Bank kartları ilə metroda ödəniş üçün araşdırmalar aparılıb.
"Bakı Metropoliteni"də QR ödəniş üsulunun tətbiqinə başlanılır
FED.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, metropolitendə bank kartları ilə ödəniş sistemin tətbiqi öyrənilib.
"Gələn ilin əvvəlindən bank kartları ilə metroda ödəniş sisteminin texniki qaydada həlli üçün işlərə başlanılacaq. İlk texniki sınaqlardan sonra ictimaiyyətə məlumat veriləcək", - deyə B.Məmmədov əlavə edib.
B.Məmmədov qeyd edib ki, gediş haqqının çeşidli şəkildə ödənilməsi məsələsi “Bakı Metropoliteni”nin diqqət mərkəzindədir.
"Yeni texnologiyaların imkanlarından istifadə olunması istiqamətində işlər aparılacaq", - deyə o, əlavə edib.
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-də pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılıb. Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər. (Trend)