Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 3.0.33-20-ci yarımbəndinə əsasən, bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək Agentliyin vəzifələrinə aid edilib.
Eləcə də bax: Dövlət qurumunda restoran sahibləri ilə - Görüş Keçirilib
AQTA-dan FED.az-a bildirilib ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə, Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı ilə müşaiyət olunmalıdır.
Bioloji fəallığa malik qida əlavələrinin idxalı “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı Qərarına, ekspertizası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2018-ci il tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.
Agentlik müvafiq sahədə qanunvericiliyin tələblərinə riayət olunması və istehlakçıların hüquqlarının qorunması məqsədilə, davamlı olaraq bioloji fəallığa malik qida əlavələrinin idxalı sahəsində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi istiqamətində işlər aparır, görüşlər keçirir. Lakin bəzi hallarda sahibkarlar tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu müşahidə olunmaqdadır.
Belə ki, qanunvericiliyin tələbinə əsasən, bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında “Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz” ifadəsi qeyd edilməlidir. Həmçinin bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin bu xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bu tələblərdən irəli gələrək, BFMQƏ-nin istifadə təlimatında hər hansı xəstəliyin adı, profilaktikası və müalicəsi məqsədilə istifadə edilməsi barədə məlumat və ya bu cür təəssürat yaradan ifadələrin göstərilməsinə yol verilmir.
Bununla bağlı, sahibkarlara artıq bir neçə dəfə müraciət edilməsinə baxmayaraq, hələ də BFMQƏ-lərin xəstəliklərin müalicəsi və ya profilaktikası məqsədilə istifadə edilə biləcəyinə dair təəssürat yaratma cəhdləri müşahidə olunur ki, nəticədə istehlakçılar tərəfindən belə məhsullara dair yanlış fikirlərin formalaşması baş verir.
Bir daha bildiririk ki, BFMQƏ-lər farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullar olsa da, onlardan istifadənin tək məqsədi qida rasionunun zənginləşdirilməsidir.
Agentlik sözügedən sahədə fəaliyyət göstərən sahibkarlara bir daha müraciət edərək bildirir ki, ölkəyə idxal olunan bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışı prosesləri mövcud qanunvericiliyin tələbləri çərçivəsində təmin edilməlidir. Qanunvericiliyin tələbləri pozulmaqla idxal edilmiş bioloji fəallığa malik qida əlavələrinin qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsinə və satışına yol verilməyəcəkdir.
Ölkə əhalisinin sağlam qida ilə təmin edilməsi və bu sahədə nəzarətin təşkili, sahibkarlıq subyektlərinin bu istiqamətdə təklif etdikləri məhsul və xidmətlərin yalnız istehlakçı hüquqlarının qorunmaqla dövriyyəyə buraxılması Agentliyin əsas fəaliyyət istiqamətlərindəndir.
Odur ki, sahibkarlıq subyektlərini bir daha bu sahədə qanunvericiliyin tələblərinə əməl etməyə çağırır, istehlakçıların nəzərinə çatdırırıq ki, bioloji fəallığa malik qida əlavələri dərman preparatları deyildir, hər hansı bir xəstəliyin profilaktikası və müalicəsində istifadə edilə bilməz, yalnız qida rasionunun zənginləşdirilməsi üçün istifadə edilən qida əlavəsidir.