2024-cü ilin dövlət büdcəsində Azərbaycan Prezidentinin ehtiyat fondu üçün 300 milyon manat, dövlət büdcəsinin ehtiyat fondu üçün isə 110 milyon manat vəsait, cəmi 410 milyon manat vəsait nəzərdə tutulub.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsində ehtiyat fondlar üçün nəzərdə tutulmuş vəsaitdən müvafiq sərəncamlar əsasında 41,7 milyon manat (22,2 milyon manatı Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan, 19,5 milyon manatı isə dövlət büdcəsinin ehtiyat fondundan) ayrılıb. Həmin ayrılmış vəsaitin 14,5 milyon manatının maliyyələşməsi həyata keçirilib.
Azərbaycan Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait ölkə ərazisində dini qurumlara maliyyə yardımının, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi, Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri üçün istifadə olunub.
Dövlət büdcəsinin ehtiyat fondundan 2025-ci ilin 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək "Osaka, Kansai Ekspo 2025" Ümumdünya Sərgisində Azərbaycan Respublikasının təmsil olunması ilə bağlı milli pavilyonun qurulması üçün tikinti işlərinin başlanılmasına, 0,9 milyon manatı isə digər tədbirlərin icrasına yönəldirilib.