Vergilər Nazirliyi dünən yaydığı məlumatında göstərdiyi misallar ilə gəlir vergisi mükəlləfiyyətini seçən sahibkarların vergi yükünün artmadığından, əksinə azaldığından bəhs edir (Məcəlləyə dəyişikliklər - VERGİ YÜKÜNÜ ARTIRIB? - NAZİRLİKDƏN AÇIQLAMA)
FED.az xəbər verir ki, həqiqətən də, işçisi və dövri xərcləri olan bir qrup mikro sahibkarlar üçün vergi yükü azalıb. Digər tərəfdən, Azərbaycanda ofisi, işçisi və digər mütəmadi xərcləri olmayan, öz evindən və obyektindən işləyən minlərlə sahibkarlar var. Bu sahibkarlar üçün bu ildən vergi yükü artıb.
Məsələn, Şəhriyar Məmmədzadə (ad şərtidir) peşəkar proqramistir. O, Şirvan şəhərindəki evindən çalışaraq şirkətlərə veb sayt hazırlayır. Fərdi sahibkar olan Şəhriyar Məmmədzadə əhaliyə deyil, şirkətlərə xidmət göstərdiyindən 2019-cu ildən gəlir vergisi ödəyicisidir. Şirkətlər də Şəhriyara xidmət haqqını köçürmə yolu ilə həyata keçirir, bu zaman elektron qaimə də tələb edirlər.
Şəhriyar Məmmədzadə ay ərzində 3 veb sayt hazırlayaraq təhvil verə bilir. O, 1 veb saytı 1500 manata hazırlayaq ayda 4500 manat, həmçinin əvvəllər hazırladığı saytlara texniki xidmət göstərərək əlavə 1500 manat da gəlir əldə edir. Şəhriyar Məmmədzadənin aylıq gəliri 6 min manat, rüblük gəliri isə 18 min manatdır.
Ötən il sadələşdirilmiş vergi ödəyicisi olan Şəhriyar Məmmədzadə dövriyyəsinin 2%-i məbləğində (sadələşdirilmiş vergi Bakı şəhəri üzrə 4 faiz, digər şəhər və rayonlar üzrə 2% idi), yəni rübdə cəmi 360 manat vergi ödəyirdi: 18000 x 2% = 360 manat.
Eləcə də bax: Banklarla bağlı NK-yə vaxt verildi - MƏRKƏZİ BANKIN SƏLAHİYYƏTİ İSƏ ARTDI
1 Yanvar 2019-cu il tarixindən isə Şəhriyar Məmmədzadə gəlir vergisi ödəyicisidir. Azərbaycanda gəlir vergisinin dərəcəsi 20%-dir. Lakin mikro sahibkarlıq subyektlərinə gəlir vergisinin 75 faizi güzəşt edildiyindən 20 faizin qalan 25 faizini, yəni gəlirlərinin cəmi 5 faizi qədər vergi ödəyirlər.
Qanuna görə, xərclər çıxıldıqdan sonra qalan gəlirin 5%-i dövlət büdcəsinə ödənilir. Bəs sahibkarın xərci yoxdursa necə?
Şəhriyar Məmmədzadəyə veb-sayt hazırlaması üçün bir kompyuter kifayət edir. Yəni, bir kompyuterdir, bir də özü. Şəhriyar kompyuteri ən azı 5 il istifadə edir. Ona ildə 2 ədəd “mışka” lazım olur, vəssalam. Rüb ərzindəki 18 min manat Şəhriyarın xalis qazancıdır. Xərci olmadığından Şəhriyar 2019-cu ildən hər rüb 360 manat deyil, 900 manat vergi ödəməyə məhkumdur (18000 x 20% x 25% = 900 manat). Onun üçün vergi az qala 3 dəfə artıb.
Əgər Şəhriyar Məmmədzadə Bakıda fəaliyyət göstərsəydi, onun vergi yükü 4%-dən 5%-ə, məbləğ olaraq rüblük 720 manatdan 900 manaat qalxardı.
Bu gün, proqramist, dizayner, tərcüməçi, vasitəçilik və s. xidmətlər göstərən minlərlə sahibkarlar demək olar ki, xərcsiz fəaliyyət göstərirlər. Bu qurup şəxslər üçün vergi yükü xeyli artıb.
Ümumiyyətlə, Azərbaycanda mikro sahibkarlar üçün vergi yükü ildən-ilə artır. Artıq, 1% nağdlaşdırma vergisi daxil cəmi vergi yükü 6%-ə çatır.
RƏSMİ ALAN ZAMANI QİYMƏT DAHA YÜKSƏK OLUR
Sahibkarların digər bir problemi xərclərini rəsmi xərc kimi göstərə bilməmələridir. Məsələn, kiçik sahibkar “Sədərək” ticarət mərkəzində bəyəndiyi ofis mebelini aldıqda ona xərc sənədi təqdim edilmir. Rəsmiləşdirmə tələb edildikdə, ofis mebelinin qiyməti 600 manatdan 1000 manata qaldırlır. Ofis mebeli satıcısı alıcıdan əlavə 400 manat almaqla vergini və rəsmiləşdirmə xərclərinin alıcının üzərinə qoyur. Belə olan halda, mebeli sənədsiz nağd almaq sahibkar üçün daha sərfəlidir.
“HANSI HALDA MƏN ÇOX VERGİ ÖDƏYİRƏM?!”
Tərcüməçilik fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Emil Quliyev “Marja”ya yazıb ki, onun üçün də vergi yükü artıb:
“Məsələn, 4% sadələşdirilmiş vergi olan zaman, 3 ayda qazandığım cəmi 1000 manat gəlirin 4%-i 40 manat edirdi. İndi gəlir vergisinə keçdiyimdən 1000 manat ümumi gəlirin 20% vergisi 200 manatdır və bu verginin 25%-ni ödəyəndə 50 manat edir.
Xahiş edirəm desinlər, hansı halda mən çox vergi ödəyirəm: əvvəl yoxsa indi?
Vergilər Nazirliyinin rəsmiləri xərclərin çıxmasını böyük vəchlə, həyati əhəmiyyətə malik fürsət kimi təsvir edirlər. Mən tərcüməçiyəm. İndi söyləyin görüm, mənim hansı xərclərim ola bilər? Mən gedib xarici vətəndaşın yanında dayanıb tərcümə edirəm. Mən hansı xərcləri çəkirəm? Yoxsa avtobusa gediş və gəliş üçün ödədiyim 60 qəpik? Bunun rəqəmə böyük təsiri var? Yoxsa nahar xərci hesablanmalıdır? Naharı da mən əcnəbi qonağın hesabına edirəm. Olmayanda heç nahar etmirəm.
Sizcə, “xərclərinizi çıxın, verigi yükü azalacaq” arqumenti məhz mənim kateqoriya insanlara gələndə qəribə deyilmi? 195 zəng edib bunu izah edəndə, cavab olaraq mənə deyirlər: “Müəllim, başqa sualınız var?”
Yəni, heç cür iddia etmək olmaz ki, vergi yükü azalıb. Sizcə, 40 manat əvəzinə 50 manat ödənildikdə, vergi yükü artır yoxsa azalır? Üstəgəl, bankdan nağdlaşdırma xərci 1% və bankın 0.5% komissiyası”.
Hesab edilir ki, xərcləri olmayan mikro sahibkarların vergi yükünün artmaması üçün yeni mexanizmə ehtiyac var.
©Marja