Bir İR mütəxəssisi olaraq, iş axtaranlara kömək etməklə qarşılığında özüm də sizlərdən kömək istəyirəm. Belə ki, son dövrlər yaranmış vakansiyaların bağlanılması bir qədər ləngiyir. Bu tezliyi artırmaq üçün bəzi “incəlikləri” sizə sirr olaraq açım ki, iş zamanı çətinliklərlə üzləşməyim
Dəyərli namizədlər,
- Əgər iş üçün harasa müraciət etmisinizsə, əlaqə vasitələrinizi aktiv edin.Hansısa səbəbdən telefon zənginə cavab verə bilməmək şansınız varsa, CV-inizdə bunu qeyd edin. (Dəfələrlə əlaqə saxlaya bilmədiyim üçün elektron ünvana məktub göndərməklə yazılı şəklində müsahibəyə dəvət etmişəm, üzərindən 3 gün keçib zəng ediblərki, bəs emailimi indi yoxladım)
- Yaranmış vakansiyanın təqdim edilən vəzifə təlimatı ilə maksimum tanış olun. Əgər Marketing meneceri olaraq çalışmısınızsa, Maliyyə meneceri vakansiyasına müraciət etməyin. İnanın bu menecer o menecerdən deyil
- “Bir az özünüzdən danışın?” sualına: “nə danışım?”, “CV-də hamısı qeyd olunub” və ya bəsit olaraq doğum tarixinizdən başlayıb son iş yerinizdə çalışdığınız tarixi qeyd etməklə bitirməyin. İnanın İR mütəxəssisinə sizin tarixi xronometrajınız deyil CV-də yazmadınız amma özünüzə güvəndiyiniz özəlliklər maraqlıdır. Sizi fərqli edən nələr varsa, onlardan bəhs edin.
- İş üçün müraciət etdiyiniz şirkət haqqında yaxşı olardı ki, ümumi informasiya əldə edəsiniz ki, İR mütəxəssisindən “bağışlayın, şirkətinizin fəaliyyəti nədən ibarətdir?” sualını verib kənardan qeyri peşəkar görünməyəsiniz.
- Vakansiya üçün nəzərdə tutulmuş əmək haqqına diqqətlə nəzər yetirin.Vakansiya üçün şirkət deyək ki, 1500 AZN nəzərdə tutubsa, tələsik CV göndərib müsahibə zamanı 3000 AZN tələbi irəli sürməyəsiniz. Siz savadlı, siz bacarıqlı, siz “super-puper” namizəd ola bilərsiniz amma şirkətin büdcəsi nəyə imkan verirsə, son olaraq onu verəcəkdir. Və ya ola bilər uğurlu namizədi əldən verməmək üçün şirkət özü sizə + ə/h təklif edəcəkdir.
- Müsahibəyə gecikirsinizsə və ya hansısa səbəbdən gedə bilmirsinizsə, bu barədə öncədən məlumat verin, daha müsahibə bitəndən sonra deyil.
- Müsahibə zamanı hüzur yerinə gəlmiş kimi olmayın. İş görüşməsinə yeni bir insan, iş qurumu, yeni mədəniyyəti tanımaq şansı kimi yanaşın. Kim bilir, bəlkə orada gördüyünüz bir hadisə və ya bir şəxs sizdə tam ayrı fikir yaradacaq? yeni ideya verəcək? ola bilsin, şəxsi iş qurmağınız üçün bir təkan olacaq? Hər görüşə həvəslə gedin, həvəslə danışın. “Onsuz alınmayacaq” kimi yanaşacaqsınızsa, inanın ki, alınmayacaq!
- Son olaraq, özünüzün qiymətini, dəyərini bilin. Hazırda çalışmırsınız və ya çalışdığınız qürum sizi hansısa səbəbdən qane etmirsə, qarşınıza ilk çıxan təklifi tələsik qəbul etməyin. Şirkəti araşdırın. Hazırda çalışdığınız şirkətlə iş təklifi aldığınız şirkət arasında fərqə diqqət yetirin. Və ya çalışmırsınızsa belə iş təklifi aldığınız şirkətin “+” və “-“lərinə nəzər yetirin. Axtardığınız, arzu etdiyiniz işdirmi? davam gətirib çalışa biləcəksiniz və ya 3 ay sonra yeni iş axtarışına çıxacaqsınız? Unutmayın, siz sadəcə seçilən tərəf deyilsiniz. Sizin də seçim etmək haqqınız var.