“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Eləcə də bax: “AzerGold” ixrac gəlirlərini - 56% Artırıb
FED.az xəbər verir ki, “AzərGold”dan verilən məlumata görə, müşavirədə çıxış edən QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov cari ilin ilk 6 ayının Səhmdar Cəmiyyət üçün olduqca əlamətdar dövrə, “AzerGold”un fəaliyyətə başlamasının 5-ci ildönümünə təsadüf etdiyini xatırladıb.
Sədr bu ilin ilk 6 ayında həm hasilat, həm ixrac və satış, geoloji kəşfiyyat, eləcə də digər sahələrdə işlərin plana uyğun, bəzi sahələr üzrə plandan daha artıq və tam qrafik üzrə yerinə yetirildiyini qeyd edib.
Onun sözlərinə görə, 2021-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatında 16 %, gümüş hasilatında isə 9% artım qeydə alınıb. Bununla yanaşı, 25,4 min unsiya qızıl, 56,1 min unsiya gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına cəlb olunan vəsaitin həcmi 46,9 mln. ABŞ dolları (79,7 milyon manat) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6,8% çoxdur.
Qeyd olunub ki, “AzerGold” fəaliyyət göstərdiyi dövr ərzində 254,5 min unsiya qızıl və 456,3 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına 657 mln. manatdan çox vəsait cəlb edib. Bu müddətdə əlvan metal layihələrinin icrası məqsədilə dövlət büdcəsindən şirkətə 47 milyon manat, yəni ümumi satış dövriyyəsinin cəmi 7,1 %-i həcmində vəsait ayırılıb. Bununla belə, şirkət qızıl mədəni layihələri üzrə dövlət büdcəsindən asılılığı tam olaraq aradan qaldırıb.
Məlumat verilib ki, cari ilin birinci yarımilində Cəmiyyətin vergi ödənişləri də vaxtında və tam həyata keçirilib. Ümumilikdə, cari ilin birinci yarımilində dövlət büdcəsinə 18,1 mln. manat məbləğində vəsait köçürülüb. Bu vəsaitin 16,6 mln. manatı vergi, 1,5 milyon manatdan çoxu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib. Ümumilikdə, Cəmiyyətin fəaliyyəti dövründə dövlət büdcəsinə 59 mln. manata yaxın məbləğdə vergi və rüsumlar ödənilib. (Apa)