2022-ci il ərzində Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin fəaliyyətinin beynəlxalq praktikaya uyğun təşkil edilməsi ilə bağlı işlər davam etdirilib, o cümlədən əməliyyat effektivliyinin artırılmasını, strukturun təkmilləşdirilməsini, kadr potensialının gücləndirilməsini əhatə edən islahatlar aparılıb, hazırlanan müvafiq daxili təlimatların və qaydaların tətbiqinə başlanılıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2022-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibdə kollegiya iclasında bildirilib.
Müzakirələr zamanı qeyd olunub ki, 2022-ci il ərzində dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarəti təmin etmək məqsədilə aparılmış nəzarət tədbirləri ilə vəsaitin xərclənməsini tənzimləyən qanunvericiliyin, maliyyə qaydalarının və normalarının tələblərinə əməl edilməməsi hesabına büdcə vəsaitlərinin artıq və əsassız xərcləndiyi, bəzi hallarda ciddi maliyyə pozuntularına yol verildiyi aşkar edilmişdir. Belə ki, il ərzində ümümilikdə 185 nəzarət obyektində aparılmış maliyyə nəzarət tədbirləri ilə aşkar edilmiş 225 milyon 710 min manat məbləğində artıq və əsassız ödənişlərin 35,1 milyon manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə bərpası təmin edilib, yerdə qalan vəsaitin bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür.