Vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətlərini, vergi qanunvericiliyində gözlənilən dəyişiklikləri, dövlət-biznes münasibətlərini, vergi orqanlarının yeni iş prinsiplərini, həyata keçirilən islahatları və ilkin nəticələri Azərbaycan Televiziyasına şərh edib. FED.az nazirin şərhlərini təqdim edir.
Mikayıl Cabbarov bildirib ki, Vergilər Nazirliyinin fəaliyyətinin məhz bu tələblərə uyğun qurulması, həyata keçirilən vergi siyasətinin və vergi inzibatçılığının tətbiqi zamanı vergi ödəyiciləri ilə dövlət arasında yeni mədəniyyətin sürətlə formalaşdırılması hazırda vergi orqanlarının qarşısında duran əsas vəzifələrdir.
2018-ci ili vergi ödəyiciləri ilə münasibətlərdə keçid ili adlandıran vergilər naziri qeyd edib ki, cari ildə cəmiyyətin inkişaf amili ilə şərtləndirilən və aparıcı dünya praktikası ilə uzlaşdırılan yeni bir vergi sisteminə keçid istiqamətində müvafiq addımlar atılıb. Bu prosesin ölkədə sürətlə gedən iqtisadi artıma, oturuşmuş biznes vərdişlərinə və işgüzar mühitə xələl gətirmədən həyata keçirilməsi üçün müvafiq tədbirlər həm inzibatçılıq mədəniyyəti, həm də qanunvericilikdə müvafiq dəyişikliklər vasitəsilə tətbiq olunub: “Sahibkarlıq subyektində aparılan istənilən yoxlama, o cümlədən vergi yoxlamaları istər-istəməz onun fəaliyyətinə müəyyən təsir edir. Sahibkar öz işi, biznesi ilə məşğul olmaq əvəzinə vaxtını dövlət məmurları ilə ünsiyyətə sərf edir. Buna görə də ötən dövr ərzində vergi orqanları tərəfindən aparılan vergi yoxlamalarının sayı üç dəfə azaldılıb”.
Nazir bildirib ki, bir çox sahələrdə vergi pozuntuları, xüsusilə uçotun düzgün şəkildə aparılmaması və yaxud ümumiyyətlə aparılmaması, qeyri-rəsmi məşğulluğun mövcudluğu, dövriyyələrin azaldılması kimi hallara rast gəlinir. Ticarət, yaxud ictimai iaşə obyektləri göstərdiyi xidmətin, satdığı malın uçotunun nəzarət-kassa aparatında əks etdirilməsini adətən zəruri saymır. Təəssüflər olsun ki, analoji hallar orta və böyük vergi ödəyicilərində, hətta istehsal müəssisələrində də özünü göstərir.
Vergilər Nazirliyinin praktikası və yanaşması imkan verir ki, bir çox yayınma halları nazirliyin texnoloji informasiya bazasının təkmilləşdirilməsi və zənginləşdirilməsi nəticəsində əldə edilmiş məlumatların təhlili vasitəsilə, yoxlamaya getmədən, subyektivlik amilini aradan qaldırmaq və insan amilinin rolunu minimuma endirməklə aşkara çıxarılsın.
Vergi sistemində aparılan struktur islahatları barədə danışan nazir bu islahatların fəlsəfəsinin vergi orqanlarının əsas funksiyasının fiskal nəzarətdən vergi ödəyicilərinə xidmət prinsipinə keçirilməsi olduğunu bildirib. Vurğulanıb ki, vergiləri tam həcmdə və vaxtında ödəmək hər bir vergi ödəyicisinin və vətəndaşın fəxr və fərəh hissi ilə həyata keçirdiyi öhdəlik olmalıdır. Vergilər dövlət büdcəsinin əsas gəlir mənbələrindən birini təşkil edir və dövlətin maliyyə ehtiyaclarının böyük hissəsi – müəllimin əməkhaqqından tutmuş yanğınsöndürənlərin məsrəflərinə, planlaşdırılmış yol tikintisinə qədər yönələn bütün vəsaitlər vergilər hesabına formalaşır. Vergilərin ödənilməsi sahəsində bütün müvafiq güzəştlər və onların tətbiq dairəsi qanunla müəyyənləşib. Qanunlardan kənar nə vergi orqanı, nə də hər hansı vergi işçisi tərəfindən əlavə güzəştlərin edilməsinə, eləcə də öhdəliklərin tam yerinə yetirilməməsi və digər neqativ hallara heç bir vəchlə yol verilə bilməz.
Biznes mühiti və biznesin aparılmasının asanlığına toxunan vergilər naziri Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın islahatçı ölkə kimi dəyərləndirilməsini çox böyük nailiyyət adlandırıb: “Bu uğur dövlətimizin başçısının rəhbərliyi altında biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində sistemli şəkildə aparılan işlərin məntiqi nəticəsidir”. Nazir qeyd edib ki, bununla artıq ikinci dəfədir Azərbaycan “Doing Business” hesabatında ən islahatçı ölkə adını qazanır. Bu, ilk dəfə 2008-ci ildə baş vermişdi. Azərbaycanın 10 il sonra yenidən ən islahatçı ölkə kimi dəyərləndirilməsi onu göstərir ki, aparılan islahatlar sistemli xarakter daşıyır və proseslər bütünlüklə dövlət başçısının diqqət mərkəzindədir. Hesabatda Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı meyarlara toxunan nazir ölkəmizin “biznesə başlama” meyarı üzrə dünyada 9-cu, “vergilərin ödənişi” meyarı üzrə isə 28-ci yerdə qərarlaşdığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda biznesə başlama prosesi çox sadədir, şəffafdır və qısa müddət ərzində həyata keçirilə bilən prosesdir. Bu gün istənilən vətəndaş, yaxud hüquqi şəxslər yeni biznesi “elektron imza” vasitəsilə bir neçə günə, bəzi hallarda bir neçə saata qeydiyyatdan keçirə bilirlər.
Qeyd edilib ki, Vergilər Nazirliyinin fəaliyyətində rəqəmsallaşma və elektron xidmətlərin tətbiqinin genişləndirilməsi bundan sonra da prioritet istiqamət olaraq qalacaq. Növbəti illərdə elektron xidmətlərin sayının genişləndirilməsi, bu xidmətlərin mobil cihazlar vasitəsilə əldə edilməsi imkanlarının yaradılması, Vergilər Nazirliyinin veb portalının funksionallığının genişləndirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə zəruri işlər həyata keçirilir.
Vergilər Nazirliyinin vergi ödəyicilərinə göstərdiyi xidmətlər barədə danışan Mikayıl Cabbarov bu gün biznes iştirakçılarına istiqamətlənmiş geniş çeşiddə vergi xidməti növlərinin mövcud olduğunu vurğulayıb. Respublikamızda vergi ödəyicilərinin 90 faizindən çoxunun hesabat və bəyannamələrini elektron şəkildə təqdim etdiyini bildirən nazir bunu çox yüksək göstərici adlandırıb. Rəqəmsallaşmanın təkcə vergi ödəyicilərinə göstərilən xidmətlərə deyil, eyni zamanda, təhlillərin və auditin aparılması, kameral yoxlamaların həyata keçirilməsi prosesində də tətbiq ediləcəyini, bu prosesin süni intellekt üzərində qurulan proqramlardan, müasir informasiya texnologiyalarından istifadə etməklə tətbiq olunacağını bildirib.
“Kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması, iqtisadiyyatın şəffaflaşdırılması məsələləri barədə danışan M.Cabbarov bu məsələnin bütün dünya ölkələri üçün böyük problem olduğunu və həlli yollarının axtarıldığını diqqətə çatdırıb. “İstənilən iqtisadi fəaliyyət ədalətlilik, bərabərlik və təxmin edilən vergitutma prinsipləri ilə tənzimlənməlidir. Qanunların tələblərinə əməl etməyən sahibkarlarla intizamlı vergi ödəyiciləri arasında haqsız rəqabət yaranıb. Bu rəqabətdə dövlət hər zaman məhz sonuncunun yanında olacaq”, – deyə vergilər naziri bildirib.
Vurğulanıb ki, bir çox hallarda insanlar özləri də bilmədən “kölgə iqtisadiyyatı”nın iştirakçısına çevrilirlər. Məsələn, vətəndaş aksizsiz malları əldə edərkən, işçi kimi əmək müqaviləsi bağlamadan çalışarkən, alıcı kimi istənilən mağazada və yaxud iaşə obyektində kassa çekini almamaqla “kölgə iqtisadiyyatı”nın iştirakçısı olur.
Bildirilib ki, pərakəndə ticarətlə bağlı rəsmi statistik məlumatları və vergi məqsədləri üçün vergi ödəyiciləri tərəfindən təqdim edilən bəyannamələri təhlil və müqayisə edərkən bu iki göstərici arasında xeyli fərqin olduğu görünür. Bununla yanaşı, iqtisadiyyatda olan yüksək nağdlaşma, nağd pulun dövriyyəsi, ümumi daxili məhsulda əməkhaqqının nisbətinin aşağı olması və bir sıra digər makromeyarlar “kölgə iqtisadiyyatı”nın miqyaslarını əyani göstərir.
Müxtəlif beynəlxalq təşkilatlar və ölkəmizdə fəaliyyət göstərən aidiyyəti qurumlar tərəfindən “kölgə iqtisadiyyatı”nın həcminin ölçülməsinə cəhdlər göstərilir. Nəticə tətbiq edilən metodologiyalardan asılı olaraq fərqli ola bilər. Aydın olan budur ki, problemin çözülməsi üçün sistemli tədbirlər həyata keçirməlidir. Burada bir tərəfdən qanunvericilik əsasında “kölgədən çıxış”ı təşviq edən alətlərdən istifadə edilməli, digər tərəfdən nəzarət və cəza alətləri tətbiq olunmalı, sanksiya mexanizmləri gücləndirilməlidir. Bir çox hallarda hətta dövlət tərəfindən güzəşt verilən sahələrdə də “kölgə iqtisadiyyatı”nın əlamətləri - dövriyyədən yayınma, üçüncü şəxslərə vergidən yayınmaq üçün şərait yaradılması kimi xoşagəlməz hallara rast gəlinir.
Nazir belə hallara qarşı sistemli mübarizə aparıldığını bildirərək deyib: “Vergilər Nazirliyi tərəfindən 2018-ci ildə müəyyən istehsal sahələrində, məsələn, insan sağlamlığına mənfi təsir edən tütün məmulatları və alkoqollu içkilər sahəsində ciddi tədbirlər həyata keçirilib. Əgər ilin əvvəlində daxili bazarda qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatlarının həcmi 16-18 faiz təşkil edirdisə, görülən tədbirlər nəticəsində bu gün həmin rəqəm 3,5 faiz ətrafındadır. Bu, bir çox aparıcı Avropa dövlətləri, həmçinin Rusiya və Qazaxıstanla müqayisədə çox aşağı göstəricidir. Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən məhsullar “kölgə iqtisadiyyatı”nda dövr edir, dövlətə çatan vergilər, aksiz ödənişləri həyata keçirilmirdi. Bundan itirənlər isə dövlət büdcəsi və fəaliyyətini qanunlar çərçivəsində qurmaq istəyən ödəyicilər olurlar. Yaxud aparılan araşdırmalar zamanı alkoqollu içkilər istehsalının həcminin kəskin şəkildə azaldıldığı, real istehsal dövriyyələrinin göstərilmədiyi müəyyən edilmişdi. Bu fərq çox böyük idi. Nəticədə bu ilin ikinci yarısından vergi orqanları tərəfindən həmin müəssisələrdə daimi aksiz nəzarət postları quraşdırıldı. Bu postların fəaliyyəti göstərdi ki, alkoqollu içki istehsalının həcmi 3,5 dəfə azaldılırdı. Burada bir neçə məsələ var idi: aksizin alınmaması hesabına dövlətin vergisinin ödənilməməsi, qanunsuz malların ticarət obyektlərində satılması nəticəsində cinayətkar şəbəkələrin yaranması və s. Bu prosesin hər həlqəsində istehsalçının öz məsuliyyəti, satıcının öz vergi məsuliyyəti var idi. Görülən tədbirlərlə bütün bunların qarşısı alındı”.
Vergilər naziri bildirib ki, 2018-ci il keçid ili olduğuna görə bu kimi hallara dövlət tərəfindən kifayət qədər humanizm nümayiş etdirilib. Cəzaların əksəriyyəti baş verən pozuntuların aradan qaldırılması və maliyyə sanksiyalarının ödənilməsi ilə məhdudlaşıb. Xarakter etibarilə kütləvi təşkil edilmiş və ciddi cinayət əlaməti olan hallar istisna olmaqla, qalan bütün hallarda müvafiq səlahiyyətlər çərçivəsində güzəştli addımlar atılıb.
M.Cabbarov qeyd edib ki, yeni vergi mədəniyyətindən, “kölgədən çıxış”dan danışarkən, heç kim bu yolun birtərəfli olduğunu düşünməməlidir: “Dövlətin hər zaman güzəştə gedəcəyini düşünmək düzgün deyil. Dövlət vəziyyətin sabitləşməsi və sivilləşməsi istiqamətində daim öz işini görməlidir. Vergi inzibatçısı vergi ödənişini təmin etməli, dövlət orqanları fəaliyyətini dövlətin mənafeyinə uyğun qurmalı, vergi ödəyicisi də fəaliyyətini qanunlar çərçivəsində aparmalı və haqqını tələb etməlidir”.
Rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsinin vacibliyinə də toxunan nazir qeyd edib ki, əsas məqsəd nağdsız hesablaşmalar sistemini gücləndirməkdir. Ölkə Prezidentinin rəqəmsal ticarətin coğrafiyasının genişləndirilməsi ilə bağlı çox önəmli bir sənəd imzaladığını bildirən M.Cabbarov bunun “kölgə iqtisadiyyatı” ilə mübarizəyə hesablanmış əhəmiyyətli addım olduğunu vurğulayıb. Nağdsız ödənişlərin stimullaşdırılması üçün dövlət tərəfindən təşviqin verilməsi barədə danışan nazir vergi qanunvericiliyinə dəyişikliklərlə bağlı verilmiş təkliflər arasında belə bir mexanizmin olduğunu vurğulayıb. Belə ki, pərakəndə ticarət sahəsində nağdsız ödənişlər edən vətəndaşlar üçün vergi güzəştləri nəzərdə tutulur.
Məlumat verilib ki, 2019-cu ildən başlayaraq onlayn nəzarət kassa aparatları tətbiq ediləcək. Bu yenilik nəticəsində pərakəndə ticarət və xidmət sektorunda baş verən istənilən ödənişin həmin anda onlayn sistemdə əks etdirilməsi və yüklənməsi aparılacaq ki, bu da nəticə etibarilə hər hansı pozuntuların, dövriyyələrin gizlədilməsi kimi halları mümkünsüz edəcək. Bu, həm də vətəndaşların hüquqlarının qorunmasına, büdcə vəsaitlərinin ödənişinin təmin edilməsinə yönəlmiş bir addımdır.
Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər barədə danışan M.Cabbarov ən əhəmiyyətli yenilik kimi qeyri-neft və özəl sektorda çalışan vətəndaşların əməkhaqlarından tutulan vergilərin mövcud faiz dərəcələrinin azaldılmasını qeyd edib: “Təqdim olunan layihədə bir neçə əsas dəyişiklik nəzərdə tutulur. Onlardan biri vergiyə cəlb olunan məbləğin həcminin dəyişdirilməsi ilə bağlıdır. Aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar üçün gəlir vergisi üzrə 100 faizlik güzəşt, 8000-dən yuxarı olan məbləğdə fiziki şəxslərin gəlir vergisinin 14 faiz həcmində müəyyənləşdirilməsi təklif edilir. Dövlət bu məsələdə çox böyük güzəştə gedir. Faktiki olaraq, qeyri-neft sektorunun inkişafı və ona dəstək üçün ötən illər ərzində edilən güzəştlərə əlavə olaraq belə bir vacib addımın da atılması nəzərdə tutulur”.
Vergilər naziri vurğulayıb ki, əməkhaqqı ilə bağlı olan iki ödəniş növü var: bunlar fiziki şəxslərin gəlir vergisi və sosial sığorta ödənişləridir. Bu ödənişlərin vahid inzibatçılığının həyata keçirilməsi təklif edilir. Bu da öz növbəsində işəgötürənlər üçün həmin prosesin xeyli sadələşdirilməsi deməkdir. Dövlət bu islahata getməklə öz gəlirlərinin müəyyən hissəsini itirir. Lakin bu islahatın həyata keçirilməsi ilə “kölgə iqtisadiyyatı”nın həcminin azalması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, iqtisadi fəallığın xüsusilə qeyri-neft sektorunun özəl bölməsində daha da canlanması və sürətləndirilməsi, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsi gözlənilir: “Bu, çox əhəmiyyətli, köklü bir dəyişiklikdir və faktiki olaraq qeyri-neft, qeyri-dövlət sektorunda çalışan hər bir işçini əhatə edəcək. İqtisadi cəlbediciliyini təmin etmək məqsədilə bu güzəştin uzunmüddətli tətbiq edilməsi nəzərdə tutulur. Hazırda verilmiş təkliflərə görə, güzəştin 7 il müddətinə tətbiqi planlaşdırılır. Əslində bu, dövlət başçısı tərəfindən bu sahədə çalışan vətəndaşlara və iş adamlarına çox böyük güzəştdir. Belə bir ciddi güzəştin təqdim edilməsi ən yüksək siyasi səviyyədə qərar tələb edən bir layihədir. Məhz buna görə də inanırıq ki, Azərbaycan sahibkarları və vətəndaşları bu güzəşti düzgün qiymətləndirərək, dövlətin təklifinə adekvat olaraq vergidən yayınmamaq, qeyri-rəsmi məşğulluğu aradan qaldırmaq, işləyən vətəndaşın hüququnu təmin etmək, ödənilən əməkhaqqını olduğu kimi göstərmək kimi addımlarla cavab verəcəklər”.
Nazir vergi qanunvericiliyində mühüm dəyişikliklərdən biri kimi, gələn ildən sadələşdirilmiş verginin dərəcəsinin aşağı salınmasına dair təklifi də diqqətə çatdırıb. Bildirib ki, sadələşdirilmiş vergi haqqında danışanda iki məqam qeyd edilməlidir. Birincisi və ən əsası sadələşdirilmiş vergi ödəyiciləri olan kiçik sahibkarlardır. Bu, illik dövriyyəsi 200 min manatı aşmayan çox sayda vergi ödəyicisini əhatə edir. Həmin kateqoriya üçün əhəmiyyətli vergi güzəşti tətbiq edilməsi - vergi dərəcəsinin 4 faizdən 2 faizə qədər endirilməsi təklif edilib. Faktiki olaraq, belə vergi ödəyiciləri üçün vergi yükü iki dəfə azaldılmış olur.
İkinci kateqoriya sadələşdirilmiş vergi ödəyiciləri bir sıra fəaliyyət növlərini əhatə edir. Bunlar topdansatış fəaliyyəti ilə məşğul olan, tikinti sektorunda fəaliyyət göstərən və digər sahibkarlıq subyektləridir. Dövlət belə kateqoriya sahibkarlara da müxtəlif iqtisadi və fiskal səbəblərə görə sadələşdirilmiş vergi ödəyiciləri ola bilmək üçün seçim imkanı verib. Bu sahədə müəyyən mənfi hallar müşahidə edilirdi. Bir sıra hallarda kiçik biznes nümayəndəsi olmayan, yəni, dövriyyələri 200 min manatı aşan bəzi vergi ödəyiciləri dövlətin tətbiq etdiyi güzəştlər sistemindən, asan biznesə başlama üsullarından sui-istifadə edərək, dövriyyələrini azaltmaq, bizneslərini məqsədli şəkildə bir neçə yerə parçalayaraq qeydiyyatdan keçirməklə bu güzəştlərə vergidən yayınma vasitəsi kimi baxırdılar. Bundan ən çox əziyyət çəkən məhz kiçik sahibkarlar idi. Çünki orta və iri sahibkarlardan fərqli olaraq kiçik sahibkarların xərclərinin strukturu fərqlidir, gəliri azdır. Kiçik sahibkar öz dükanında satacağı malı və məhsulu böyük həcmdə ala bilmir. Deməli, müvafiq olaraq məhsulu daha yüksək qiymətə almış olur. Nəqliyyat xərcləri daha çoxdur və nəticədə aldığı malı daha yüksək qiymətə satmağa məcburdur. Beləliklə, kiçik sahibkar rəqabətə davam gətirməyə çətinlik çəkir. Dövlət bütün bunları nəzərə alaraq onun vergi güzəşti yolu ilə dəstəklənməsinə qərar verib.
Lakin baş verən sui-istifadə halları göstərir ki, onlar üçün nəzərdə tutulmadığı halda kiçik sahibkar olmayan bir çoxları da bu güzəştlərdən faydalanırlar. Təbii olaraq bu hal yolverilməzdir, bərabər və ədalətli vergitutma prinsiplərini pozan bir vəziyyətdir. Məhz bu səbəbdən dəyişikliklər paketində sadələşdirilmiş vergi fəaliyyətlərinə də yenidən nəzər salınıb və bu sahə üzrə fəaliyyət növlərinin siyahısı müəyyənləşdirilib.
Vergilər naziri bildirib ki, dövlət kiçik sahibkarlığın dəstəklənməsində maraqlıdır. Bu siyasət davam etdirilir. Dövlət başçısı tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb və bir sıra təşviqedici mexanizmlər formalaşdırılıb.
M.Cabbarov kənd təsərrüfatı sahəsinə verilən vergi güzəştinin müddətinin daha 5 il müddətinə uzadılmasının təklif edildiyini də bildirib. Bu zaman vergi güzəştləri ilə bağlı məsələlərə toxunan nazir qeyd edib ki, bir çox hallarda bu və ya digər sahəyə, yaxud fəaliyyət növünə verilən güzəşt sahibkarlar tərəfindən vergi uçotuna zərurət olmaması kimi başa düşülür. Bəzi sahibkarlar hesab edir ki, vergi güzəşti varsa, uçot aparılmamalı, qanunvericiliyin digər tələblərinə əməl edilməməlidir. Bu isə sonda mənfi halların yaranmasına gətirib çıxarır. Məsələn, kənd təsərrüfatı istehsalçısına dövlət tərəfindən güzəşt təqdim edilir. Lakin kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) ödəyici işçi ilə əmək müqaviləsi bağlamadığı və ya onun uçotunu aparmadığı halda pozuntu baş verir. Yaxud o, istehsal həcminin və satışının uçotunu aparmayanda müvafiq ticarət şəbəkəsinin vergidən yayınması üçün şərait yaratmış olur və bu, zəncirvari bir həlqəyə çevrilir. Bu səbəbdən həm inzibatçılıqda, həm qanunvericilikdə, həm də ictimai şüurda belə bir yanaşmanı formalaşdırmalıyıq ki, dövlət güzəşti üçüncü şəxslərin vergidən yayınması üçün təqdim etmir. Güzəşt konkret sahədə çalışan sahibkarların fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi məqsədi daşıyır.
Nazir, həmçinin bildirib ki, vergi qanunvericiliyinə dəyişikliklər paketi təsdiq edildikdən sonra Vergilər Nazirliyinin saytında və kütləvi informasiya vasitələrində ciddi kommunikasiya proqramı həyata keçiriləcək. Hazırda qanunvericilik layihəsi Milli Məclisdədir və aidiyyəti komitələrdə müzakirə olunur. Dəyişikliklər paketi hazırlanarkən onun ayrı-ayrı müddəalarının biznes subyektləri, sahibkarlıq assosiasiyaları və bu sahədə fəaliyyət göstərən ictimai təşkilatlarla birlikdə müzakirəsi aparılıb.
M.Cabbarov vergi orqanları tərəfindən qanunlar çərçıvəsində fəaliyyət göstərən ödəyicilərin daim dəstəklənəcəyini, səhvə yol verən vergi ödəyicilərinə nöqsanların aradan qaldırılması üçün kömək göstəriləcəyini diqqətə çatdırıb. Əlavə edib ki, nazirlik vergi öhdəliklərindən şüurlu şəkildə yayınan vergi ödəyicilərinə münasibətdə dövlətin və qanunun verdiyi bütün hüquq və səlahiyyətlərdən istifadə etməklə adekvat addımlar atacaq.