Noyabrın 12-də AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının onlayn iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda “Bakı Polimer İstehsalat” MMC-nin Parkda rezident kimi fəaliyyətə başlaması müzakirə edilib.
Eləcə də bax: İşğaldan azad olunan ərazidə - Kondisioner Zavodu Tikiləcək – 500 İŞ YERİ
İclasda Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Şuranın üzvləri, YT Parkın direktoru Vasif Abbasov, direktor müavinləri Zaur Nəhmətov və Zahir Nəsibov, bir sıra məsul şəxslər, eləcə də rezidentlik üçün müraciət etmiş müəssisənin nümayandələri iştirak ediblər.
R.Əliquliyev YT Parkın qarşısına qoyulan vəzifələri xatırladıb və Parkın AMEA-nın elmi müəssisələrində kommersiyalaşdırılmağa hazır olan məhsulların istehsalı üçün geniş imkanlar yaradacağını bildirib.
İclasda YTP-ın rezidenti olmaq üçün müraciət etmiş “Bakı Polimer İstehsalat” MMC-nin nümayəndəsi Cavid Hüseynov təmsil etdiyi müəssisənin 5 ildən çoxdur ki, Azərbaycanda qablaşdırma məhsullarının topdan və pərakəndə satışında aparıcı şirkətlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, “Bakı Polimer İstehsalat” MMC-nin əsas məqsəd bazara keyfiyyətli və yerli istehsala əsaslanan məhsulun çıxarılmasıdır.
Onun sözlərinə görə, müəssisə tərəfindən istehsal olunan məhsullara qida və qeyri-qida məhsullarının, daşınan malların, ağır inşaat-tikinti məmulatlarının qablaşdırılması və bağlanmasında istifadə olunan müxtəlif növ streç filmlər aiddir. Streç filmlər məhsul və istehsal texnologiyası innovasiya yönümlü olduğundan bütün sənaye, xidmət sahələrində və məişətdə əhali tərəfindən qablaşdırmada istifadə edilə bilər.
C.Hüseynov qeyd edib ki, potensial alıcılar şəbəkəsinə malik şirkət indiyədək məhsullarını MDB dövlətlərindən idxal edirdi. Respublikada sahibkarlığa yaradılan əlverişli mühit, istehsalçılara verilən dəstəyi nəzərə alaraq, müəssisə özü streç filmləri istehsal etmək niyyətindədir: “Bu məqsədlə “AMEA Yüksək Texnologiyalar Parkında innovasiya xarakterli, ixrac və rəqabət qabiliyyətli çürüyən və çürüməyən streç film istehsalı üzrə ixtisaslaşmış kompleksin yaradılması üzrə” investisiya layihəsi əsasında YT Parkda yaradılması nəzərdə tutulan zavod Qafqaz coğrafiyasında 5 qat PE streç filmləri istehsal edən yeganə istehsalçı olacaq”.
İclasda Ekspertlər Şurasının katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Şuranın üzvləri - İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov, Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov və İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov müzakirə olunan məsələ ətrafında rəy və təkliflərlə çıxış ediblər.
Müzakirələrdə qablaşdırma zamanı xammal kimi istifadə olunan xətli polietilen materialın bütün zəruri tələblərə uyğun digər materiallarla əvəzlənməsi, qablaşdırma zamanı istifadə olunan, xaricdən gətirilən xammalın yerli istehsalının təşkili, qida streçinin hazırlanmasında insan sağlamlığına zərər yetirməyən materiallardan istifadəyə nəzarət mexanizminin tətbiqi, dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan təbiətdə parçalanan streç materialdan istifadəyə diqqət yetirilməsi kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.
Sonda Ekspertlər Şurası üzvlərinin çoxsaylı sualları cavablandırılıb.
İclasda “Bakı Polimer İstehsalat” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.
R.Əliquliyev şirkət təmsilçilərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, bu qurumların elmtutumlu və yüksək texnologiya yönümlü istehsal fəaliyyətini nəzərə alaraq, Azərbaycan qanunvericiliyində göstərilən güzəşt və imtiyazlardan məqsədyönlü şəkildə faydalanacağına, ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqlarına əminliyini bildirib.