"Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar və sərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki, hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər. Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır və ümid edirəm ki, biznes-forum bu vaxta qədər, əfsuslar ki, bir az mülayim görünən qarşılıqlı ticarətimizin dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çevriləcək".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Azərbaycan və Latviya prezidentlərinin mətbuata bəyanatlarla çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.
İlham Əliyev, "Nəzərdən keçirmək razılığına gəldiyimiz digər sahə birbaşa uçuşlardır" deyərək çıxışına belə davam edib:
"Bu, xüsusən də, müəyyən pozulmalar, həmçinin bəzi hava şirkətləri üçün aviayanacağın müəyyən dərəcədə çatışmaması ilə səciyyələnən indiki dövrə təsadüf edir və xoşbəxtlikdən Azərbaycanın hava şirkəti bundan əziyyət çəkmir. Bu, digər bir fürsət ola bilər.
Təbii ki, insanlar arasında təmaslar və təhsil sahəsi də var. Şadıq ki, Latviyada 450-dən artıq azərbaycanlı tələbə təhsil alır və əminəm ki, onların hamısı gözəl ölkənizdə olmaqdan məmnundur. Çoxsaylı səfərlərim yadıma düşür və Sizi ölkənizin inkişafında əldə olunmuş bütün nailiyyətlər münasibətilə təbrik etmək istəyirəm".













