Intensiv yağıntılar nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 75.2-cü kilometrlik hissəsində (sağ tərəf) sürüşmə baş verib.
FED/az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, nəticədə yolun sağ çiyin hissəsi 150 metr uzunluğunda və torpaq yamacı 40 metr enində olmaqla sıradan çıxıb.
Bundan başqa, yolun sol hərəkət istiqamətində torpaq yatağı yamacının hərəkət hissəsinə doğru sürüşdüyü müəyyən edilib. Sürüşən hissənin uzunluğu 240, eni yamac boyunca 50 metr təşkil edir. Yolun hərəkət hissəsinin hər iki istiqamətində çatlar və çökmələr əmələ gəldiyi və hazırda sürüşmə prosesinin inkişaf fazasında olduğu da qeydə alınıb.
***
Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib ki, son günlər bölgələrdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur:
“Yağan yağışlardan sonra şimal bölgəsində, Xınalıq kəndindən 2 km şimal-şərqdə, İsmayıllı rayonunun Qoydan kəndində və Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu hissəsindən keçən 75-ci km-də sürüşmə və çökmə prosesləri qeydə alınıb.
Hazırda Agentliyin əməkdaşları tərəfindən sözügedən ərazilərdə araşdırma və monitorinqlər davam etdirilir”.