AZAL-ı aşağı büdcəli aviaşirkətlərlə müqayisə etmək doğru yanaşma deyil. AZAL-da biletlərin qiymətinin formalaşması beynəlxalq aviasiya standartlarına uyğun şəkildə həyata keçirilir və AZAL bu sahədə aparıcı beynəlxalq aviaşirkətlərin tətbiq etdiyi yanaşma və prinsiplərə əsaslanaraq fəaliyyət göstərir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev bildirib.
AZAL rəhbəri təyyarə biletlərinin qiyməti, xüsusilə də bilet qiymətinin yüksək olması ilə bağlı suala cavab verərkən qeyd edib ki:
«Biz sözsüz ki, sərnişinlərimizin narahatlığını (təyyarə qiymətləri ilə bağlı – FED.az) tam şəkildə anlayırıq və çalışırıq ki, bu mövzuda dəstək olaq. Mövzu bizim diqqətimizdən yayınmır. Amma hesab edirəm ki, AZAL-ı aşağı büdcəli aviaşirkətlərlə müqayisə etmək doğru yanaşma deyil. Çünki AZAL bir şirkət olaraq özünü aşağı büdcəli aviaşirkət kimi mövqeləndirmir.
Qiymət formalaşması isə beynəlxalq aviasiya standartlarına uyğun şəkildə həyata keçirilir və AZAL da bu istiqamətdə aparıcı beynəlxalq aviaşirkətlərin tətbiq etdiyi yanaşma və prinsiplərə əsaslanaraq fəaliyyət göstərir».
Samir Rzayev bildirib ki, təyyarə biletlərinin qiymətinə bir neçə amil təsir göstərir:
«Bunlara ilk növbədə reys üzrə sərnişin sayı, uçuş tarixinə qalan müddət və bazardakı mövcud tələb-təklif dinamikası daxildir. Bütün bu faktorlar beynəlxalq aviasiya praktikasına uyğun şəkildə təhlil olunur və qiymətlər məhz bu parametrlər əsasında formalaşdırılır».
AZAL rəhbərinin sözlərinə görə, şirkət sərnişinlər üçün əlçatan qiymət təklif etmək üçün seçimləri genişləndirir: «Sərnişin üçün ən vacib məsələ şəffaf və əlçatan qiymətdir. Buna görə, erkən rezarvasiya imkanlarını, kampaniyaları, hissə-hissə ödəniş həlləri və sərnişin üçün daha rahat seçimləri genişləndiririk. Biz sərnişinlərə alternativ seçimlər də təqdim edirik».
Samir Rzayev onu da qeyd edib ki, AZAL ölkənin aviasiya sektorunu xarici şirkətlərə, o cümlədən aşağı qiymət təklif edən kiçik büdcəli aviaşirkətlərə tam açıb. Burada AZAL-dan başqa 40 aviaşirkət işləyir. Nəticədə təyyarə ilə Bakıya gəlib geri qayıdanların yarıdan çoxu başqa aviaşirkətlərlə uçurlar:
«Heydər Əliyev Benəlxalq Aeroportunda digər 40 aviaşirkət müxtəlif istiqamətlərə uçuşlar həyata keçirir və bunların 15-i aşağı büdcəli aviaşirkətlərdir. Statistikaya baxsaq, 2025-ci ildə 1,7 milyon sərnişin aeroportumuzda fəaliyyət göstərən aşağı büdcəli aviaşirkətlərlə səyahət edib. Ümumilikdə isə, bütün aviaşirkətlərin xidmət göstərdiyi sərnişin sayı ötən ildə 3,5 milyonun üzərində olub. Heydər Əliyev Hava Limanında AZAL-ın üzərinə düşən sərnişin payı 49% təşkil edir. Bunun 51%-ni xarici aviaşirkətlər təşkil edir».
AZAL rəhbəri onu da qeyd edib ki, ölkədə turizmin inkişafına dəstək vermək məqsədilə AZAL bütün xarici şirkətlərinin uçuş təkliflərinə açıqdır: «Bu gün Heydər Əliyev Hava Limanı kimi biz digər aviaşirkətlərə, onların sorğularına tam şəkildə açığıq, onlara lazım olan güzəştləri verməyə hazırıq. Əsas məqsədimiz Azərbaycanda sərnişindaşımanın, Azərbaycana gələn turistlərin sayını artırmaqdır» (APA).













