FED.az-ın bank sektorundan əldə etdiyi məlumata görə, birləşmənin səbəbi “Bank of Baku”nun maliyyə vəziyyətinin olduqca pis olması və bankın kapitalının tələbə cavab verməməsidir.
Belə ki, 2017-ci ilin əvvəlindən indiyədək bankın kapitalı 44,4% azalaraq ilk 9 ayın nəticələrinə görə, 40,5 mln. Manata enib. Bu da banklar üçün nəzəordə tutulan tələb həddindən (50 milyon manat) azdır. Maliyyə Bazarlarına NƏzarət Palatası bankın səhmdarlarından kapital tələbini yerinə yetirməyi tələb edir, ikinci yol isə bankın digər banka birləşdirilməsidir.
Bu dövrdə bankın digər əsas göstəricilərində də azalma müşahidə edilir. “Bank of Baku”u 2017-ci ilin ilk 9 ayını 31,8 milyon manat xalis zərərlə başa vurub. Bankın aktivləri 21,1%, kredit portfeli 22% azalıb.
Palatanın tələblərini nəzərə alan bankın təsisçiləri konsolidasiya qərara veriblər. Bu məsələ “Bank of Baku”ya təsisçiləri baxımından daha yaxın olan «AFB Bank»la müzakirə edilir. Birləşmə barədə qərarın bu həftənin sonunadək, yəni yaxın saatlarda verilməsi gözlənilir.
****
"Bank of Baku" mətbuatda "AFB Bank" ilə yaxın saatlarda birləşəcəyinə dair yayılan xəbərlərə aydınlıq gətirib.
Bankdan verilən məlumata görə, Bankın fəaliyyəti ilə bağlı bu kimi mühüm qərarlar Səhmdarların Ümumi Yığıncağında qəbul olunur.
Bank ictimaiyyətin nəzərinə çatdırır ki, bu istiqamətdə heç bir qərar qəbul olunmayıb. "Bankın fəaliyyəti ilə bağlı hər hansı bir yenilik və ya dəyişiklik olduğu təqdirdə, ictimaiyyətə bu barədə Bankın məsul şəxsləri tərəfindən rəsmi məlumat veriləcək"-deyə açıqlamada bildirilir.