2024-cü ildə dövlət büdcəsinin gəlirləri 33 milyard 765 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin dürüstləşdirilmiş göstəricisi ilə müqayisədə 125,5 milyon manat və yaxud 0,4 faiz azdır. FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yeni büdcə layihəsinə əsasən büdcənin gəlirləri 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 085 milyon manat və yaxud 10,1 faiz artıqdır.
Azalma özünü büdcənin xərclərində də göstərəcək.
Belə ki, 2024-cü ildə dövlət büdcəsinin xərcləri 2023-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 269,8 milyon manat və ya 0,7 faiz azalma ilə 36 milyard 355 milyon manat proqnozlaşdırılır.
Bu 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə 4290,4 milyon manat və yaxud 13,4 faiz çoxdur.
2024-cü ildə dövlət büdcəsinin kəsiri 2023-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 144,3 milyon manat və ya 5,3 faiz az olmaqla 2 590 milyon manat (ÜDM-də xüsusi çəkisi 2023-cü illə müqayisədə 0,1 faiz-bənd az olmaqla 2,2 faiz) proqnozlaşdırılır.