Metropolitendə müasir texnologiyalar və dünya standartları tətbiq ediləcək
Bakı metropoliteni paytaxtda əsas ictimai nəqliyyat vasitəsidir və metrodan hər gün minlərlə insan istifadə edir. İlk dəfə metro Bakıda 1967-ci ildə istismara verilib və stansiyaların əksəriyyəti də Sovetlər dövründə istifadəyə verilib. Bir çoxları müstəqillik dövründə tikilən stansiyaların azlığından şikayət edirlər. Onların fikrincə, metroya daha çox investisiya qoymaqla, şəhərin ictimai nəqliyyat yükünü xeyli azaltmaq olardı. Bundan başqa, metrodakı digər problemlər də sakinləri narahat edir. Son dövrlərdə qatarlarda tez-tez nasazıqların yaranması, sərnişinlərin qatarlardan boşaldılması, qatarların gecikməsi kimi hallar yaşanır. Bakucity.az bu dəfə Bakı metrosunun problemlərini araşdırıb, hansı yeniliklərin gözlənildiyini müəyyənləşdirib. FED.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bəzi sualları cavablandırıb.
Eləcə də bax: Azərbaycanda daha bir pullu yol çəkilir - 2021-ci ilədək açılacaq
Yeni stansiyaların tikintisində müasir texnologiyalar və dünya standartları tətbiq ediləcək
Bəxtiyar Məmmədovun bildirdiyinə görə, Bakı Metropolitenində islahatlar 2011-ci ilin konseptual inkişaf planına uyğun olaraq aparılır və hal-hazırda paytaxtın Ceyhun Səlimov küçəsində tikilməkdə olan Bənövşəyi xəttin 3-cü (B3) stansiyasında tikinti işləri dövlət planına uyğun irəliləyir. Bu xətt müasir texnologiyaların və dünya standartlarının tətbiqi ilə fərqlənəcək:
""Memar Əcəmi" B3 stansiyasında yol infrastrukturunun qurulması istiqamətində əsas işlər görülüb və burada ilk dəfə olaraq ağac şpallardan yox, metropolitenin istehsalat sahəsinə aid dəmir-beton bloklardan istifadə olunacaq. Bakı iqlimində ağac şpalların dayanıqlığı 40 ildirsə, yeni şpalların ömrü minimum 50 ildir. 2-ci böyük yenilik isə stansiyanın arxasında dönmə kamerasının olması və bənövşəyi xətt üzrə əlil arabaları üçün liftlərin quraşdırılmasıdır”.
B. Məmmədov həmçinin qeyd edib ki, yeni stansiyalar 3 mərtəbəli olacaq:
“Bu müasir dövrün daha bir tələbidir. İnsanların stansiyalardan təxliyəsi, stansiyaya daxil olmaları, çıxmaları daha rahat və təhlükəsiz olmalıdır. “Memar Əcəmi” B3 stansiyasıda artıq tikintinin həlledici mərhələsi başlayıb, müəyyən sahələrdə isə quraşdırılma işləri görülür. Stansiyada ümumilikdə 17 eskalator istifadəyə veriləcək. Hər xəttin öz deposu olacaq. “Avtovağzal” istiqamətindən “Xocahəsən” deposuna gedən tunellərindən biri 2018-ci ildə inşa olunub, digər tunelin tikintisi isə davam edir".
Eləcə də bax: Heydər Əliyev Beynəlxalq Aeroportunda baqajlarınız necə yoxlanılır? - REPORTAJ
“Metrostansiyanın tikintisi heç də ucuz başa gəlmir”
“Bakı metropoliteni yerin altı ilə bütün şəhəri əhatə edəcəyindən hansısa stansiyanın və ya tikinti işinin aparıldığı dövrdə ortaya müxtəlif problemlər çıxa bilər, - metropolitenin mətbuat katibi davam deyib: bundan əlavə, metrostansiyanın tikilməsi heç də ucuz başa gəlmir. Bakı metropoliteni özü-özünü təmin edən müəssisə deyil. Ümumiyyətlə, dünyada özü-özünü maliyyə cəhətdən təmin edən metropolitenlərin sayı çox azdır. Metropoliten stansiyaları dövlətin ayırdığı vəsait hesabına tikilir və bu baxımdan da onu dövlətin sosial layihəsinin tərkib hissəsi hesab etmək olar. Yəni, tunellərin inşası və s. əvvəlcədən planlaşdırılmalıdır ki, metro stansiyalarının artımı baş versin”.
Qatarların metroda tez-tez ləngiməsi, tuneldə qalması məqamlarına münasibət bildirən katib bu məsələnin deyildiyi qədər çox baş vermədiyini bildirib:
“Metro yerin altı ilə hərəkət edən nəqliyyat vasitəsidir və hərəkətin gur vaxtında interval 2 dəqiqə ilə hesablanır. Amma yerin üstündə olduğu kimi altında da müəyyən texniki nasazlıqlar və ya hansısa problemlər yarana bilər. Ümumiyyətlə, metro paytaxtda ən çox istifadə olunan nəqliyyat vasitəsidir, buraya sərnişin axını daha çoxdur və buna görə də müəyyən texniki problemlər dərhal rezanans doğurur. Metropolitenin qarşısına qoyduğu ən ümdə məsələ sərnişinlərin təhlükəsizliyidir və indiyənə qədər həyat üçün təhlükəli hadisələr olmayıb. Qatarlarımızın texniki baxışı, texniki xidmət, təmir növləri və s. hamısı vaxtı-vaxtında və qaydasında həyata keçirilir. Bakı Metropolitenində istismar müddətini başa vurmuş qatar anlayışı olmayıb, olmayacaq da.
Bəzən sərnişinlər qatarların gəlmə vaxtını dəqiq bilmək istəyirlər. Vaxt göstəricisi isə əsasən qatarın maşinisti üçün və onun idarəetmə sistemləri üçündür. Qatarın gəlib getməsində sərnişini maraqlandıra biləcək informasiya sadəcə olaraq əlavə faydalı informasiyadır. Hal-hazırda Bakı metropolitenində sadəcə qatarın getdiyi vaxtın göstərilməsi həm də növbəti qatarın gələcəyi vaxtı göstərir. Qeyd etdiyim kimi, qatarların interval vaxtı 2 dəqiqədən başlayır və sərnişin sıxlığından asılı olaraq yuxarıya doğru dəyişir. Bakı metropolitenində qüsurlar həmişə olub, indi də var, amma sərnişin həyatının təhlükəsizliyi baxımından metromuz həmişə nümunəvi olub”.
Məmmədov sonda qeyd edib ki, bu il ərzində 6 qatar (30 vaqon) alınacaq ki, bu da istismardan 30 vaqonun çıxarılaraq yenilənməsi deməkdir. Bundan başqa, ventilyasiya sistemində dəyişikliklər olacaq, 7 yeni ventilyator alınacaq.
Qeyd edək ki, dövlət proqramına uyğun olaraq 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğunun 119,1 km-ə, stansiyalarının sayının isə 76-ya çatdırılması gözlənilir.
©Bakucity