2019-cu ildən özəl sektorda səkkiz min manatadək olan əməkhaqlarından verginin tutulması sıfırlanandan vergi yığımlarında yaranan itkilər hesablanıb.
FED.az xəbər verir ki, Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinovun sözlərinə görə, təkcə bu güzəşt amili ilə bağlı vergi daxilolmalarında itkilərin həcmi 320 milyon manat həcmində dəyərləndirilib.
Vergilər nazirinin müavini Sahib Ələkbərov isə dövlətin ciddi güzəştlərə getdiyini vurğulayaraq, vergi daxilolmalarının böyük həcmdə artmasını gözlədiklərini vurğulayıb:
ELƏCƏ DƏ BAX: DSMF-ə təqdim edilən hesabatların taleyi məlum oldu - RƏSMİ
“Hesabatlılıq və şəffaflaşdırma tədbirləri vergi bazasının genişləndirilməsinə imkan verəcək. Vergidən yayınma azalacaq və bunları nəzərə alsaq, vergi daxilolmalarında ciddi artımlar gözləyirik”.
Sahib Ələkbərov 1999-cu ildən bu günə qədər kənd təsərrüfatı məhsullarının istehsalına edilən güzəşt nəticəsində böyük həcmdə vəsaitin sahibkarlara bağışlandığını vurğulayıb:
“Bu vaxta qədər aqrar sahəyə verdiyimiz güzəşt milyard manatlarla ölçülür”.
Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilib və bu güzəştlər kənd təsərrüfatı məhsullarının birbaşa istehsalı ilə məşğul olan şəxslərə tətbiq edilir.
Eyni zamanda, sahibkarlıq subyektlərində yoxlamaların sayı üç dəfə azalıb.
“Nazirlik vergi ödəyicilərini narahat etmək istəmir. 2018-ci ildə cəmi 1 500 səyyar vergi yoxlaması aparılıb. Bu isə 2017-ci ilə nisbətən üç dəfə azdır və hər 300 vergi ödəyicisindən birinin yoxlanması deməkdir”, - deyə S. Ələkbərov vurğulayıb.