Bu ilin sonuna qədər 3500-ə yaxın Füzuli sakininin şəhərə qayıdışı nəzərdə tutulur. Füzuli son 3 ildə, işğaldan azad olunduqdan sonra yenidən qurulur və bərpa edilir. Artıq Füzuli sakinləri öz doğma yurdlarına qovuşur. Təxminən 1000-ə yaxın sakin Füzuli şəhərində məskunlaşıb. Ümumiyyətlə, 2040-cı ilədək Füzuli şəhərində 50 min vətəndaşımız məskunlaşacaq.
FED.az xəbər verir ki, bunu Füzuli şəhərində Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
“Bu gün möhtəşəm gündür, Füzulinin işğaldan azad olduğu gündür. Eyni zamanda, Prezident İlham Əliyevin Sərəncamı ilə Füzuli Şəhəri Günü qeyd olunur”, - deyən deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Qarabağ və Şərqi Zəngəzurun daha intensiv və daha qısa müddətdə bərpasına imkan yaradır. “Məskunlaşma prosesinin sürətlənməsi də bunun göstəricisidir”, - V.Bayramov vurğulayıb. (Azərtac)