Məlum olduğu kimi iqlim dəyişiklikləri dünya iqtisadiyyatı, o cümlədən Azərbaycan iqtisadiyyatının dayanıqlığına təsir göstərən mühüm çağırışlardan hesab olunur.
Mərkəzi Bank “yaşıl maliyyə taksonomiyası”nı COP29-dan öncə tətbiq etməyə hazırlaşır
FED.az xəbər verir ki, bunu 18 oktyabr 2024-cü il tarixində keçiriləcək (COP29 ərəfəsində) “YAŞIL MALİYYƏ VƏ DAYANIQLI İNKİŞAF FORUMU”-da çıxışı zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
O çıxışında bildirib ki, bu çağırışların aradan qaldırılması ümumiyyətlə, yaşıl iqtisadiyyata keçid mühüm prioritetlərdən biridir. Bu keçid ölkə iqtisadiyyatının uzunmüddətli dövrdə dayanıqlı inkişafı baxımından qaçılmazdır.
Yaşıl iqtisadiyyatın inkişafı üçün ən mühüm şərtlərdən biri yaşıl maliyyənin mövcudluğudur.
Bu istiqamətdə bir sıra işlər görülməlidir: 1) cəmiyyətin yaşıl maliyyə barədə məlumatlılığı artırılmalı, 2) maraqlı tərəflər arasında dialoq qurulmalı və 3) yaşıl maliyyənin genişləndirilməsi üçün müxtəlif innovativ həllər tətbiq olunmalıdır.
Qeyd etdiyim tədbirlər Mərkəzi Bankın strateji gündəliyinin nüvəsini təşkil edir. Əlavə olaraq Mərkəzi Bank tərəfindən yaşıl maliyyə üzrə tənzimləyici çərçivə də təkmilləşdirilir. Əsas hədəfimiz maliyyə institutlarının portfellərinin dayanıqlılıq məqsədlərinə uyğunlaşdırılması və bu sahədə mümkün alət və təlimatlara malik olmasını təmin etməkdir.
AMB-nin sədri strateji çərçivədə həyata keçirilən bir sıra mühüm təşəbbüsləri vurğulayıb:
- 2023-2026-cı illər üzrə Dayanıqlı Maliyyə Yol Xəritəsi hazırlanmışdır ki, bu da dayanıqlı iqtisadi inkişafda maliyyə sektorunun rolunun gücləndirilməsi məqsədini daşıyır.
- Yol Xəritəsi çərçivəsindəmühüm təşəbbüslərdən biri olan Yaşıl Maliyyə Taksonomiyasının hazırlanmasına başlamışıq.
Mərkəzi Bank tərəfindən dövlət qurumları, sənaye assosiasiyaları, maliyyə institutları, investorlar, beynəlxalq təşkilatlar ilə birlikdə taksonomiyanın ilkin versiyasi üzrə məsləhətləşmələr keçirilmişdir.
Növbəti mərhələdə taksonomiyanın yekun layihəsinin təsdiq olunması üçün hökumətə təqdim edilməsi nəzərdə tutulur.
- Yaşıl istiqrazlar sahəsində qabaqcıl beynəlxalq təcrübəni hərtərəfli nəzərdən keçirərək qlobal səviyyədə tanınmış standart və prinsiplərə uyğunluğu təmin edən hüquqi baza hazırlanmışdır. Artıq layihə hökumətə təqdim olunub.
- İqlimlə bağlı risklərin idarə edilməsi üzrə təlimatlar hazırlanmışdır. Bu təlimatlar ekoloji, sosial və idarəetmə amillərinin bank tərəfindən hazırlanmış strategiyalara inteqrasiyasını dəstəkləyir.
Ölkədə fəaliyyət göstərən maliyyə institutlarının potensialının gücləndirilməsi məqsədilə qlobal maliyyə təşkilatları (Dünya Bankı, BMK, AYİB, EY və s.) ilə əməkdaşlıq çərçivəsində bir sıra seminarlar, sessiyalar və təlimlər təşkil edilmişdir.
"Bildiyiniz kimi, bank sektoru iqtisadi inkişafın mühüm hərəkətverici qüvvəsi kimi iqlim maliyyəsinin inkişafında mühüm rola malikdir. Hazırda bank sektoru Mərkəzi Bankla sıx əməkdaşlıq çərçivəsində dayanıqlı maliyyə prinsiplərinin tətbiqini həyata keçirir.
Qürur hissi ilə qeyd etmək istəyirəm ki, bank sektoru COP29 çərçivəsində keçiriləcək Maliyyə günündə maliyyə öhdəliklərini öz üzərinə götürməyi planlaşdırır. Bu, sektorun iqlim dəyişikliklərinə qarşı mübarizədə iqtisadiyyat üçün zəruri resurs ayırdığını nümayiş etdirir.
Sığorta sektoru da dayanıqlılıq təşəbbüslərinin həyata keçirilməsində aktiv iştirak edir. Bu çərçivədə bərpa olunan enerji sığortası, İqlim riskinin sığortası, eko-avto sığortası və kənd təsərrüfatı sığortası kimi seqmentlərin inkişafı diqqətdə saxlanılır". - deyə AMB-nin sədri qeyd edib.
"Əminəm ki, bütün bu təşəbbüslər ölkədə yaşıl maliyyələşmə imkanlarının genişlənməsinə imkan verəcəkdir". - deyə sədr vurğulayıb.