Xəbər verildiyi kimi, Tarif Şurasının qərarı ilə Azərbaycanda avtomobil yanacaqları bahalaşıb.
Azərbaycanda benzin və dizel bahalaşdı - YENİ QİYMƏTLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, yeni qərarla dizel yanacağı 10% bahalaşaraq 1 litr üçün 1 manatdan 1,1 manat qaldırılıb. Aİ-92 markalı benzinin qiymətində isə 4,5% artım olub və qiymətlər 1 litr üçün 1,1 manatdan 1,15 manata qaldırılıb.
Yanacaq qiymətlərinin artması bütün sektorlara birbaşa və ya dolayı yolla təsir edir. Bu artımın ən çox təsir etdiyi sahələrdən biri də nəqliyyat, logistika, yük daşımaları sektorudur. Çünki bu sektor birbaşa olaraq yanacaqla bağlıdır və bahalaşma bu sektordakı şirkətlərin xərclərinə və qiymətlərə təsirsiz ötüşmür.
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalına açıqlama verən “Crocus Logistics” MMC-nin direkor müavini və logistika üzrə baş meneceri Bagir Mikayılov deyir ki, yanacaq qiymətlərinin yüksəlməsi logistika şirkətlərinin xərclərini və qiymətlərini ciddi olmasa da artıracaq: “Çünki hazırda logistika sahəsində ixtisaslaşmamış şəxslərin bazarda iştirakı onsuzda bazarda problemlər yaradır. Qiymətlər müəyyən qədər artsa da, böyük dəyişiklik gözlənilmir. Qiymətlərin təxminən 3% ətrafında bahalaşacağını proqnozlaşdırmaq olar”.
Qeyd edək ki, “Crocus Logistics” MMC beynəlxalq yüklərin daşınması sahəsində ixtisaslaşıb. Baş menecer daşıma xərclərinin nə qədər artmasına nümunə də göstərib: “Məsələn, Bakıdan Türkiyəyə, İzmir şəhərinə gedən yük avtomobilininin daşıma xərclərinin bir dəfə gedib gəlmək üçün 200 dollar ətrafında artması gözlənilir. İndiyədək 1500 dollar olan qiymət indi artıq 1700 dollara yüksəlib”.










