«Azərbaycan Dəmir Yolları» QSC (ADY) bu qurumda işə qəbul prosesini tamamilə məsafədən rejimə keçirib.
Qurumdan FED.az-a verilən məlumata görə, namizədlər arasında aparılan müsabiqənin hər üç mərhələsi – ilkin seçim, testləşdirmə və müsahibə – məsafədən həyata keçirilir.
«Bu həll ölkəmizin istənilən yerindən namizədlərin iş elanlarına evdən çıxmadan müraciətinə və növbəti mərhələlərdə onlayn rejimdə iştirakına geniş imkanlar yaradır»-deyə məlumatda bildirilir.
Bu məqsədlə ADY-də şəxsi kabinet, minlərlə test sualından ibarət baza və stasionar elektron test mərkəzi, daha sonra isə mobil elektron test sistemi istifadəyə verilib.
Bu stasionar test mərkəzi və mobil test sistemi sayəsində Bakı və ətraf bölgələrlə yanaşı ölkəmizin digər ərazilərində yaşayan vətəndaşlar da paytaxta gəlmədən işə qəbul müsabiqəsinin test mərhələsində iştirak edə bilirlər. Bu mərhələni uğurla keçən namizədlər müsahibələrdə də onlayn şəkildə iştirak edə bilirlər.
ADY-nin rəsmi saytının “Karyera” bölməsində (career.ady.az) işə qəbul prosesi haqqında bütün məlumatları əldə etmək, cari vakansiyalarla tanış olmaq və onlara müraciət edib müsabiqədə iştirak etmək mümkündür.
ADY-nin İnsan resursları idarəsinin rəisi Tural Məmmədov yeniliklə əlaqədar bildirib ki: «Azərbaycan Dəmir Yolları» QSC-nin insan resursları idarəsi daxili işlərlə yanaşı namizədlərlə və işçilərlə olan əlaqələri də elektron və onlayn qaydada tənzimləməyə başlayıb. İşə qəbul prosesi ilə yanaşı digər funksiyalar da onlayn həyata keçirilir. Məsələn, işçilərin sahə üzrə biliklərinin qiymətləndirilməsi, təlimlərin təşkili prosesləri də onlayn keçirilir».
Qurumdan bildirilir ki, işə qəbul sahəsində yeniliyin başlıca məqsədi karyerasını «Azərbaycan Dəmir Yolları» QSC-də qurmaq istəyən namizədlərə bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bərabər şərait yaratmaq, müsabiqələrdə şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir. «ADY vətəndaşların Cəmiyyətin əməkdaşı olmaq arzusunu yüksək qiymətləndirir və bu yolda onlara uğurlar arzu edir»-deyə açıqlamada bildirilir.