Azərbaycanda ilk dəfə olaraq logistika subsidiyalarının ödənilməsinə başlanılacaq.
Azərbaycanda logistika subsidiyasının verilməsi vaxtı - AÇIQLANDI
FED.az xəbər verir ki, söhbət biznesin – sahibkarların və şirkətlərin nəqliyyat xərclərinin bir hissəsinin dövlət tərəfindən ödənilməsindən gedir.
Bu yenilik sahibkarların istehsal olunaraq xaricə ixrac etdiyi malların daşınması xərcinə şamil olunacaq.
Azərbaycanda tamamilə yeni bir dəstək növü olan logistika subsidiyaları məsələsi 2023-cü ilin əvvəlində ortaya çıxıb. Həmin vaxt İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPOMO) rəhbəri Yusif Abdullayev bildirmişdi ki, dövlət sahibkarlara logistika subsidiyası təqdim etmək niyyətindədir. Qarabağda fəaliyyət göstərən logistika subsidiyaları daha böyük olacaq.
Belə ki, ölkə üzrə logistika subsidiyaları 5 il, işğaldan azad edilən ərazilərdə isə 10 il müddətinə tətbiqi olunacaq. Layihənin hələ ötən ilin martında Nazirlər Kabinetinə təqdim olunmapsı gözlənilirdi.
Ekspertlər bu yeniliyin Azərbaycan sahibkarları üçün faydalı olduğuneu bildirirlər. Onların fikrincə, logistika subsidiyasının verilməsi ilk növbədə ölkəmizin ixrac potensialının artmasına gətirib çıxaracaq. Nəqliyyat xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması isə daşınan malın maya dəyərini, yəni satış qiymətini aşağı salacaq. Bu isə Azərbaycan mallarının xaricdə rəqabət qabiliyyətini artıracaq.
Bununla yanaşı, 2023-cü il ərzində logistika subsidiyaları tətbiq edilməyib. Əvəzində bir neçə gün əvvəl İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib ki, logisitika subsidiyalarının verilməsinə 2024-cü ilin ikinci yarısında başlanacaq.
Onun sözlərinə görə, hazırda ənənəvi bazarlarla bağlı təhlillər aparılır: «Bəzi məhsullar üzrə subsidiyalaşma həyata keçiriləcək. Amma logistika subsidiyasının məğzi yeni ölkələrə, yeni bazarlara və ən önəmlisi, işğaldan azad olunmuş ərazilərdə yeni yaranmış istehsal olan yerlərdən məhsulların xarici bazarlara çatdırılması ilə bağlıdır».
AZPROMO-nun rəhbəri bildirib ki, bu subsidiya Azərbaycanda bütün ixracatçılara şamil olunacaq və yeni mexanizm ölkədən ixracın yeni bazarlara genişləndirilməsinə dəstək olacaq.