13 iyun 2019 17:28

Azərbaycanda kiçik sahibkarlıq sahəsinə - 10 MİLYON DOLLAR SƏRMAYƏ YATIRILACAQ

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Omni World Holdings Limited” şirkəti Azərbaycanda kiçik və orta biznes (KOB) sahəsində potensial layihələrin reallaşdırılmasına investisiya yatıracaq.

Eləcə də bax: «Pulu olan soyuducu anbara yatırsın» - EKSPERT TƏQRİBİ GƏLİRLƏRİ AÇIQLADI

FED.az xəbər verir ki, “Report”un məlumatına görə, bununla bağlı bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Omni World Holdings Limited”in nümayəndələri arasında görüş keçirilib, əməkdaşlıq imkanları müzakirə edilib.

Görüş çərçivəsində KOBİA və “Omni World Holdings Limited” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Omni World Holdings Limited”in sədri Erik Alfred Şayer imzalayıblar.

Sənədə əsasən, “Omni World Holdings Limited” ölkəmizdə turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, səhiyyə sahələri daxil olmaqla iqtisadiyyatın müxtəlif sektorlarında potensial layihələrin reallaşdırılmasına investisiya yatıracaq. “Omni World Holdings Limited” tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq sahəsində həyata keçiriləcək layihələrə ilkin olaraq 10 mln. ABŞ dolları həcmində investisiyanın yatırılması nəzərdə tutulur.

Ümumiyyətlə, Anlaşma Memorandumuna əsasən, KOBİA və “Omni World Holdings Limited” KOB-ların təşviqi üçün dəstək tədbirlərinin həyata keçirilməsi, müvafiq qurumların əlaqələndirilməsi və maliyyə xidmətləri sahəsində əməkdaşlıq, qarşılıqlı faydalı layihələr, ən yaxşı texnologiyalar və biznesin idarə edilməsi sahəsində yeniliklər barədə məlumatlandırma, KOB-lar arasında əməkdaşlığı gücləndirmək üçün seminar, sərgi və digər təşviqat tədbirlərinin təşkili kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin məqsədyönlü islahatları nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb. Onun sözlərinə görə, xarici investorların cəlb edilməsi ümumilikdə iqtisadiyyatın şaxələndirilməsi, o cümlədən kiçik və orta biznesin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir: “Azərbaycanda kiçik və orta biznesin fəaliyyət istiqaməti genişlənir və kiçik və orta biznesə maliyyə dəstəyinin göstərilməsinə ehtiyac yaranıb. Bu istiqamətdə dövlət mühüm işlər görür. İnvestisiyaların cəlbi bu istiqamətdə görülən əsas prioritet məsələlərdəndir". 

O, gələcəkdə bu investisiyaların artacağına inandığını vurğulayıb.

“Omni World Holdings Limited”in sədri Erik Alfred Şayer isə bildirib ki, Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb, kiçik və orta sahibkarlığın inkişafına xüsusi önəm verilir və bu sahədə müxtəlif tədbirlər həyata keçirilir.

Onun sözlərinə görə, “Omni World Holdings Limited” Azərbaycanda KOB sahəsində layihələrin reallaşdırılmasında maraqlıdır və bu sahədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcəyik: “Azərbaycanda siyasi sabitlik, iqtisadi islahatlar nəticəsində xarici investorlar üçün daha maraqlı sahələr aşkarlanıb. Biz bu sahələrə investisiya yatırmaqda maraqlıyıq. Apardığımız dərin araşdırmalar zamanı məlum olub ki, Azərbaycanda hökumət tərəfindən kiçik və orta biznesə böyük dəstək göstərilir. Bu cür dəstək bizim Azərbaycanda investisiya yatırmağımıza böyük zəmin yaradır”.

O qeyd edib ki, şirkət ilkin olaraq 10 mln dollar həcmində investisiya yatırımı edəcək: “Gələcəkdə yatıracağımız investisiyanın həcmi 50 milyona, hətta 100 milyon dollara çatdırıla bilər”. 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz