Azərbaycanın “Silk Way West Airlines” aviasiya şirkəti “Dubai Airshow 2021” sərgisi çərçivəsində donanmanın yenilənməsi məqsədilə “Rolls-Royce” ilə strateji müqavilə imzalayıb.
FED.az xəbər verir ki, “Silk Way West Airlines” şirkətinin RB211-524 mühərrikli beş “Boeing 747-400F” təyyarəsi üçün əvəzedici mühərriklər təchiz edəcək müqavilə, eyni zamanda, aviaşirkətin 2026-cı ilədək əməliyyat dayanıqlılığını, habelə donanmanın yenilənməsi proqramının bir hissəsini təmin edəcəkdir. Razılaşmaya əsasən, “Silk Way West Airlines” növbəti beş il ərzində mühərrik istismar müddətinin ən az 20 000 uçuş dövrü ilə təmin ediləcək.
2017-ci ildən etibarən “Silk Way West Airlines” “Boeing 747-400F” aviaparkına texniki xidmət göstərən “Rolls-Royce” aviaşirkətlə əməkdaşlıq edir. Tərəflərin imzaladığı ilkin razılaşma bir sıra xidmətlər vasitəsilə hava yükdaşımaları şirkətində mühərriklərin qüsursuz çalışmasını nəzərdə tuturdu.
Müqaviləni “Silk Way Group”un prezidenti Zaur Axundov və “Rolls-Royce Civil Aerospace” şirkətinin prezidenti Kris Kolerton imzalayıb.
Qeyd edək ki, “Rolls-Royce” PLC 150-dən artıq ölkədə 400-dən çox aviaşirkət və lizinq müştərisinə, habelə 160 silahlı qüvvə və donanmaya, 5000 enerji və nüvə müştərisinə xidmət göstərir. Şirkətin illik əsas gəliri 2020-ci ildə 11,76 milyard Britaniya funt sterlinqi təşkil edib, “Rolls-Royce” tədqiqat və inkişaf məqsədilə 1,25 milyard funt sterlinq sərmayə qoyub.
Şirkət, həmçinin öz mühəndislərinin elmi-tədqiqatlarına xüsusi önəm verən 28 Universitet Texnologiya Mərkəzinin qlobal şəbəkəsini dəstəkləyir. “Rolls-Royce” cəmiyyəti birləşdirmək, gücləndirmək və qorumaq üçün böyük əhəmiyyət daşıyan öncül qüvvələrdən biridir. Şirkət 2030-cu ilədək olan fəaliyyətində xalis sıfır istixana qazı emissiyalarına nail olmağı öhdəsinə götürüb.
2012-ci ildə Bakıda yaradılan “Silk Way West Airlines” şirkəti isə 12 ədəd müasir “Boeing 747-8F” və “747-400F” yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə ayda 350-dən çox uçuş həyata keçirir. Donanmasını genişləndirən “Silk Way West Airlines” 2021-ci il aprelin 28-də “Boeing” aviakonserni ilə beş ədəd 777F yük təyyarəsinin alışı barədə razılaşma imzalayıb.
Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 420 min tondan artıqdır. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq istiqaməti əhatə edir.