Azərbaycan hökuməti sosial mənzil alacaq şəxslər üçün pulları hazırlamağa başlayıb - İpoteka və Kredit Zəmanət Fondu 80 milyon manat istiqraz buraxır. FED.az xəbər verir ki, aprelin 19-da Bakı Fond Birjasında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 20 milyon manat həcmində ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərracda hər biri 1 000 manat olmaqla 20 min istiqraz satılacaq.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun ipoteka istiqrazlarının baza emissiya prospekti 30 mart 2018-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 80 milyon manat təşkil edir, illik faiz dərəcəsi 3% təşkil edir.
Xatırladaq ki, İKZF-nin ipoteka istiqrazlarının sataışından əldə edilən vəsaitlər ipoteka krediti verilməsi üçün istifadə edilir. Qarşıdakı dövrdə isə ipoteka ilə satılacaq mənzillərin böyük hissəsi - sosial evlər satışa çıxarılacaq.
Aprelin 6-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) sosial evlərin tikildiyi ilk şəhərcikdə- Yasamal Yaşayış Kompleksdəki evlərin ilk partiyasının satışını elan edib. Agentlikdən FED.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı 7 may 2018-ci il tarixində saat 10:00-da başlayacaq və 7 avqust 2018-ci il tarixi saat 10:00-dək davam edəcəkdir.
Satışa çıxarılan mənzillərin 53-ü bir otaqlı, 142-si ikiotaqlı, 65-i üç otaqlı mənzillərdir. Birotaqlı mənzillərin qiyməti 30 min manatdan, ikiotaqlıların qiyməti 47,3 min manatdan, üçotaqlıların qiyməti 65,6 min manatdan başlayır. Satışa çıxarılacaq 260 mənzilin ümumi dəyəri təqribən 12,6 milyon manat təşkil edir.
Onların hamısının güzəştli kreditlə satılacağı ğəqdirdə həmin mənzillərin alınması üçün İpoteka və Kredit Zəmanət Fondundan təqribən 11,4 milyon manat kredit ayrılması tələb olunacaq. İpoteka istiqrazlarının budəfəki partiyasının buraxılması da məhz bu mənzillərin satışını dəstəkləmək məqsədi daşıyır.
Qedy etdiyimiz kimi, ipoteka istiqrazlarının buraxılışının ümumi həcmi 80 milyon manatdır. Satışa çıxarılacaq sosial evlərin ümumi sayı isə (Yasamal Yaşayış Kompleksindəkilər) 1 843-ə bərabərdir. Açıqlanan qiymətləri nəzərə alanda bu mənzillərin ümumi qiyməti 90 milyon manat, güzəştli şərtlərlə satılacağı ğəqdirdə onların alınması üçün tələb olunan kreditin məbləği isə 80 milyon manatdır.
Başqa sözlə, ipoteka istiqrazlarının yönəldiləcəyi əsas istiqamət sosial mənzillərin satışı olacaq.
O ki qaldı, istiqrazların cəlbediciliyinə, reallığa nəzər saldıqda, həmin istiqrazların gəlirliyi bazarda ən aşağı həddədir. Bank əmanətlərinin orta faiz dərəcəsinin illik 8% olduğu bir bazarda, illik 3% gəlir gətirən manat istiqazları bazarın heç bir oyunçusu üçün cəlbedici deyil.
İstiqrazların gəlirliyini artırmaq da mümkün deyil, çünki güzəştli ipoteka kreditləri 4%-lə ayrıldığına görə, istiqrazların gəlirliyi bu həddi keçməməlidir. Ona görə də, sadəcə ipoteka kreditləri və onkun vasitəsilə tikinti sektorunu dəstəkləmək məqsədi daşıyan istiqrazları yalnız dövlət təşkilatları tərəfindən alınır.
Sosial ev alanlar üçün pullar hazırlanır – 80 MİLYON MANAT
09:07
16 Aprel 2018