Azərbaycanda təqribən bir illik fasilədən sonra vergi planı yerinə yetirilib. FED.az xəbər verir ki, vergi yığımları ilə bağlı son vəziyyət barədə vergilər naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin geniş iclasında məlumat verib.
Eləcə də bax: Müşavirədə bu məsələlərdən danışıldı - TAM MƏTN
Nazir deyib ki, ölkə iqtisadiyyatında müşahidə olunan müsbət trendlər fonunda cari ilin 9 ayında 5 milyard 298 milyon manat həcmində proqnoza qarşı 5 milyard 306 milyon manat vergi toplanıb, proqnoza 100,2 faiz əməl olunub.
M.Cabbarov vurğulayıb ki, ödənilən vergilərin 65,8 faizi qeyri-neft sektorunun payına düşür.
Eyni zamanda, ali diqqətinizə çatdırmaq istərdim ki, neft-qaz sektorunda həyata keçirilən investisiya layihələrinin aktiv fazasının başa çatması qeyri-neft sektorundan vergi daxilolmalarına təsir etsə də, qeyri-neft sektorunun digər sahələrindən daxilolmaların artması, həmçinin neft sektorundan olan artım hesabına 2018-ci ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz və ya 81,4 milyon manat çox vəsait toplanıb.
Cari ilin 9 ayında qeyri-neft sektorunun özəl bölməsındən vergi yığımları 7 faiz artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 51 faizdən 59 faizə yüksəlib: «Regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi, o cümlədən yeni iş yerlərinin açılması vergitutma bazasının genişləndirilməsi ilə nəticələnib, hesabat dövründə regionlardan vergi daxilolmaları 508,0 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,0 faiz artıb»-deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, tədiyə növləri üzrə aparılan təhlil göstərir ki, qeyri-neft sektorundan daxil olan bütün vergi növləri üzrə artım qeydə alınıb.
Qeyd edək ki, sonuncu dəfə Vergilər Nazirliyi vergi planının yerinə yetirildiyini ötən ilin noyabr ayında açıqlamışdı. Ondan sonra bu barədə məlumat verilmədi, dekabr ayında isə vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edilərək yerinə Mikayıl Cabbarov təyin edilib.
Neçə aydan sonra vergi planı dolub – NAZİR AÇIQLADI
23:06
9 Okt 2018