“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Ağqoyunlu dövlətinin hökmdarı, Azərbaycan çoxəsrlik dövlətçiliyi tarixində xüsusi yeri olan Uzun Həsənin anadan olmasının 600 illiyi münasibətilə qızıl sikkə istehsal edilib.
Nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999.9 əyarlı, 20 qram çəkiyə malik qızıl sikkələr Heydər Əliyev Mərkəzində təşkil edilən “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisində nümayişə çıxarılıb.
FED.az xəbər verir ki, yeni qızıl sikkə “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində də müştərilərə təqdim edilir. Məhsulları, həmçinin onlayn satış platforması (www.azergold.gift) vasitəsilə əldə etmək mümkündür.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən yerli pərakəndə bazarı üçün Azərbaycan qızılı və gümüşündən hazırlanan sikkələr ilk dəfə 2018-ci ildə istehsal edilib. Məqsəd yerli qiymətli metallar bazarının inkişafına təkan vermək və pərakəndə satışı stimullaşdırmaqdır. Müxtəlif qızıl və gümüş sikkə kolleksiyaları ölkəmizin, onun tarixi, incəsənəti, mədəni irsinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya alətidir. Bugünə qədər müxtəlif çəkilərdə istehsal edilmiş “Heydər Əliyev Mərkəzi”, “Qobustan”, “Qarabağ xalçası: “Çələbi” naxışlı qızıl və gümüş sikkələri, həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə həsr olunmuş “Şuşa” və “Qarabağ inciləri” qızıl sikkələri, o cümlədən Xan qızı Natəvanın 190 illiyinə həsr olunmuş qızıl sikkə kolleksiyası ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.