Azərbaycanda qiymətli və əlvan metal yataqlarının işlənməsi üzrə dövlət operatoru – «AzerGold» QSC 2021-ci ilin yarım ilini böyük mənfəətlə başa vurub.
FED.az şirkətin yarım illik hesabatına istinadən xəbər verir ki, yanvar-iyun aylarında şirkətin satışdan gəliri 80 milyon 711 min manat əməliyyat xərcləri 51 milyon 588 min manat təşkil edib.
Nəticədə şirkət yarım ili 29 milyon 123 min manat ümumi mənfəətlə başa vurub. Bundan başqa şirkət ümumi və inzibati xcərclərə 6 milyon 612 min manat sərf edib.
Digər əməliyyat gəlir və xərclərni nəzərə aldıqda, şirkətin xalis mənfəəti 21 milyon 668 min manat olub.
Xatırladaq ki, «AzerGold» QSC bütün ötən il ərzində 81 milyon 957 min manat xalis mənfəət əldə etmişdi.
2021-ci ilin birinci yarısında şirkətin aktivləri 28 milyon manatdan çox və ya 11,9% artaraq 266 milyon manatı keçib.
Öhdəlikləri isə 8,5 milyon manat və ya 12% azalaraq 71 milyon manatdan 62,5 milyon manata enib.
İlk yarım ildə «AzerGold»un cəmi kapitalı 36 milyon manat və ya 22% artaraq 203,5 milyn manata yüksəlib.
Kapitalın artımı - səhmdar kapitalın artırılması (37 milyon manatdan 62 milyon manata), əlavə kaital qoyuluşu (13,2 milyon manatdan 18,2 milyon manata) və bölüşdürülməmiş mənfəətin yüksəlməsi ilə (116,6 milyon manatdan 123,3 milyon manata) bağlıdır.