehsal edilir. Amma çox vaxt onların bəziləri tez yırtılaraq lazımsız əşyaya çevrilir. Bəziləri isə nə qədər yüklənsə də, möhkəm və yırtılmaya davamlı olur. Bunun səbəbi isə həmin torbaların yüksək keyfiyyətlə hazırlanmasıdır.
Elə bu dəfə üz tutduğumuz müəssisə həm polietilen, həm də hər gün marketlərdə rastlaşdığımız və istifadə etdiyimiz polietilendən hazırlanan bir çox qida, qeyri-qida məhsullarının üzlüyü, eləcə də tullantı torbaları, müxtəlif sellofanlar istehsal edir. Bu məhsullar isə yüksək keyfiyyəti, dünya standartlarına uyğunluğu ilə ölkəmizdə qeyri-neft sənayesinin inkişafını sürətləndirməklə həm də idxaldan asılılığı azaldır.
25 illik uğurlu yol
Üz tutduğumuz müəssisənin təsisçisi Füzuli Cabbarov bu fonddan söz açaraq dövlətin sahibkarlığın inkişafına dəstəyindən razılığını ifadə etdi. O, bugünkü "Fin-Plast İnternational" MMC-ni 1998-ci ildə başqa ad altında təsis edib. 25 illik fəaliyyəti dövründə müəssisə daha da inkişaf edərək böyüyüb.
Müəssisənin tarixinə gəlincə, təsisçi bildirdi ki, Sumqayıt şəhərində "Qayğı" KM adı altında fəaliyyətə başlayan zavodun istehsal sahəsi ilk illərdə dar çərçivəli olub. 2011-ci ildən "Fin-Plast 1" adıyla işlərinə davam edən şirkət sonradan fəaliyyət çevrəsini genişləndirib. Bu gün isə "Fin-Plast İnternational" adı ilə fəaliyyətini uğurla davam etdirir.
Müəssisənin rəhbəri deyir ki, zavodda ilkin mərhələdə yalnız polietilen örtüklər istehsal olunub. Bir neçə ildən sonra isə polietilen paketlərin istehsalına, daha sonra qida məhsullarının qablaşdırılması üçün üzlüyün hazırlanmasına başlanılıb. F.Cabbarov 38 yaşında işə sıfırdan başlayan sahibkarlardandır. Hazırkı müəssisənin yerində olan yarımçıq bina və Ukraynadan aldığı ikinci əl avadanlıqla fəaliyyətə başlayan zavod bu illər ərzində görülən işlər, əmək sərf etmək və dövlətin dəstəyi sayəsində inkişaf edərək yerli bazardakı əsas qida istehsalçıları ilə işləyən müəssisəyə çevrilib.
"İşin üzərində olmasan iş getməz"
Füzuli Cabbarov deyir ki, şirkətin inkişafını istəyirsənsə, daim işinin üstündə olmalısan: "Mən də beləyəm. Səhərdən axşama kimi müəssisədə oluram. İşin üstündə olmasan iş getməz".
Müəssisə rəhbəri şirkətin fəaliyyəti ilə bağlı sözünə davam edərək bildirdi ki, Azərbaycan Prezidentinin 2017-ci ildə ölkədə qablaşdırmanın sürətləndirilməsi və inkişafı ilə bağlı sahibkarlara müraciətindən sonra investisiya təşviqi sənədi alaraq bu sahədə fəaliyyətlərini sürətləndiriblər. "Növbəti illərdə fonddan ayrılan kreditlə müasir avadanlıqlar aldıq. Hər hansı problemimiz olanda İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edirik və bizə lazımi dəstək göstərilir. Məsələn, son illərdə gömrüklə, vergi ilə bağlı hər hansı problemlərimiz yoxdur. Gömrükdə "yaşıl dəhliz"dən istifadə edirik. Ora getməyə ehtiyac olmur, vergi işçiləri müəssisəyə gəlmir".
Bu gün "Fin-Plast İnternational" MMC-də 200-ə yaxın işçi çalışır və demək olar ki, onların böyük əksəriyyəti yerli kadrlardır. Bununla belə F.Cabbarov deyir ki, bəzi sahələr üzrə mütəxəssis çatışmazlığı var. Ona görə xaricdən yeni avadanlıqlar alanda həmin şirkətin mütəxəssislərini ilkin mərhələdə kömək üçün müəssisədə çalışmağa dəvət edirlər. "Digər ölkələrdə istehsal prosesini universitetlərdə öyrədirlər. Bizdə hələ ki belə bir təcrübə yoxdur. Peşə məktəblərində bu işlər öyrədilmir. İndi hamı ali təhsilli olmaq istəyir. Bu baxımdan işçiyə ehtiyac olanda problemlərimiz yaranır", - deyə sahibkar vurğulayır.
Müəssisənin ixrac potensialı artacaq
"Fin-Plast" bu gün əsasən yerli bazarın tələbatını ödəməklə yanaşı, qonşu Gürcüstana da müəyyən qədər məhsul ixrac edir. Şirkət yaxın gələcəkdə xarici bazarda yerini genişləndirməyi düşünür ki, bu istiqamətdə də davamlı və ardıcıl işlər görülür.
F.Cabbarov deyir ki, yaxın zamanlarda Özbəkistanda keçiriləcək sərgidə şirkətləri də iştirak edəcək. Yerli bazarda tələbatın o qədər də yüksək olmadığını vurğulayan sahibkar xarici bazara çıxmağın üstünlüyündən də danışdı. O qeyd etdi ki, məhsullarını, əsasən, Orta Asiya ölkələrinə ixrac etməyi düşünürlər.
"Biz bu işləri görəndə ölkəmizdə cəmi bir fabrik var idi. Azərbaycan sahibkarları o vaxt digər ölkələrə getmişdilər. Əksər mallar xaricdən idxal olunurdu. Müəssisəni qurandan sonra daxili bazara çox köməyimiz dəydi", - deyən zavod rəhbəri hazırda da bu istiqamətdə işlərin davam etdirildiyini qeyd etdi. Zavod ən son avadanlıqları Avropa ölkələrindən, Türkiyədən alaraq yerli bazarın inkişafı istiqamətində bütün lazımi addımları atır. Amma bəzən müəyyən problemlər də ortaya çıxır. Məsələn, F.Cabbarov iki ildir Almaniyadan aldığı avadanlığı hələ də quraşdıra bilmədiyini deyir. Bu da tikinti aparmaq istədikləri yerin kənd təsərrüfatı təyinatlı olması ilə bağlıdır. Layihəsi tam hazır olan sahibkar yerin təyinatı dəyişdiyi halda tikinti işləri aparıb avadanlığı qura biləcəyini vurğulayır. Bununla bağlı sənədlərə hazırda Nazirlər Kabinetində baxıldığını deyən sahibkar qısa zamanda həllini tapacağına inandığını ifadə edir.
Bu arada şirkətin bizə təqdim olunan kataloquna baxırıq. Gördüyümüz bütün üzlüklər təbii ki, bizə çox tanışdır. Həmin məhsulların üz qabığı, onların dizaynı - hamısı "Fin-Plast" tərəfindən hazırlanır.
Müəssisə istehsal prosesində istifadə etdiyi xammalı, əsasən, Rusiya, Türkiyə və İrandan idxal edir. Bununla yanaşı, yerli bazardan da xammal tədarük olunur. Zavodun istehsal gücü kifayət qədər böyük olsa da, yalnız tələbata uyğun olaraq aylıq 400-500 ton məhsul istehsal edilir.
Füzuli Cabbarovla qısa söhbətimizdən sonra istehsal sexlərinə baş çəkərək prosesləri izləyirik. Onunla yanaşı, birinci istehsal sahəsinin rəisi Rauf Tahirov da bizi müşayiət edir. İstehsal prosesindən danışan rəis bildirir ki, polietilen və digər lazımi xammallar avadanlığa əlavə olunduqdan sonra sobada ərimə prosesi gedir. Sistemə daxil edilən məlumatlar əsasında həmin ölçüdə, rəngdə, formada məhsul istehsal olunur. "Daha sonra məhsul növbəti - mətbəə avadanlığına ötürülür. Burada üzərinə firmanın adı, sifariş verildiyi şəkildə qeydlər, şəkillər vurulur", - deyir R.Tahirov. O vurğulayır ki, proses davamlıdır, avadanlığı dayandırdıqda problemlər ortaya çıxa bilir. Bu baxımdan sexdə üçnövbəli iş rejimi tətbiq olunur. Daha sonra Rauf bəylə sağollaşıb növbəti sexə doğru addımlayırıq.
Zavod rəhbəri deyir ki, sahibkarlar bəzən ancaq bu gününü düşünürlər. Onlar bazara daxil olub, pul qazanıb çıxmağa çalışırlar. Amma bu, doğru yanaşma deyil. Gərək istehsal sahəsini genişləndirməyə də çalışasan. O, eyni zamanda Lənkəranda açılan müəssisədən söz açaraq bildirir ki, yeni fəaliyyətə başlayan qənnadı məhsullarının istehsalı müəssisəsinə də nümunələr göndəriblər, yaxın zamanda əməkdaşlıq üçün görüşəcəklər.
İrəlidə digər istehsal sahəsinə daxil oluruq. Bura kəsmə sahəsi adlanır və bizi sahənin rəisi Məzahir Əliyev qarşılayır. Sexdə istehsal olunan məhsulların sifarişə uyğun xüsusi alətlər ilə kəsimi həyata keçirilir. Burada, həmçinin təkrar emaldan gələn polietilenlə zibil torbaları hazırlanır.
Müəssisə rəhbəri tullantı torbalarına işarə edərək qeyd edir: "Azərbaycana bu torbaların istehsalını ilk dəfə biz gətirmişik. Amma bu gün onu istehsal edən müəssisələr çoxdur".
Ən son texnologiyalar, yerli bazarın tələbatına uyğun istehsal
Daha sonra "Fin-Plast İnternational" MMC-nin digər müəssisəsinə üz tuturuq. Qida məhsullarının qablaşdırma üzlükləri, əsasən, burada istehsal olunur. Həmçinin təkrar emal sahəsi də bu ərazidə yerləşir.
Bu sahə daha çox diqqətimizi çəkir, çünki elə girişdə məhsulların qablaşdırma üzlüklərini görürük. İstehsal sahəsinin rəisi deyir ki, polietilendən hazırlanan məhsulların xammalı burada istehsal olunur. Digər xammallar isə Rusiya, Türkiyə, İrandan, həmçinin yerli bazardan alınır. "Məhsul istehsaldan sonra mətbəəyə göndərilir. Əgər ikiqat materialdırsa, boyanın qida məhsulu ilə təmasda olmaması üçün o laminasiya aparatından keçir. Bu zaman boya iki materialın arasında qalır. Bəzi məhsullarda üçqat materiallar olur. Məsələn, tumun qablaşdırılmasında üçüncü qata polietilen vurulur, çünki onun qablaşdırması zamanı istehsalçı məhsulun yaxşı qalması üçün ona azot qazı vurur. Polietilen də daha möhkəm olduğu üçün vurulan qazı saxlayır".
Mütəxəssis qeyd edir ki, müəssisədə proseslər avtomatlaşdırılıb. Yalnız müəyyən məhsulların maşınlara qoyulması və sistem üzərindən ölçü, rəng, digər funksiyaların kompüterdən daxil edilməsi mexanikidir.
Qeyd edək ki, bu müəssisədə avadanlıqların əksəriyyəti İspaniyanın "COMEXI" şirkətinə məxsusdur. Bundan başqa, Türkiyənin, Çinin kəsmə və laminasiya maşınları da avadanlıqlar sırasında yer alır. "Sifarişə əsasən, aylıq 200-250 ton məhsul istehsal olunur. Maksimal istehsal gücü isə 300-350 tondur", - deyir M.Bayramov.
Günlük 2 tona yaxın polietilen təkrar emal olunur
İstehsal prosesini izlədikdən, məhsullarla tanış olduqdan sonra isə təkrar emal sahəsinə yollanırıq. Burada bir avadanlıq yerləşdirilib. İş prinsipindən bizə sahə rəisi Rafael Rüstəmov məlumat verir. Bəlli olur ki, günlük iki tona yaxın polietilen yenidən emal olunur. Ancaq zavod daxilində istehsal prosesində qalan qalıqların təkrar emalı aparılır. Polietilen avadanlığa tökülür, sobada ərimə prosesi gedir, sonra kiçik polietilenlər sudan keçirilərək soyudulur. Daha sonra qurudulması üçün növbəti mərhələyə daxil olur. Quruduqdan sonra isə məhsulu istehsala göndərmək üçün torbaya yerləşdirilir.
Təkrar emal olunan polietilendən tullantı torbaları, qeyri-qida məhsulları üçün qablaşdırma üzlükləri hazırlanır. Avadanlığın iş prosesini izlədikdən sonra sağollaşıb müəssisədən ayrılırıq.
Bəlkə də çoxumuz gündəlik istifadə etdiyimiz əksər qida və qeyri-qida məhsullarının istehsalının xarici ölkələrdə həyata keçirildiyini və xammalların yalnız digər ölkələrdən gətirildiyini, əksər qurğuların idxal olunduğunu düşünürük. Amma bütün bu istehsalat prosesləri çox uzaqda deyil, sənaye şəhərimiz olan Sumqayıtdakı müəssisələrdə ən yeni texnologiyalar və insanların gərgin əməyi sayəsində ərsəyə gəlir.
Azərbaycanda sahibkarlara, qeyri-neft sənayesinə göstərilən diqqət və qayğı sayəsində həm dövlət, həm də qeyri-dövlət müəssisələri gündən-günə inkişaf edir. Bu müəssisələr yerli bazarın tələbatını ödəməklə yanaşı, xarici bazarda da öz yerlərini tutmağa başlayırlar. Bununla da istehsal müəssisələrimiz "Made in Azerbaijan" brendinin dünyada tanınmasında xüsusi rol oynayırlar. (Azərbaycan, qəzeti)