Bakı metrosu 52 ilə yaxındır fəaliyyət göstərir. Bu gün paytaxtda sərnişinlərin böyük əksəriyyətinin istifadə etdiyi nəqliyyat vasitəsi məhz metrodur. Bəs Bakı Metropoliteni sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək üçün hansı işlər görüb və bundan sonra hansı tədbirləri planlaşdırır? FED.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov müsahibəsində bir çox məsələlərə toxunub.
- Əlixan müəllim, mümkünsə, 2018-ci ildə Bakı Metropolitenində görülmüş işlərə nəzər salardıq.
- Qeyd edim ki, Bakı Metropoliteni fəaliyyət göstərdiyi illər ərzində istismarda olan avadanlıq, sistem və qurğuların bir çoxu fiziki və mənəvi baxımdan köhnəlmişdi. Bu avadanlıq və sistemlərin bir çoxunun əsaslı şəkildə yenilənməsi, modernləşdirilməsi tələb olunurdu. Bu məsələ "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaranandan sonra daha sürətlə həllini tapmağa başladı. Bakı Metropoliteni ilə "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin birləşdirilməsi yolu ilə metro istismarı ilə metro tikintisi vahid quruma tapşırılandan sonra əsaslı təmir işlərinə, yeni texnologiyaların daha vüsətlə tətbiqinə geniş meydan açıldı.
Konkret olaraq 2018-ci ildən danışsaq, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində çox böyük işlər görülüb. İlk növbədə, "Sahil" stansiyasının yenidən qurulması qeyd oluna bilər. 9 ay ərzində stansiya demək olar ki, tamamilə yenidən quruldu. Platforması, vestibülü, kommunikasiya, ventilyasiya sistemləri, eskalatorları, bir sözlə, stansiyanın bütün infrastrukturu əsaslı əşkildə yeniləndi. "Sahil" metronun ən dərin stansiyalarından biri olmaqla yanaşı, həm də birçıxışlıdır. Burada 50 il əvvəl quraşdırılmış 3 eskalator var idi və istismar müddətini başa vurmuşdu. Həmin estalatorlar xüsusi layihə əsasında 4 ən müasir tipli eskalatorla əvəzləndi. Bu da sərnişin rahatlığı və təhlükəsizliyinin əsaslı şəkildə artırılmasına xidmət etdi.
"Sahil" stansiyasının yenidən qurulmasında "Nizami" stansiyasında gördüyümüz işlər zamanı əldə etdiyimiz təcrübədən geniş istifadə etdik. Bilirsiniz ki, "Nizami" metro stansiyası tarixi memarlıq abidəsidir. Orada dahi şairimiz Nizami Gəncəvinin əsərləri əsasında pannolar qurulub. Pannoların arxasında olan konstruksiya və beton elementlərinin əsaslı təmiri böyük çətinlik yaradırdı. Əsas vəzifə pannoların ilkin görünüşünün qorunması idi. Təmir işlərinin digər çətinliyi ondan ibarət idi ki, stansiya sərnişinlərin giriş-çıxışı üçün bağlanmamalı idi. Bütün çətinliklərə baxmayaraq, stansiyanın plaftormasının yenidən qurulması işlərini uğurla başa vurduq.
Daha sonra "Bakmil" stansiyasında təmir işlərinə başladıq. Bildiyiniz kimi, "Bakmil" Bakı Metropoliteninin yeganə yerüstü stansiyasıdır. Əvvəllər bu stansiyanın sərnişindaşımada bir o qədər böyük rolu yox idi, lakin hazırda çox böyük əhəmiyyətə malikdir. Çünki artıq stansiyanın ətrafında bir çox iş yerləri açılıb, idarə və təşkilatlar fəaliyyət göstərir. Stansiyanın birinci mərtəbəsinin döşəməsi yolun asfalt örtüyündən 60 santimetr aşağı idi və bu da böyük problem yaradırdı. Stansiya açıq tipli yerüstü olduğuna görə, yağışlar yağanda stansiyanı su basırdı, bunun qarşısını almaq isə mümkün deyildi. Eyni zamanda, stansiyanın konstruksiyaları, pəncərələri, qapıları, zahiri elementləri və s. köhnəlmişdi. "Bakmil"də də təmirə giriş-çıxışı sərnişinlər üçün bağlamadan başladıq. Açıq hava şəraitində olması ilə əlaqədar xüsusi yeniliklər etdik. Müasir texnologiyaların tələbləri səviyyəsinə çatdırılan stansiyada artıq işlər yekunlaşıb. Hazırda stansiya ərazisində yaşıllaşdırma işləri aparılır.
"Bakmil" stansiyasının bütün kommunikasiyası, texniki təchizatı yenidən qurulub. Stansiyanın platforması əvvəllər açıq idi, indi isə yarımqapalı vəziyyətdədir. Sərnişin platformasının üstü bağlanıb, sərnişinlərin yağıntıdan qorunması, həmçinin təhlükəsizliyi və rahatlığı təmin olunub, stansiyada müasir oturacaqlar quraşdırılıb. Fevral ayının sonunadək stansiya tam olaraq sərnişinlərin istifadəsinə veriləcək.
Həmçinin "Xətai" stansiyasında yenidənqurma işlərinə 2018-ci il sentyabrın 27-də başlanılıb. Bu stansiya buna qədər də bir neçə dəfə bağlanmışdı. Burada "Xətai-Cəfər Cabbarlı" mənzilində məkik hərəkət təşkil edildiyindən, qatarların hərəkəti sıx olmadığından, həm də havalandırma sistemi zəif olduğundan bu mənzildə tunellərin və "Xətai" stansiyasının infrastrukturu faktiki olaraq yararsız vəziyyətə düşmüşdü. Stansiyanın platformasını və baş stansiya yollarından birini 3 il əvvəl yenidən qurub sərnişinlərin istifadəsinə verdik. Hazırda digər baş stansiya yolu, yer səthində olan hissəsi, kommunikasiyaları yenidən qurulur. Təbii ki, 50 illik istismar müddətini başa vurmuş eskalatorlar da yeniləri ilə əvəzlənir. Burada da "Sahil"də olduğu kimi, sökülən 3 eskalatorun əvəzinə 4 müasir eskalator qurulur. Bu stansiya Bakı metrosunun ən dərin stansiyasıdır. Stansiyanın eskalator lentinin uzunluğu 100 metrə yaxındır. Bunlarla yanaşı, "Xətai-Cəfər Cabbarlı" mənzili boyunca tunellərdə də infrastrukturun yenidən qurulması işləri aparılır. Stansiya bu ilin iyun ayında istifadəyə veriləcək.
Hazırda metropolitendə işarəvermənin ən yeni sisteminin tətbiqinə "Nərimanov" elektrik deposundan başlanıb. Bu, "ox sayğacları" bazasında qurulan bir sistemdir. Yenilik nəticəsində yollardakı çoxsaylı elektromexaniki avadanlıqlara ehtiyac qalmayacaq. Ən son nəticədə isə qatarlar radiodalğalarla idarə olunacaq. Bu, dünyanın ən mötəbər texnologiyasıdır və MDB ölkələrinin heç birində yoxdur. Başqa sözlə, bu texnologiya regionda ilk dəfə Bakıda tətbiq olunacaq. Bu işi Fransa şirkəti ilə birgə həyata keçiririk. Layihəyə ötən ilin əvvəlində başlamışıq, bu ilin iyul ayında başa çatdıracağıq. Depo ərazisində sistemin yerləşəcəyi binanı xüsusi və ən əsası, unikal nümunəvi layihə əsasında tikmişik. Sistem depodan metro xətlərinə verilən qatarların hərəkətini idarə edəcək. Ümumən, onun özəlliyi ondan ibarətdir ki, qatarların hansı vaxtda xəttə çıxmalı olduğu, harada olduğu, hansı dayanacaqda dayanmalı olduğu və digər məsələlər bu sistemlə təyin ediləcək. Artıq sistemin kommunikasiya və avadanlıqları quraşdırılıb, hazırda avtoəyləclər, işıqforlar və digər avadanlıqlar quraşdırılır. Bu ilin iyun-iyul aylarında işlər yekunlaşacaq və "Nərimanov" elektrik deposunun işarəvermə, bloklama və qatarların hərəkəti sistemi Avropa və MDB ölkələri sırasında ən qabaqcıl sistemlərdən biri olacaq.
- Bu sistem yalnız elektrik deposunda olacaq, yoxsa bütün stansiyalarda?
- Bu, böyük bir sistemin tərkib hissəsidir, qatarların radiodalğalarla idarə olunması sisteminin (CBTC) tətbiqində ilk addımlarımızdır. Bu sistemin Bənövşəyi xətdə bütövlükdə tətbiq edilməsi üzərində iş aparırıq. İndi depodan başlamaqla gələcəkdə həm də Qırmızı və Yaşıl xətlərdə tətbiq etmək üçün ilk addımları atırıq. Bu sistemin sayəsində qatarların dəqiq hərəkətinə nəzarət etməklə yanaşı, tunellərdə olan çoxsaylı mürəkkəb, saxlanması və təmiri böyük xərclər, həmçinin qulluq tələb edən avadanlıqlar azalacaq, idarəetmə daha etibarlı, səmərəli və keyfiyyətli olacaq.
- Bakı Metropolitenində vaqonların əsaslı təmiri sexi istifadəyə verildi. Sexin fəaliyyəti qənaətbəxşdirmi?
- Deyə bilərəm ki, bu sex xərclərimizi xeyli miqdarda azaldıb. Əvvəllər qatarları əsaslı təmir üçün ölkə xaricinə göndərirdik. Bu, külli miqdarda vəsait tələb edirdi. İndi bu xərclər ləğv edilib. Artıq həmin sexdə iki qatar təmir edilərək xəttə buraxılıb. Cari ildə daha 3 qatar tərkibini, yəni 15 vaqonu təmir etməyi planlaşdırırıq. Bu prosesdə vəsaitə 50 faizdən artıq qənaət edirik. Bu vəsait isə yüz minlərlə avro ilə ölçülür. Əsaslı təmirlə yanaşı, burada vaqonlar həm də modernləşdirilir. Bununla qatarların müasir dövrün tələblərinə maksimum uyğunlaşdırılması təmin olunur. Sexdə işçilər üçün bütün şərait yaradılıb, həmçinin təchizatı dövrün tələblərinə uyğundur. Qaldırıcı mexanizmlər, korroziyadan qumla təmizləmə, rənglənmə kameraları, təmir sahəsi və s. bir sözlə, iş üçün ən münbit şərait qurulub.
- Metronun havalandırma sisteminin yenilənməsi istiqamətində hansı tədbirlər görülür?
- Bu il metronun havalandırma sisteminin yenilənməsi istiqamətində də əsaslı yeniliklər gözlənilir. Ventilyasiya sisteminin təkmilləşdirilməsi işlərini sürətləndirmək planlaşdırılır. Hazırda 7 güclü ventilyator zavod şəraitində sınaqdan çıxarılır. İstehsalçı zavoda "Bakı Metropoliteni" QSC-nin məsul şəxsi ezam olunub və avadanlıqlar sınaqdan keçirilib. Həmin süni havalandırma avadanlıqları Bakıya gətirilərək metroda quraşdırılacaq. Plana görə, ilkin olaraq 3 şaxtada havalandırma sistemi dəyişdiriləcək.
- Bir müddət əvvəl metronun "28 May" stansiyasında Qırmızı və Yaşıl xətlərin ayrılması məsələsi gündəmdə idi.
- Məlum olduğu kimi, Qırmızı və Yaşıl xətlər "28 May" stansiyasında kəsişir. Bakı Metropoliteninin inkişafı bu məsələnin həll olunmasından sonra daha da sürətlə həyata keçirilə bilər. Amma bunun üçün bəzi şərtlər var: "Həzi Aslanov" stansiyasından "Xətai" stansiyasına qədər tunellər tikilməlidir, "Dərnəgül" stansiyasından ən azı "Koroğlu" stansiyasına qədər olan hissə istifadəyə verilməlidir. Bu işlərdən sonra "Cəfər Cabbarlı" və "28 May" stansiyaları ayrılmalıdır. Xətlər bir-birindən ayrıldıqdan sonra isə sərnişinlərin xətlər üzrə paylanmasında tarazlıq yaranacaq və xətlərdə qatarlar arasında interval eyni olacaq. Bilirsiniz ki, indi pik saatlarda "Həzi Alsanov"dan "28 May"a qədər qatarlar arasında interval 120 saniyə təşkil edir, lakin "28 May" stansiyasından "Dərnəgül" və ya " İşərişəhər" stansiyalarına qədər interval 240 saniyə və daha çox olur. Xətlər ayrılanda isə həmin yollarda da interval 120 saniyə olacaq. Bununla bağlı Bakı Metropoliteninin rəhbərliyi konsepsiya hazırlayıb və hökumətə təqdim edib. Bu işlər mərhələli şəkildə həllini tapacaq.
- Tikintisi yekunlaşmaq üzrə olan və şərti olaraq "B-3" adlandırılan stansiyada işlər nə yerdədir? Bu ilin sonuna stansiyanın istifadəyə verilməsi gözlənilirmi?
- Hələ ki qarşıda bir ilimiz var. İlin sonuna qədər əsas tikinti işlərini yekunlaşdırmağı planlaşdırırıq. Bizdən asılı olmayan məsələlər ortaya çıxmazsa, stansiya 2020-ci il ərzində təhvil verilə bilər. Hazırda tikinti işləri öz axarı ilə davam edir. Demək olar ki, ümumi tikinti işləri başa çatdırılıb, texniki işlərin böyük bir hissəsi yekunlaşıb, avadanlıqların əksəriyyəti alınıb.
- Həmin stansiyada Bənövşəyi xəttin alternativ enerji mənbəyi ilə təmin olunması məqsədilə dizel elektrik stansiyası tikilir...
- Bənövşəyi xəttin 12 stansiyası və 1 elektrik deposu olacaq. Həmin stansiyalar xətt üzrə quraşdırılan iki yarımstansiyadan qidalanacaq. Bu məqsədlə "B-3" və "B-7" stansiyalarında iki elektrik yarımstansiyası inşa etməyi layihələndirmişik. "B-3"dəki yarımstansiya artıq tikilib, avadanlıqları Bakıya gətirilib, işlər planlaşdırılmış formada gedir. "B-3" stansiyası istifadəyə veriləndə həmin yarımstansiyanın nəzdində dizel elektrik stansiyası da fəaliyyətə başlayacaq. Xəttin bütün 12 stansiyası istismara veriləndən sonra əgər şəhərdə elektrik enerjisi təchizatında fasilə yaranarsa, metro Bənövşəyi xətt üzrə fəaliyyətini davam etdirə biləcək. Hazırda Qırmızı və Yaşıl xətlər üzrə də buna uyğun tədbirlər görülür.
- Qırmızı və Yaşıl xətlərin də alternativ enerji ilə təmin edilməsi üçün "Azərişıq" ASC ilə danışıqlar aparılırdı. Danışıqlara əsasən, şəhərdə metro üçün 10 dizel elektrik stansiyası tikilməli idi. Bu işlər nə yerdədir?
- Biz bununla bağlı da konsepsiya hazırlayıb hökumətə təqdim etmişik və artıq həmin konsepsiya təsdiqlənib. Konsepsiyaya görə, metropoliteni qidalandıran xətlərdə müxtəlif gücə malik dizel elektrik stansiyaları quraşdırılmalıdır. Əgər Bakı şəhərində elektrik sistemində hər hansı bir problem yaranarsa, həmin stansiyalar işə düşəcək və metro fəaliyyətini minimal tələblər səviyyəsində davam etdirəcək. Həmin vaxt metro stansiyalarında havalandırma, suvurma qurğuları, eskalatorlar, işıqlandırma sistemləri tam gücü ilə işləyəcək. Qatarlara gəlincə, normal halda 30 cüt qatar hərəkət edirsə, bu vəziyyətdə 15 cüt qatar işləyəcək. Bu, sərnişinlərin tam təhlükəsiz şəraitdə daşınmasına imkan verəcək.
- Bu il Bakı Metropoliteninin yeni qatarlar alacağı bildirilir.
- Ötən il 2 tam müasir qatar tərkibi alınaraq istifadəyə verilib. Ondan əvvəl 3 yeni qatar tərkibi alınaraq xəttə buraxılıb. Bu il 30 vaqon istismar müddətini başa vurur. Yeni vaqonların alınması ilə bağlı müqavilə bağlanılıb və müqaviləyə uyğun olaraq 30 yeni vaqon alınacaq. İyun ayından başlayaraq, Bakıya hər ay bir qatar tərkibi, yəni 5 vaqon gətirəcəyik. Bakıda sazlama işləri aparıldıqdan sonra qatarlar xəttə buraxılacaq. Alınan yeni vaqonlar da müasir standartlara tam cavab verəcək.
- Bəs "Həzi Aslanov-2" stansiyası ilə bağlı görülən işlər nə yerdədir?
- "Həzi Aslanov-2" keçid stansiyasıdır. Şərti adı "Y-14", "Y-15" və "Y-16" olan stansiyalar tikilməlidir ki, "Həzi Aslanov-2" stansiyası istifadəyə verilsin. Müəyyən səbəblərdən tikinti işləri müvəqqəti məhdudlaşdırılıb. Bu işlərin davam etdirilməsi üçün tunel qazma kompleksləri hazır vəziyyətdədir. Hazırda imkanlarımızdan maksimum istifadə edirik ki, qeyd etdiyim istiqamətdə işləri gücləndirək və Yaşıl xəttin çox böyük əhəmiyyət kəsb edən bu hissəsi istifadəyə verilsin.
- Bir sıra xarici ölkələrdə metro stansiyalarının platformaları ilə qatar yolu arasında metal mühafizə torları və digər maneələr var. Bakı metrosunda bu təcrübədən istifadə mümkündürmü?
- Bildiyiniz kimi, Bakı metrosunun 5 xətti olacaq. Sovet dövründə inşa edilən Qırmızı və Yaşıl xətlərin bünövrəsi elə qoyulub ki, stansiyaların platformalarında PSD adlandırılan mühafizə torları quraşdırmaq praktiki cəhətdən çox mürəkkəb məsələdir. Bu xətlər üzrə stansiyaların konstruksiyaları, texniki imkanları həmin metodun tətbiqinə hazırda imkan vermir. Bənövşəyi xətt üzrə inşa edilən stansiyalarda da bunun tətbiqi nəzərdə tutulmayıb. Bu xətdə də stansiyalar açıq tipli olacaq. Lakin gələcəkdə Mavi və Sarı xətlərin tikintisində ən yüksək texnologiyalardan istifadə olunacaq. Bu xətlərdə qatarların avtomatik hərəkəti nəzərdə tutularsa, onda dediyiniz sistemin də tətbiqi mümkün olacaq. Yalnız gələcəkdə maşinistsiz idarəetmə nəzərdə tutularsa, bu sistemlərin də əvvəlcədən quraşdırılması özünü doğrulda bilər. Qatarların avtomatlaşdırılmış hərəkəti təmin edilməsə, vəsait ayıraraq bu işlərə xərc çəkməyin səmərəsi olmayacaq. Ümumən, məsələnin həm qatarlar, həm stansiyalar, həm də sistemlərin tətbiqi baxımından bir sıra digər mürəkkəb texniki cəhətləri var.