Qida Təhlükəsizliyi Agentliyi İrandan gətirilən kividə zərərli orqanizmlər tapıb. Bu barədə Agentlikdən FED.az-a daxil olan məlumatda bildirilir.
Qurumun açıqlamasında deyilir ki:
İran İslam Respublikasından 5 noyabr 2018-ci il tarixli fitosanitar sertifikatla ölkəmizə, “Güllü-80” MMC-nin ünvanına göndərilməsi nəzərdə tutulan 10,4 ton kivi məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən fitosanitar karantin baxışı keçirilərkən, həmin məhsulun zərərli orqanizmlərlə sirayətlənməsi ehtimal olunmuş və məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilmişdir.
Qeyd olunan məhsuldan götürülmüş nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən Tut qalxanlı yastıcası- (Pseudolaspis pentagona) aşkar edilmişdir.
Bildirilir ki, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə uyğun olaraq idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda, onların ölkə ərazisinə idxal olunmasının və yayılmasının qarşısının alınması məqsədilə müvafiq fitosanitar tədbirlər həyata keçirilir.
Qeyd edək ki, tut qalxanlı yastıcası kivi ilə yanaşı bir sıra dekorativ və meyvə bitkilərinə, o cümlədən tut, şaftalı, ərik, gilas, qoz, badam, alma, armud və digər ağaclara ziyan vura bilir. Zərərverici əkin və calaq materialları, meyvələr, yarpaqlar, qablaşdırılmış materiallar, nəqliyyat vasitələri, bir yerdən başqa yerə daşınan odun, çör-çöp ilə, heyvanlarla, küləklə, suvarma kanalları və digər vasitələrlə yayıla bilir.