AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsinə baxış keçiriblər.
Eləcə də bax: Yol polisi Badamdardakı sürüşmə ilə əlaqədar sürücülərə - MÜRACİƏT EDİB
FED.az institutdan "Report"a verilən məlumata istinadən xəbər verir ki, Geomorfologiya və təbii risklər şöbəsinin işçiləri - coğrafiya üzrə fəlsəfə doktorları Rəfail Abdullayev və dosent Sitarə Tarixazər sürüşmə zonasında olublar.
"Hadisə yerində olan əməkdaşlar Bayıl yolunun Badamdar qəsəbəsinin 1,1 km-liyində (400 19I 56 II N-şimal enliyi; 490 48I 40II E-şərq uzunluğu) baş vermiş torpaq sürüşməsinin yolu tam bağladığını müşahidə etmişlər. Onlar sürüşmə kütləsinin böyüklüyünü və onun 80-85 m enində olan bir hissəsinin 100-120 m uzunluqda yerdəyişməyə məruz qaldığını xüsusi qeyd ediblər.
Tədqiqatçılar bildirirlər ki, Badamdar-Bayıl yolu hələ çar Rusiyası dövründən neft mədənlərində istifadə olunan ağır texnikanın hərəkətini təmin edib. Son vaxtlar yol ətrafı qruntda baş vermiş aktivlik tam şəkildə antropogen təsirin nəticəsidir. Ərazinin intensiv mənimsənilməsi, tikinti normativlərinə əməl edilməməsi, sürüşmə zonasının həddən artıq yüklənməsi, kanalizasiya xətlərinin olmaması, yeni yolların salınmasında buraxılmış səhvlər və s. ümumu tarazlığın pozulmasına və ərazidə sürüşməyə meylli kütlənin aktivləşməsinə gətirib çıxarıb. Belə aktivləşmədə təbii amillərin təsiri (atmosfer yağıntılarının miqdarı, qrunt sularının səviyyə artımı və s.) daha az ehtimal olunur", - Coğrafiya İnstitutundan bildirilib.