Ən böyük ticarət və strateji portnyorumuz olan Türkiyə ilə Azərbaycan arasında bank əməliyyatlarının həcmi də yüksəkdir. Bu əməliyyatların böyük hissəsi elə türk banklarının payına düşür. Qardaş ölkə Azərbaycanın bank bazarında iki bankla təmsil olunur. Bunlar 100% türk sərmayəli Ziraat Bank Azərbaycan və Yapı Kredi Bank Azərbaycandır. Bəs Türkiyənin hansı bankı Azərbaycanda daha uğurludur? FED.az hər iki bankın fəaliyyətini maliyyə göstəriciləri əsasında müqayisə etdi.
15 illik tarixi fərq
Formal olaraq Yapı Kredi Bank Azərbaycanda daha əvvəldən - 2000-ci ildən fəaliyyət göstərir, Ziraat Bank Azərbaycan isə cəmi 3 il əvvəl - 2015-ci ildən işə başlayıb. Hərçənd, hələ 1996-cı ildən Ziraat Bankası 12,37 % payla Azərbaycanın ilk dövlət bankı Azər-Türk Bankın səhmdarlarından biri idi.
Yapı Kredi bank Azərbaycan QSC nüfuzlu Unicredit (İtaliya) və Yapı və Kredi Bankası A.Ş (Türkiyə) banklarının törəmə bankıdır. İlk illərdə bankın inkişafı çox sürətlə davam etdi. Hər iki ölkədəki iqtisadi inkişaf templəri eyni zamanda bank sektoruna və ölkələrarası bank əməliyyatlarının dinamikasına müsbət təsir göstərdi. Bu potensialı görən Türkiyənin dövlət bankı - Ziraat Bank da müstəqil şəkildə Azərbaycanın bank sektorunda təmsil olunmaq haqqında qərar verdi.
Bank əvvəlcə Azər-Türk Bankda böyük pay almaq istədi, lakin buna razılıq əldə olunmadıqda müstəqil şəkildə bank xidmətləri göstərmək üçün Mərkəzi Bankdan müvafiq lisenziya əldə etdi. Beləliklə, 2015-ci ildə Azərbaycanda devalvasiyanın yaratdığı kəskin maliyyə böhranı dövründə Ziraat Bank Bakıda işə başladı.
Hər iki bankın Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsində, investisiya yatırımda böyük yeri var və türk-azərbaycan iş adamlarının dövlətlərarası bank əməliyyatlarında müxtəlif payları bölüşdürürlər.
“Yapı Kredi”nin işçilərini «əlindən aldı»
Təbii ki, ikinci bir türk bankının, xüsusən də dövlət bankının fəaliyyətə başlaması, Yapı-Kredi Bank Azərbaycanın müştərisi olan bir qism türk iş adamının bank seçimini dəyişdi. Hətta hazırda Ziraat Bank Azərbaycanda çalışan əməkdaşların 80 faizi elə vaxtilə Yapı Kredi Bank Azərbaycanda işləmiş kadrlardır.
Beləliklə, ikinci türk bankının yaranması ilə həm müştərilər, həm də əməkdaşlar bölüşdürüldü.
Hazırda bankların vəziyyəti necədir? Bunun üçün hər iki bankın 2015-ci ilin yükunu və 2017-2018-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini müqayisə etməyə çalışacağıq.
Devalvasiyadan kim itirdi, kim qazandı? – 2015-ci il
Ölkə iqtisadiyyatı və bank sektoru üçün həlledici olan 2015-ci ilə Yapı Kredi Bank Azərbaycan və Ziraat Bank Azərbaycan fərqli statuslarda daxil olmuşdular.
2015-ci ildə Yapı Kredi Bank Azərbaycan 477 milyonluq aktivə malik olanda bazara yeni daxil olmuş Ziraat Bank Azərbaycan 90 milyon manat həcmində aktivə malik idi. Lakin hesabat ilin sonunda Yapı Kredi Bank Azərbaycan 38 min manatlıq mənfəət əldə etdiyi vaxt Ziraat Bank 3 milyon 311 min manatlıq mənfəət açıqladı. Təbii ki, burada Ziraat bankın bazara girdiyi dönəmdə devalvasiya olduğunu və bankın risklərə qarşı həssas və ehtiyatlı davranmasını nəzərə almaq lazımdır. Artıq 15 ildir ki, Azərbaycan bazarında olan Yapı Kredi Bank isə digər banklar kimi devalvasiyadan zərər çəkdi və bankın problemli kredit portfeli yüksəldi. Nəticədə kreditlər üzrə ehtiyata ayırmalar da artdı bu isə öz növbəsində bankın mənfəət göstəricilərinin düşməsinə səbəb oldu.
Yapı Kredi Bank Azərbaycan VS Ziraat Bank Azərbaycan (2015)
Yapı Kredi Bank Azərbaycan | Bankın adı | Ziraat Bank Azərbaycan |
477 647 | Aktivlər | 89 406 |
251 752 | Kreditlər | 10 379 |
409 690 | Öhdəliklər | 36 095 |
67 957 | Kapital | 53 311 |
38 | Mənfəət | 3 311 |
1il ərzində nələr dəyişdi? - 2016-cı il
2015-ci ilin dekabr devalvasiyasından sonra Azərbaycanın bütün banklarında olduğu kimi Türk banklarının Azərbaycandakı törəmələri də ziyan çəkdi. Ayrılıqda baxsaq, Yapı Kredi Bank Azərbaycanın aktivlərində nəzərə çarpacaq azalma və 3 ayın sonunda 10 milyonluq zərər açıqlaması bu banka mənfi təsirlərin daha güclü olduğunu göstərdi.
Çünki kredit portfeli daha böyük olan Yapı Kredi Bank Azərbaycan kreditlərin vaxtında qaytarılmaması problemi ilə üzləşdi. Bankdan depozitlərin geri çəkilməsi halı az olsa da, ehtiyata ayırmalarını artırmağa, passiv və mühafizəkar bankçılıq fəaliyyətinə keçməsinə səbəb oldu. 2016-cı il üzrə konsalidaisya olunmuş audit nəticələri də il ərzində bu tendensiyanın davam etdiyini göstərdi. Bankın aktivləri 17 milyon manat azaldı, yekunda Yapı Kredi Bank 3 milyon 121 min manat həcmində zərər açıqladı.
Ziraat Bank Azərbaycan isə “problemli kredit dərdi”ndən azad olduğu üçün əksinə, aktivlərinin artması ilə önə çıxdı. 2016-cı ilin ilk 3 ayında bankın aktivləri 90 milyon manatdan 114 milyon manata yüksəldi, kredit portfeli isə 10 milyondan 20 milyona qalxdı. Artım depozit portfelində və kapitalda da izləndiyindən bankın dinamika göstərdiyini demək olar. Nəticə isə ilin yekunundakı artım tendensiyasını ortaya qoydu. Audit rəyinə görə, Ziraat Bankın aktivləri 89 milyon 406 min manatdan 130 milyon 819 min manata qalxdı. Ümumilikdə bank sektorunda kredit aktivliyi azaldığı halda, Ziraat Bank Azərbaycan 2016-cı ilin yekun hesabatında 5 dəfədən çox artım qeyd etdi: müştərilərə verilmiş kredit və avanslar 53 milyon 724 min manata yüksəldi.
Bankların mənfəətində azalmalar qeydə alınsa da Türkiyənin dövlət bankı 2016-cı ilin yekununda ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 662 min manat mənfəət artımı əldə edərək 5 milyon 973 min manat yekun göstərici açıqladı.
Yapı Kredi Bank Azərbaycan VS Ziraat Bank Azərbaycan (2016)
Yapı Kredi Bank Azərbaycan | Bankın adı | Ziraat Bank Azərbaycan |
460 055 | Aktivlər | 130 819 |
185 126 | Kreditlər | 53 724 |
395 219 | Öhdəliklər | 71 535 |
64 836 | Kapital | 59 284 |
-3 121 | Mənfəət | 5 973 |
Aktivlərin tərs tendensiyası – 2017-ci il
2017-ci il üzrə Ziraat Bank Azərbaycan audit hesabatını açıqlasa da, Yapı Kredi Bank Azərbaycan hələki təqdim etməyib. Nəzərə alsaq ki, audit rəyi son rüb üzrə göstəriciyə daha yaxın olur, bu səbəbdən də maliyyə göstəricilərini Ziraat Bankın yekun hesabatı, Yapı Kredi Bank Azərbaycanı isə 2017-ci ilin son rübü üzrə aparacağıq.
Maraqlıdır ki, Yapı Kredi Bank Azərbaycan 2017-ci ilin sonunda 10 milyon 110 min manatlıq mənfəət açıqladı. Mənfəətin strukturuna nəzər salsaq, bu ildə bankın faiz gəlirlərinin rüblər üzrə artdığını görə bilərik. Bu isə onu göstərir ki, bankın kredit portfelində müsbət irəliləyişlər və gecikmiş kreditlər üzrə belə faiz ödənişləri daxil olmağa başlayıb. Çünki artımı baş cür izah etmək olmur, ona görə ki, kredit portfelinin həcmi azalır.
Rəqəmlərin müqayisəsini aparsaq, Yapı Kredi Bank Azərbaycanın kredit portfeli 2016-cı il ilə müqayisədə 39 milyon manat gerilıyib. Bankın aktivləri isə 33 milyon manat azalıb və 427 milyon manata düşüb. Azalma tendensiyası öhdəliklərdə də müşahidə olunur, yalnız kapital üzrə 8 milyon manata yaxın yüksəlmə qeydə alınır.
Ziraat Bankın aktivləri isə 2017-ci ildə 34 mlyon manat artaraq 184 milyon manata yüksəlib. Artım tendensiyası kredit portfeli, öhdəliklər, kapital göstəricilərinə də aiddir. Öhdəliklərin artımında müştəri hesablarının çoxalması əsas yer tutur.
Ziraat Bank Azərbaycan-ın yalnız il üzrə mənfəətində 1 milyon manatlıq azalma qeydə alınır. Yəni ilin sonunda bank 4 milyon manat mənfəət açıqladı. Buna səbəb isə son rübdə bankın aktivlər üzrə ehtiyata ayırmalara daha çox vəsait cəlb etməsi oldu.
Yapı Kredi Bank Azərbaycan VS Ziraat Bank Azərbaycan (2017)
Yapı Kredi Bank Azərbaycan | Bankın adı | Ziraat Bank Azərbaycan |
427 291 | Aktivlər | 184 501 |
146 008 | Kreditlər | 67 193 |
354 671 | Öhdəliklər | 121 209 |
72 619 | Kapital | 63 292 |
10 110 | Mənfəət | 4 008 |
Kreditlərin fərqli tendensiyası – 2018-ci il (I Rüb)
Bu ilin birinci rübünün nəticələrinə görə, Ziraat Bank Azərbaycanın aktivləri 2017-ci ilin eyni dövrü ilə müqayisədə 47% yüksələrək 222 milyona çatıb. Yapı Kredi Bank Azərbaycanın aktivləri isə 8% azalaraq 411 milyon manata düşüb. Ziraat Bank Azərbaycan öhdəliklərində və kredit portfelində yenə də müsbət dinamika göstərməkdə davam edib. Belə ki, depozitlərin də daxil olduğu öhdəliklər portfeli 73%, kredit portfeli isə 46% yüksəlib. Yapı Kredi Bank Azərbaycan üzrə isə hər iki göstəricidə düşmə tendensiyasını davam etdirib. Bankın kredit portfeli 1 il ərzində 24% azalaraq 144 milyona, öhdəliklər isə 19% enərək 337 milyona düşüb. Ziraat Bank Azərbaycan bu ilin üç ayında 1 milyon 692 min manat mənfəət açıqladığı halda, Yapı Kredi Bankın mənfəəti 660 min manata enib.
Yapı Kredi Bank Azərbaycan VS Ziraat Bank Azərbaycan (2018/1)
Yapı Kredi Bank Azərbaycan | Bankın adı | Ziraat Bank Azərbaycan |
411 090 | Aktivlər | 222 557 |
144 242 | Kreditlər | 79 414 |
337 636 | Öhdəliklər | 154 707 |
73 454 | Kapital | 67,851 |
660 | Mənfəət | 1 692 |
Yapı Kredi Bank Azərbaycan VƏ Ziraat Bank Azərbaycan - AKTİVLƏR
(min manat)
2015 | 2016 | 2017 | 2018/1 | |
Yapı Kredi Bank Azərbaycan | 477 647 | 460 055 | 427 291 | 411 090 |
Ziraat Bank Azərbaycan | 89 406 | 130 819 | 184 501 | 222 557 |
Yapı Kredi Bank Azərbaycan VƏ Ziraat Bank Azərbaycan - KREDİTLƏR
(min manat)
2015 | 2016 | 2017 | 2018/1 | |
Yapı Kredi Bank Azərbaycan | 251 752 | 185 126 | 146,008 | 144 242 |
Ziraat Bank Azərbaycan | 10 379 | 53 724 | 67 193 | 79 414 |
Yapı Kredi Bank Azərbaycan VƏ Ziraat Bank Azərbaycan - ÖHDƏLİKLƏR
(min manat)
2015 | 2016 | 2017 | 2018/1 | |
Yapı Kredi Bank Azərbaycan | 409 690 | 395 219 | 354 671 | 337 636 |
Ziraat Bank Azərbaycan | 36 095 | 71 535 | 121 209 | 154 707 |
Yapı Kredi Bank Azərbaycan VƏ Ziraat Bank Azərbaycan - KAPİTAL
(min manat)
2015 | 2016 | 2017 | 2018/1 | |
Yapı Kredi Bank Azərbaycan | 67 957 | 64 836 | 72 619 | 73 454 |
Ziraat Bank Azərbaycan | 53 311 | 59 284 | 63 292 | 67 851 |
Yapı Kredi Bank Azərbaycan VƏ Ziraat Bank Azərbaycan - MƏNFƏƏT
(min manat)
2015 | 2016 | 2017 | 2018/1 | |
Yapı Kredi Bank Azərbaycan | 38 | -3 121 | 10 110 | 660 |
Ziraat Bank Azərbaycan | 3 311 | 5 973 | 4 008 | 1 692 |