ABŞ və İsrailin İrana hücumu və bundan sonra başlayan müharibə səbəbindən bu regiondakı nəqliyyat dəhlizləri fəaliyyətini dayandırıb. Bu vəziyyətdə Azərbaycanın da iştirakçısı olduğu Orta Dəhlizlə daşımalara tələbat kəskin artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağvamirzəyev məlumat verib.
Xatırladaq ki, Qazaxıstandan başlayır, Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə qədər davam edən Orta Dəhliz Orta Asiya məhsullarının Avropaya nəqli üçün əsas istiqamətlərdəndir.
“Cəmi bir həftə əvvəl perspektivli marşrut kimi qiymətləndirilən Çin–Qazaxıstan–Azərbaycan–Gürcüstan-Türkiyə–Avropa xətti, İran ətrafında gərginlik və Hörmüz boğazının bağlanması riskindən sonra bir çox ticarət şirkətləri üçün faktiki olaraq “yaşamaq marşrutu”na çevrilib”-deyə ekspert bildirib.
Belə ki, son 7 gündə bu marşrut üzrə konteyner daşımalarına tələbat ötən ilin eyni dövrü ilə müqayisədə 450–500% artıb. Aktau və Bakı limanlarında yük axını kəskin artdığı üçün emal müddəti 3 dəfə uzanıb. Hazırda Orta Dəhlizlə çatdırılma müddəti təxminən 15 gün təşkil edir. Müqayisə üçün bildirək ki, ənənəvi dəniz yolu ilə bu müddət 45–55 gün davam edir.
İran ətrafındakı gərginlikdən sonra investorların “İnkişaf Yolu” layihəsinə marağı da artıb. İraqdakı Grand Faw limanının planlaşdırılan illik tutumu 30 milyon tona qədər yenidən qiymətləndirilir.
Ekspert bildirib ki, Bakı–Tbilisi–Qars xətti ilə daşımalar da, artıq demək olar ki, fiziki həddə çatıb: «Belə ki, son bir həftədə daşımalar 35% artıb, sərhədlərdə qatar növbələri isə bir neçə kilometrə qədər uzanıb. Geosiyasət bir daha göstərir: logistika marşrutları təkcə iqtisadi deyil, həm də strateji məsələdir».














