Azərbaycanda sənaye parklarının inkişafı ilə bağlı bir neçə ildir ki, aparılan davamlı işlər nəticəsini verməyə başlayıb.
Sənaye zonalarında 66 müəssisə - İstehsal Fəaliyyətinə Başlayıb
FED.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən 3 sənaye parkı – Avrasiya iqtisadi məkanı və yaxın regiondakı 10 ölkənin 40 sənaye parkı arasında yaradılan şəraitə görə, ilk 10-luqda yer alıb.
«BIK Ratings» reytinq agentliyi tərəfindən hazırlanan reytinq 10 ölkədəki - Belarus, Qazaxıstan, Latviya, Litva, Moldova, Polşa, Rusiya, Özbəkistan, Azərbaycan və Estoniyadakı 40 sənaye parkını əhatə edib.
Burada sənaye parklarının reytinqi bir neçə göstəriciyə əsasən hesablanıb. Buraya sənaye parklarının vergi mühiti, infrastruktur imkanları, sənaye parklarına daxil olma (rezidentlik alma) imkanları və şərtlərin sadəliyi, eləcə də ölkədə insan inkişafı indeksi, makroiqtisadi və siyasi mühit üzrə göstəricilər aiddir.
Vergi mühiti qiymətləndirilərkən (ümumi qiymətləndirmədə 30% paya malikdir) – sənaye parklarında müxtəlif vergilərdən və gömrük rüsumlarından azad olma şərtləri nəzərə alınır.
İnfrastruktur imkanları (ümumi qiymətləndiməyə 23% təsir edir) qiymətləndirilərkən sənaye parklarının infrastruktur, nəqliyyət və enerji təminatı imkanları nəzərə alınır.
Sənaye parklarına daxil olma reytinqi hesbalanarkən il ərzində qeydə alınan rezidentlərin sayı, onların qarşısında qoyulan maliyyə və digər tələblər, prioritet sahələrin olması və sayı əsas götürülür və sair.
Araşdırma nəticəsində Azərbaycanın 3 sənaye parkı - Mingəçevir Sənaye Parkı (3-cü yer), Pirallahı Sənaye Parkı (7-ci yer) və Qaradağ Sənaye Parkı (10-cu yer) ən əlverişli sənaye parklarının ilk 10-luğunda yer alıblar.
Reytinq siyahısında 1-ci yeri Belarusda Çinin dəstəyi ilə yaraılan «Velikiy Kamen» sənaye parkı, 2-ci yeri isə Rusiyanın Tatarıstanda «Alabuqa» Xüsusi İqtisadi Zonası tutub.
Üumiyyətlə, ilk 10-luqda Belarus, Rusiya, Qazaxıstan və Azərbaycan sənaye parkları yer alıb.
Reytinqdən məlum olur ki, Azərbaycan sənaye parklarının ən böyük üstünlüklərindən biri burada yaradılan əlverişli vergi rejimidir. Vergi güzəştlərinə görə, Azərbaycan sənaye parkları reytinqdə ən yüksək yerləri tutublar.
Sözügedən reytinq və burada ilk 10-luqda yer almaq olduqca mühümdür. Məsələ bundadır ki, son illər regionda getdikcə daha çox ölkə müxtəlif güzəştlərlə investorları və sahibkarları ölkəyə cəlb etməyə çalışırlar. Sənaye parklarının reytinqi sahibkar və investorların seçim qərarlarına təsir edən mühüm göstəricilərdəndir.